Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin yanvarı

Tokio, 17 aprel , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

2 yanvar. Prezident Heydər Əliyev Yeni il münasibətilə paytaxtı gəzdi.

8 yanvar. ABŞ-ın tanınmış siyasi xadimi Henri Kissinceri qəbul etdi və onunla birgə brifinq keçirdi.
11 yanvar. İsrailin nümayəndə heyəti ilə görüşdü.
14 yanvar. BMT-nin Ümumdünya Ərzaq Proqramı üzrə nümayəndə heyətini qəbul etdi.
17-29 yanvar. Türkiyədə müayinə edildi. Gülhanə Hərbi Tibb Akademiyasında onu ziyarət edən Prezident Süleyman Dəmirəllə, Böyük Millət Məclisinin sədri Hikmət Çətinlə və qardaş ölkənin digər rəsmiləri ilə görüşdü. Azərbaycan və xarici KİV-ə müsahibə verdi.
19 yanvar. Beynəlxalq Bioqrafiya Mərkəzinin Direktorlar Şurası tərəfindən “Dünyanın XX əsrdə görkəmli xadimi” adına layiq görüldü.
29 yanvar. Çankaya köşkündə Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşdü.
Türkiyənin TRT televiziyasına müsahibə verdi.
30 yanvar. Türkiyədən vətənə qayıtdı.

XXX

Prezident Heydər Əliyev Azərbaycanın dünya dövlətləri əlaqələrinin qurulmasına və genişlənməsinə xüsusi diqqət yetirirdi. Eyni zamanda, bu əlaqələr vasitəsilə xalqımızın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırırdı. Onun dünyada əsas güc mərkəzlərindən biri olan ABŞ-a səfərləri, bu ölkənin nüfuzlu siyasətçiləri ilə görüşləri, onları Azərbaycana dəvət etməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. 1999-cu il yanvarın 8-də tanınmış amerikalı siyasi xadim Henri Kissincer Bakıya gəldi. Heydər Əliyevlə görüşdə amerikalı siyasətçinin söylədiyi bu fikir diqqət çəkir: “Mən xüsusilə məmnunam ki, bizim strateji, siyasi əhəmiyyət verdiyimiz bir ölkə Sizin kimi dünyaşöhrətli şəxsiyyət tərəfindən idarə olunur”.

Ulu Öndər görüşdə postsovet məkanında müstəqil Azərbaycanın bir çox başqa ölkələrdən fərqli olduğunu vurğuladı və bunun səbəblərini izah etdi.
Sitat: Keçmişdə Sovetlər İttifaqına daxil olmuş respublikalar içərisində müstəqil dövlət kimi yaşayan Azərbaycan bir çox başqa ölkələrdən fərqlidir. Mən iftixar hissi ilə deyə bilərəm ki, biz tam müstəqilik. Yəni bizim ərazimizdə xarici ölkələrin ordusu, hərbi bazası yoxdur və müstəqilliyi təmin etmək üçün biz bütün tədbirləri görmüşük. Nə qədər çətin olsa da, beynəlxalq təşkilatlarda, dünya miqyasında, o cümlədən mənsub olduğumuz Müstəqil Dövlətlər Birliyində biz öz müstəqil siyasətimizi ardıcıl olaraq aparırıq.
Ermənistan-Azərbaycan münaqişəsinin respublikanın ərazi bütövlüyünə, müstəqilliyinə mane olduğunu diqqətə çatdıran Heydər Əliyev dedi ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bununla məşğul olan Minsk qrupunun fəaliyyətindən narazılığını dilə gətirən Azərbaycan Prezidenti həmsədrlərin – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının hələ təsirli bir nəticə əldə edə bilməyini söylədi.
Ümumiyyətlə, Heydər Əliyev keçirdiyi bütün görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə diqqət çəkir, respublikanın üzləşdiyi çətinliklərin obyektiv səbəblərini açıqlayırdı. Məsələn, yanvarın 14-də BMT-nin Ərzaq Proqramının Şərqi Avropa və MDB ölkələri üzrə şöbəsinin müdiri Robert Hauzerin rəhbərliyilə ölkəmizə gəlmiş nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi arqumentlər bu baxımdan səciyyəvidir: “Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş bu torpaqlardan zorla çıxarılmış və vaxtilə Ermənistanın ərazisindən zorla çıxarılmış bir milyondan artıq qaçqın, köçkün Azərbaycanda ağır şəraitdə, əksəriyyəti çadırlarda çox ağır vəziyyətdə yaşayır…
Azərbaycan zəngin ölkə olmaq istəyir və bunun üçün əsas da vardır. Ancaq hələ zəngin deyilik və bunun üçün çox vaxt lazımdır. Biz məğrur millətik. Əgər biz zəngin olsaydıq, heç vaxt heç kəsdən yardım istəməzdik. Əksinə, başqalarına yardım edərdik. Əgər biz zəngin ölkələrdən və Birləşmiş Millətlər Təşkilatından, onun humanitar yardım idarələrindən Azərbaycanda ağır vəziyyətdə yaşayan qaçqınlara, köçkünlərə yardım istəyiriksə, demək, biz məcburiyyət qarşısındayıq. Ona görə də mən istərdim ki, buradakı təəssüratlarınız, gördükləriniz sizin Azərbaycanla əməkdaşlığınızın gələcəkdə əsasını təşkil etsin”.
Qeyd edək ki, bu gün müstəqil siyasət yürüdən və güclü iqtisadiyyata malik Azərbaycan dövləti xarici ölkələrdə irimiqyaslı humanitar layihələr həyata keçirir, çətinliyə düşənlərə kömək əlini uzadır. Bunu görəndə Ulu Öndərin 24 il əvvəl söylədiyi fikir yada düşür: “Əgər biz zəngin olsaydıq, heç vaxt heç kəsdən yardım istəməzdik. Əksinə, başqalarına yardım edərdik”.
Heydər Əliyev müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdığı gündən gecəni-gündüzə qatır, istirahət bilmədən işləyir, qaçqın və məcburi köçkünlərin ağır vəziyyətindən qəlbən təsirlənirdi. Bütün bunlar onun sağlamlığına mənfi təsir göstərirdi. 1999-cu ilin yanvarında səhhətində yaranmış problemlə bağlı Türkiyəyə müayinə və müalicə olunmağa getdi. Gülhanə Hərbi Tibb Akademiyasında müayinə edilərkən Türkiyə Prezidenti Süleyman Dəmirəl vaxtaşırı onu görməyə gəlir, səhhəti ilə maraqlanırdı. Bu görüşlərin hər birində Azərbaycan-Türkiyə əməkdaşlığının davamlı olaraq inkişaf etdirilməsi, beynəlxalq vəziyyət və regional problemlər haqqında fikir mübadiləsi aparılırdı.
Həmin günlərdə Ümummilli Liderin ziyarətinə digər yüksəkvəzifəli şəxslər də gəlirdi. Bu görüşlər və söhbətlər haqqında informasiyalara nəzər salarkən Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına necə böyük önəm verdiyi bir daha aydın görünür. Məsələn, yanvarın 18-də Gülhanə Hərbi Tibb Akademiyasında Türkiyənin Baş naziri Bülənd Ecevit ilə görüşdə söylədiyi fikirlərə nəzər salaq: “Biz Türkiyəni dünyanın böyük və çox nüfuzlu dövlətlərindən biri hesab edirik. Biz Türkiyənin əldə etdiyi nailiyyətləri gənc, müstəqil Azərbaycanın dövlət quruculuğunda örnək kimi qəbul etmişik. Mən Türkiyə ilə Azərbaycan Respublikası arasında imzalanmış dostluq və əməkdaşlıq haqqında bütün sənədləri yüksək qiymətləndirirəm. Əminəm ki, bizim nailiyyətlərimiz həm Azərbaycanın, həm də bütün regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir”.
Ulu Öndəri həmin günlərdə ziyarət edən Türkiyə rəsmiləri, tanınmış siyasi xadimləri ona olan böyük sevgi və rəğbətlərini, titanik fəaliyyətini dönə-dönə dilə gətirirdilər.
Böyük Millət Məclisinin sədri Hikmət Çətin: “Türk xalqı Azərbaycan dövlətinin rəhbərinə səmimi sevgi və məhəbbət duyğuları bəsləyir. Heydər Əliyevin “biz bir millət, iki dövlətik” müdrik kəlamı Türkiyədə dillər əzbəri olmuşdur”.
Türkiyənin sabiq Baş naziri Məsud Yılmaz: “Siz həm Azərbaycanın, həm də bütün Türk dünyasının ən görkəmli dövlət xadimisiniz. Ona görə də bütün türk xalqı Sizi qəlbən sevir və Sizə sonsuz rəğbət bəsləyir”.
Ulu Öndərin Gülhanədə müayinə və müalicə olunduğu dövr 20 Yanvar faciəsinin 9-cu ildönümünə təsadüf etmişdi. Bununla əlaqədar Rusiyanin NTV telekanalına verdiyi müsahibədə bu qanlı hadisəni törədənlərin adlarını bir daha çəkdi, cinayətkarların hələ də cəzasız qalmasını təəssüf hissi ilə vurğuladı və Rusiyaya haqlı sual ünvanladı: bu hadisə nə üçün pislənilmir?
Sitat: Əlbəttə, bu faciədə cinayətkar olan sovet rəhbərliyi, xüsusən də bunu törədən Qorbaçovun şəxsən özü öz cinayətləri barədə bir söz deyə bilməzdi. Amma məni təəccübləndirən budur ki, nə üçün indi, aradan bu qədər vaxt keçdikdən sonra heç kim bu cinayətdən danışmaq istəmir. Bu fürsətdən, sizin televiziyanızdan istifadə edərək, – ümidvaram ki, siz bunu verəcəksiniz, kəsməyəcəksiniz, – demək istəyirəm, ona təəccüblənirəm ki, nə üçün demokratik Rusiya sovet totalitar rejimində olmuş bir çox şeyləri pislədiyi halda, onun bu qara səhifəsini də açmaq istəmir. Əlbəttə, biz istərdik ki, təqsirkarlar cəzalandırılsın. Amma indi bəlkə də ən çox lazım olan bu deyildir. Daha çox lazım olan peşmanlıqdır, daha çox lazım olan etirafdır, daha çox lazım olan ədalətlilikdir. Axı biz sonradan etiraf etdik ki, Sovetlər İttifaqı 1956-cı ildə Macarıstana qoşun yeritməklə səhvə yol vermişdi. Axı 1968-cı ildə Çexoslovakiyaya qoşun yeridilməsinin də səhv olduğunu etiraf etdik. Yadımdadır, Moskva mətbuatı Xruşşovun dövründə Rostov vilayətində kütləvi iğtişaşların necə yatırıldığını, Siyasi Büro üzvlərinin oraya getdiyini yazmışdı. O hadisə də pislənilir. Elə isə bəs nə üçün bu hadisə pislənilmir? Nə üçün?

Follow us on social

Facebook Twitter Youtube

Related Posts