Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin martı

Tokio, 26 aprel , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 mart. Prezident Heydər Əliyev Azərbaycan Gənclərinin II Forumunda iştirak etdi.

4 mart. Görkəmli qazax yazıçısı Oljas Süleymenov ilə görüşdü.
6 mart. Bakı Beynəlxalq Hava Limanında aerovağzalın tikintisi ilə tanış oldu.
7 mart. Görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə və ictimai xadimlərə “İstiqlal” və “Şöhrət” ordenləri təqdim etdi.
12 mart. Azərbaycanda keçirilən Dağıstan mədəniyyət günləri çərçivəsində incəsənət ustalarının konsertinə baxdı.
16 mart. Dövlət idarəetmə sistemində islahatlar mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda nitq söylədi.
17 mart. Bir qrup hərbi qulluqçuya və onların ailə üzvlərinə orden və medallar təqdim etdi.
Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasında yekun nitqi söylədi.
18 mart. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa bürosunun direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
19 mart. Salyan və Biləsuvar rayonlarına səfər etdi.
20 mart. Həcc ziyarətinə gedən zəvvarların bir qrupu ilə görüşdü.
21 mart. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak etdi.
24 mart. Sumqayıtda EP-300 istehsalatında buxar-generator qurğusunun təməlqoyma mərasimində iştirak etdi.
26 mart. Türkdilli dövlətlərin təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə görüşdü.
27 mart. Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 80 illik yubiley tədbirində nitq söylədi.
28 mart. Bibiheybət ziyarətgahında Qurban bayramı mərasimində iştirak etdi.
30 mart. Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xalqa müraciət etdi.

X X X

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanda gənclərin dövlət və cəmiyyət həyatında fəal iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi qarşıya qoymuşdu. 1999-cu il martın 2-də Azərbaycan Gənclərinin II Forumunda çıxış edən dahi rəhbər gənclərin dövlət və hökumət işlərinə cəlb edilməsi, onlara öz imkanlarını reallaşdırmaq üçün şərait yaradılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi: “Gənclər dövlət idarəetmə işinə cəlb olunmalıdır. Bizim hökumət orqanları, Nazirlər Kabineti, nazirliklər, yerli hakimiyyət orqanları gəncləri irəli çəkməlidirlər, onları dövlət, hökumət işinə cəlb etməlidirlər, öz imkanlarını həyata keçirmək, reallaşdırmaq üçün gənclərə şərait yaratmalıdırlar”.

Bu siyasətin nəticəsi olaraq gənclər yüksək vəzifələrə irəli çəkilməyə başladılar. Beləliklə də idarəetmədə və digər sahələrdə yeni ab-hava yarandı, gənclərin cəmiyyətdə layiqli yer tutmasına geniş imkanlar açıldı.
Heydər Əliyevin Vətəni və xalqı üçün gördüyü işlər dünyanın tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin də diqqətindən yayınmırdı. 1999-cu il martın 4-də Ulu Öndərlə görüşən görkəmli qazax yazıçısı, Qazaxıstanın İtaliya və Yunanıstandakı səfiri Oljas Süleymenovun dediklərini xatırlamaq yerinə düşər: “Heydər Əliyeviç, mən Sizə həmişə böyük hörmətlə yanaşmışam, yanaşıram və yanaşacağam. Çünki bir şəxsiyyət kimi, dövlət xadimi kimi bütün keçmiş Sovet İttifaqı üçün, Azərbaycan üçün, Yer üzündəki bütün türk xalqları üçün qədir-qiymətinizi bilirəm. Zənnimcə, əgər onda, 1990-cı ildə Siz burada olsaydınız, həmin o Qara Yanvar olmazdı…
Siyasi nadanlıq milyonlarla insanın faciəsinə gətirib çıxarır. Buna görə də çox vacibdir ki, müstəqilliyin təşəkkül tapdığı məhz bu çətin dövrdə xalqlara Sizin kimi yüksək dərəcəli peşəkarlar, bərkdən-boşdan çıxmış insanlar rəhbərlik etsinlər. Çünki belə imkan xalqlara min ildə bəlkə də bir dəfə verilir və onu əldən buraxmaq olmaz, ondan elə istifadə etmək lazımdır ki, xalq bu dövrdən möhkəmlənmiş halda çıxsın və onun sonrakı nəsilləri irsən müstəqil, sözün əsl mənasında azad və məğrur insanlar olsunlar”.
Dahi rəhbər Azərbaycanın inkişaf strategiyasında təhsilə xüsusi önəm verirdi. O hesab edirdi ki, digər sahələrdən fərqli olaraq təhsil spesifik bir sahədir, bu baxımdan ona çox diqqətli və həssas münasibət olmalıdır. Heydər Əliyevin 1999-cu il martın 17-də təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasında söylədiyi nitqindəki fikirlər bu gün də aktuallığını itirməyib:
Sitat: Təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır.
Ulu Öndər qaçqın və məcburi köçkünlərlə tez-tez görüşür, yurd-yuvasını itirmiş insanların həyatını mümkün qədər yüngülləşdirmək üçün ölkənin bütün imkanlarını səfərbər edirdi. 1999-cu il martın 19-da isə Biləsuvar rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşdən sonra şadlıq sarayına gələrək toy şənliyində iştirak etdi. Ailə quran gəncləri təbrik edən Prezident onlara təkcə dövlət başçısı kimi deyil, həm də bir ata kimi öyüd-nəsihət verdi, yol göstərdi: “Əlbəttə, asanlıqla ailə quran, hamar yolla gedən hər bir ailə xoşbəxtdir. Ancaq onlar dünyanın problemlərinin çoxunu bilmirlər. Dünyanın, həyatın problemlərinin çoxunu bilən, həyatda bunlarla rastlaşan insanlar yaşadıqca həmişə daha da mətinləşir, qüdrətlənir, həyatı dərindən başa düşür. Mən arzu edirəm ki, siz həyatınızda qarşınıza çıxan problemlərin öhdəsindən gələ biləsiniz, onlar sizi qorxutmasın, çəkindirməsin. Çalışın hər bir çətin vəziyyətdən özünüz çıxasınız. Beləliklə, siz daha da möhkəmlənəcəksiniz, insan kimi daha da formalaşacaqsınız.
Təbiidir ki, gənclərimiz üçün mənim arzum mənəviyyatla əlaqədardır. Azərbaycan xalqının ən gözəl xüsusiyyəti onun yüksək mənəviyyata malik olmasıdır. Arzu edirəm ki, siz millətimizin, xalqımızın gözəl ənənələrini özünüzdə cəm edəsiniz, onlar sizə həmişə düz yol göstərsin, ailənizə, işinizə, vətəninizə, torpağınıza, dövlətinizə sadiq olasınız”.

X X X

Prezident Heydər Əliyevin Azərbaycan Gənclərinin II Forumundakı nitqindən

• Gənclərin qarşısında duran vəzifələr birinci növbədə cəmiyyətdə öz yerini tutmaqdan, maariflənməkdən, təhsilini artırmaqdan, cəmiyyət üçün faydalı olmaqdan ibarətdir.
• Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın qüdrətli ordusu vardır. Azərbaycan torpaqlarını həmişə müdafiə etməyə, lazım olarsa, torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadir olan ordumuz vardır. Azərbaycanda cəmiyyətdə, xüsusilə gənclər arasında orduya münasibət müsbət mənada tamamilə dəyişibdir. Gənclər indi orduya həvəslə gedirlər, orduda xidmət edirlər, öz vətəndaşlıq borclarını yerinə yetirirlər və Azərbaycan ordusunu gücləndirirlər, inkişaf etdirirlər.
• Azərbaycan gənclərinin bir qismi Vətən yolunda canlarını qurban vermiş şəhidlərin övladlarıdır. Azərbaycan gənclərinin bir qismi Vətən müharibəsində vuruşaraq şikəst, əlil olmuş, yaralanmış, xəsarət almış insanlardır. Onlara xüsusi qayğı, diqqət olmalıdır.
• Azərbaycan gənclərinin bir hissəsi işğal olunmuş torpaqlarımızdan zorla köçürülmüş ailələrin övladlarıdır, həmin torpaqların gəncləridir. Biz yerindən-yurdundan didərgin düşmüş bütün soydaşlarımıza daim qayğı və diqqət göstərməliyik və göstəririk. Ancaq köçkün, qaçqın ailələrinin uşaqlarına, gənclərinə diqqət və qayğı xüsusi olmalıdır.
• Biz yaşlı, orta nəslin Azərbaycanın bugünkü həyatında xidmətlərini yüksək qiymətləndirməliyik. Onların təcrübəsindən, biliyindən, bacarığından bundan sonra da fəal istifadə edəcəyik. Ancaq bunlar gənclərin irəli çəkilməsinə, dövlət işlərinə cəlb edilməsinə mane olmamalıdır.
• Azərbaycanın suverenliyi, bütövlüyü və bölünməzliyi, ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu Azərbaycan xalqı, azərbaycançılıq, ölkəmizin dövlət dili olan Azərbaycan dili, xalqımızın tarix boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli əxlaqi mentaliteti, ümumbəşəri dəyərlər və bütün bu dəyərlərin sintezi, respublikamızın ilk demokratik konstitusiyası, bu konstitusiyada hər bir vətəndaş üçün vəzifələr, vətəndaşlarımızın hüquqları, təminatları, Azərbaycanın milli bayrağı, gerbi, himni – bütün bunlar, mənim fikrimcə, müstəqil Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən prinsiplərdir. Gənclərimizi təhsil, tərbiyə sahəsində, ailə həyatında bu prinsiplər əsasında formalaşdırmaq, inkişaf etdirmək və fəaliyyətə cəlb etmək lazımdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts