Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin yanvarı

Tokio, 24 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
2 yanvar. Azərbaycan Prezidenti Heydər Əliyev “Ekonomiçeskaya jizn” qəzetinin müxbirinə müsahibə verdi.
9-10 yanvar. Türkiyədə qısamüddətli işgüzar səfərdə oldu.
19 yanvar. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrespublika mərasimində nitq söylədi.
20 yanvar. ABŞ-ın Qafqaz və Xəzər Regionu ölkələrində səfirlərini, Amerikanın müxtəlif nazirliklərinin yüksək vəzifəli şəxslərini qəbul etdi.
23 yanvar. MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti Zirvə Görüşündə iştirak etmək üçün Moskvaya yola düşdü.
26 yanvar. Elektrik enerjisi təchizatında yaranmış vəziyyətlə bağlı müşavirə keçirdi.
27-29 yanvar. Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində səfərdə oldu.
31 yanvar. Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Devid Oyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

XXX

Heydər Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti, milli maraqları qətiyyətlə müdafiə etməsi, ölkənin dünyaya inteqrasiyası istiqamətində atdığı effektiv addımlar xarici mətbuatın da diqqətindən yayınmırdı. Ulu Öndər KİV-ə müsahibələrində beynəlxalq arenada Azərbaycana münasibət, respublikamızın geosiyasi mövqeyi, təbii sərvətlərdən istifadə, investisiya qoyuluşu istiqamətində irəliləyişləri konkret faktlara istinadla diqqətə çatdırırdı. Bu baxımdan “Ekonomiçeskaya jizn” qəzetinə müsahibə diqqət çəkir.
Prezident müsahibəsində Azərbaycanın öz təbii sərvətlərini, xüsusən nefti iqtisadi inkişafı təmin etməyə yönəltdiyini vurğuladı, bu sahəyə xarici şirkətlərin cəlb olunmasının üstünlüklərindən bəhs etdi.
Sitat: “Azərbaycan müstəqil olduqdan sonra öz iqtisadiyyatının inkişafını təmin etməli idi və təbii ki, biz ilk növbədə öz sərvətlərimizdən istifadə etməyi qərara aldıq. Bizim neftçilərin – dənizdə “qara qızıl” hasilatı sahəsində ən təcrübəli olan neftçilərimizin nə vəsaiti, nə də Şimal dənizində cəmi 25 il neft çıxaran İngiltərə və Norveç kimi inkişaf etmiş ölkələrin bu gün malik olduğu texnologiyaları yox idi. Lakin biz Yaponiyadan tutmuş ABŞ-dək 15 ölkənin 33 şirkətinə Azərbaycanda işləməyə imkan verərək vəziyyəti düzəltdik. Onlar bizim sənayemizə öz kapitallarını qoyur, 500-700 metrə qədər dərinliklərdə işləmək üçün müasir texnikadan və platformalardan istifadə edirlər. Biz onların təcrübəsini fəal surətdə öyrənir və eyni zamanda, Xəzər dənizinin şelfinə yaxşı bələd olan neftçilərimizin təcrübəsini onlarla bölüşürük. Son dörd ildə respublikanın iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulmuşdur, özü də ancaq neft sektoruna yox”.
Ulu Öndər Türkiyə ilə əlaqələrin inkişafında qarşılıqlı səfərləri və danışıqları vacib hesab edirdi. 2000-ci il yanvarın 9-da Türkiyəyə növbəti səfəri çərçivəsində türkiyəli həmkarı Süleyman Dəmirəl, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hüseyn Kıvrıkoğlu, Baş nazir Bülənd Ecevit, Baş nazirin müavini Dövlət Baxçalı ilə görüşdü. Danışıqlar zamanı Türkiyə-Azərbaycan əməkdaşlığını daha da genişləndirmək imkanları müzakirə olundu.
Heydər Əliyev Ankarada Türkiyə Prezidenti Süleyman Dəmirəllə birgə mətbuata bəyanatında qardaş ölkəyə hər gəlişini böyük hadisə kimi səciyyələndirdi, Bakı–Ceyhan neft kəmərinin çəkilməsi istiqamətində iki qardaş ölkənin birgə səylərini xatırlatdı və əminliklə vurğuladı ki, bu layihə mütləq həyata keçiriləcək: “Bakı–Ceyhan boru xəttinin yaranması üçün biz beş il çalışdıq, beş il vuruşduq – birlikdə, Azərbaycan Türkiyə. Nəhayət, ortaya gətirdik, nail olduq və İstanbul Zirvə görüşü zamanı bu anlaşma çox böyük təntənə ilə imzalandı. Bu, dünyada böyük bir hadisə kimi qiymətləndirilibdir. Ancaq indi biz bir mərhələni keçdik. İkinci mərhələ praktiki işlər, yəni bu boru xəttinin inşasına başlanmasıdır… Bakı–Ceyhan boru xətti haqqında, neft kəməri haqqında hazırlıq gedən zaman bizlərə çox əngəl edənlər var idisə, indi də var. Bunlar indi tükənməyiblər. Bəziləri də belə şayiə yayırlar ki, “imzalandı, amma həyata keçirilmir. Bu, real deyil, filan deyil”. Amma mən bu gün də bəyan edirəm ki, imzalanan anlaşma həyata keçiriləcəkdir və bu əsrin böyük boru xəttini biz yaradacağıq. Buna heç şübhə yoxdur”.
Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin günü-gündən genişləndiyini, inkişaf etdiyini bildirən Ulu Öndər qeyd etdi ki, bir çox məsələləri daha da sürətlə irəliyə aparmaq üçün görüşmək, danışmaq lazımdır. Bu, Azərbaycan və Türkiyə üçün də, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı üçün də faydalıdır.
Prezident Heydər Əliyev dünya gücləri, o cümlədən Amerika Birləşmiş Ştatları ilə münasibətlərə də xüsusi önəm verirdi. Xronologiyaya diqqət yetirsək görərik ki, Ulu Öndər ABŞ-ın ölkəmizdəki səfiri ilə demək olar hər ay görüşür, Vaşinqtonun Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində daha fəal iştirak etməsini istəyirdi. 2000-ci ilin yanvarında
ABŞ-ın Qafqaz və Xəzər Regionu ölkələrindəki səfirləri, Amerikanın yüksək vəzifəli şəxsləri ilə görüş bu mənada xüsusi əhəmiyyət kəsb edirdi. Heydər Əliyev nümayəndə heyətinin diqqətini Azərbaycanın və region ölkələrinin özünəməxsus xüsusiyyətlərinə və problemlərinə yönəltdi. Ermənistanla əldə olunmuş atəşkəsin məqsəd deyil, vasitə olduğunu vurğuladı. Eyni zamanda, həmsədrlərindən birinin ABŞ olduğu Minsk qrupunun vasitəçilik missiyasının gözlənilən nəticəni vermədiyini təəssüflə dilə gətirdi.
Sitat: Azərbaycan bu qədər böyük itkilər verəndən sonra, böyük zərərlər çəkəndən sonra, buna baxmayaraq, 1994-cü ilin may ayında Ermənistanla atəşkəs sazişini imzalayıbdır və beş ildən çoxdur ki, bu atəşkəs rejimini qoruyub saxlayırıq, belə bir rejimdə yaşayırıq. Ancaq atəşkəs məqsəd deyil, vasitədir, tam sülh əldə etmək üçün vasitədir. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün vasitədir, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün vasitədir və yerindən-yurdundan didərgin düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşının öz evinə, yerinə qaytarılması üçün vasitədir…
Təəssüflər olsun ki, bu ötən illərdə aparılan danışıqlar, ATƏT-in Minsk qrupunun fəaliyyəti və xüsusən Minsk qrupunun başçıları Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın fəaliyyəti və başqa təşkilatlar vasitəsilə aparılan danışıqlar gözlənilən nəticəni verməyib.
2000-ci ilin yanvar ayı Heydər Əliyevin mühüm qlobal platformada – Davos İqtisadi Forumunda iştirakı ilə əlamətdar oldu. Ulu Öndər bu kimi beynəlxalq tədbirlərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, eləcə də ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirmək üçün maksimum istifadə edirdi. Davosa səfərin proqramı çox zəngin idi: buraya forum çərçivəsində keçirilən “Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun” mövzusundaki konfransda çıxışla yanaşı, dünya liderləri ilə çoxsaylı görüşlər və danışıqlar daxil edilmişdi. Təkcə onu xatırlatmaq kifayət edər ki, Ulu Öndər Davosda Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvab, ABŞ Prezidenti Bill Klinton, Türkiyənin Baş naziri Bülənd Ecevit, Ukrayna Prezidenti Leonid Kuçma, ABŞ-ın dövlət katibi Madlen Olbrayt, Norveçin Baş naziri Kiyel Maqne Bondevik, İordaniya Kralı Abdullah Bin Hüseyn Bin Talal ilə görüşdü. Həmçinin ABŞ-ın “Chevron”, Yaponiyanın “İtoçu”, Böyük Britaniyanın “British Petroleum” şirkətlərinin rəhbərləri və başqaları ilə görüşərək danışıqlar apardı.
20 Yanvar Azərbaycanın müasir tarixinin həm faciəvi, həm də şanlı səhifələrindən biridir. Xalqımıza qarşı SSRİ rəhbərliyi, kommunist rejimi tərəfindən törədilmiş bu qanlı cinayəti hər zaman qətiyyətlə pisləyən Heydər Əliyev hesab edirdi ki, 20 Yanvar eyni zamanda tariximizə qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazılıb. Ümummilli Liderin 20 Yanvar faciəsinin onuncu ildönümü ərəfəsində şəhidlərin xatirəsinə həsr olunmuş ümumrespublika mərasimindəki nitqi həmin hadisələrin müxtəlif baxış bucağından dəyərləndirilməsi baxımından səciyyəvidir.

X X X

Heydər Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş
ümumrespublika mərasimindəki nitqindən
• Yanvarın 20-də Şəhidlər xiyabanına yüz minlərlə insanın axını və onların hamısının gəlib öz münasibətlərini bildirməsi bir tərəfdən onu göstərir ki, xalqımız tarixinin bu faciəli, eyni zamanda, qəhrəmanlıq səhifəsini unutmayıbdır. İkinci tərəfdən də bu, bizim xalqımızın birliyini göstərir. Çünki çox böyük birlik, mütəşəkkillik nümayiş etdirildi.
• O gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi. Bu gün biz həmişə qəm, kədər içində oluruq. Amma, eyni zamanda, böyük qürur hissi keçiririk ki, xalqımız qəhrəman xalqdır, əyilməz xalqdır, sınmaz xalqdır.
• Azərbaycan xalqının tarixində, xüsusən XX əsrdə faciəli hadisələr az olmamışdır: 1918-ci ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən qırğınlar, soyqırımı. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra xalqa, millətə qarşı aparılan repressiyalar, terrorlar, 1937-1938-ci illərdə xalqımıza qarşı kütləvi repressiyalar, 1988-ci ildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması və vətənimizin oğullarının şəhid olması. Ancaq bütün bunların içərisində Azərbaycan xalqına vurulan ən böyük zərbə, edilən hərbi təcavüz, terror məhz 1990-cı ilin yanvar ayının 20-də olmuşdur. Mən sadaladığım, bəlkə də indi xatırlamadığım bütün keçmiş faciəli hadisələr ayrı-ayrı şəxslərə, ayrı-ayrı qruplara qarşı yönəldilmişdir. Yaxud da ki, məsələn, 1918-ci ildə ermənilər tərəfindən törədilən qırğın, erməni-azərbaycanlı münasibətləri ermənilərin azərbaycanlıların torpaqlarını ələ keçirmək, azərbaycanlıları əzmək məqsədi daşımışdır. Ancaq yanvar hadisələrini, Yanvar faciəsini bütün bu faciələrdən, bu dərdlərdən fərqləndirən odur ki, o gecə illər boyu hakimiyyəti altında olduğumuz SSRİ dövləti, Sovet hakimiyyəti və Azərbaycan kommunist hakimiyyəti tərəfindən Azərbaycan xalqına qarşı kütləvi təcavüz edilmişdir. Yəni dövlətin, hökumətin, hakimiyyətin öz xalqına qarşı yönəldilmiş təcavüzü, təbiidir ki, ən dəhşətlidir, ən faciəlidir və siyasi nöqteyi-nəzərdən bütün başqalarından fərqlidir.
• Tarixə nəzər salarkən onu demək olar ki, Sovet hakimiyyəti qurulandan SSRİ-də yanvar hadisələrinə qədər Sovet hakimiyyəti tərəfindən öz xalqına, öz vətəndaşlarına qarşı edilən belə hərbi təcavüz heç vaxt heç yerdə olmamışdır. Heç bir respublikaya qarşı olmamışdır. Heç bir millətə qarşı olmamışdır. Bu, bizə qarşı olmuşdur, Azərbaycan xalqına qarşı olmuşdur. Amma bu, təkcə SSRİ rəhbərliyinin yox, o vaxt birlik təşkil edən və öz xalqını əzməyə, sındırmağa çalışan Sovet dövlətinin, Azərbaycan hakimiyyətinin birlikdə öz xalqına qarşı etdiyi təcavüz, terrordur

Follow us on social

Facebook Twitter Youtube

Related Posts