Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin fevralı

Tokio, 19 aprel , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 fevral. Prezident Heydər Əliyev Təhlükəsizlik Şurasının geniş iclasını keçirdi.

2 fevral. Respublika ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
5 fevral. Xalq yazıçısı Rüstəm İbrahimbəyovun 60 illik yubileyinə həsr olunmuş mərasimdə nitq söylədi.
6 fevral. TÜSİAV (Türkiyə Sənayeçi və İş Adamları Vakfı) Fondu tərəfindən “İlin dövlət adamı” mükafatına layiq görüldü.
15 fevral. Bakı və Xəzəryanı ölkələrin yepiskopunu qəbul etdi.
16 fevral. İsrailin nümayəndə heyəti ilə görüşdü.
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasını keçirdi.
17 fevral. Türkiyənin “Mərmərə qrupu”nun nümayəndə heyətini qəbul etdi.
22 fevral. ABŞ Prezidentinin Xəzəryanı bölgə üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstarla görüşdü.
24 fevral. Təhlükəsizlik Şurasının geniş iclasına sədrlik etdi.
26 fevral. Xocalının müdafiəsində iştirak etmiş, şəhid olmuş Milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları və “Azərbaycan bayrağı” ordenlərini təqdim etdi.

X X X

Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və qətiyyəti sayəsində qısa bir zamanda respublikada ictimai-siyasi sabitlik təmin edildi, müstəqilliyimiz dönməz xarakter aldı. Bunun nəticəsi idi ki, Prezident Heydər Əliyev 1999-cu il yanvarın 17-dən 29-dək Türkiyədə müalicə olunduğu müddətdə Azərbaycanda hakimiyyət orqanlarının hamısı normal fəaliyyət göstərdi. Fevralın 1-də Təhlükəsizlik Şurasının geniş iclasındakı çıxışında buna diqqət çəkən dövlət başçısı dedi: “Dövlət, hökumət normal işləyib. Ölkəmizdə ictimai-siyasi sabitlik olduğu səviyyədə saxlanılıb. Sosial-iqtisadi vəziyyətdə də heç bir mənfi dəyişiklik olmamışdır. Əksinə, bizim dövlət büdcəsi ilə, ümumiyyətlə, qəbul etdiyimiz qərarlarla, fərmanlarla nəzərdə tutulmuş tədbirlər yanvar ayında həyata keçirilib və ilkin məlumatlara görə, bəzi müsbət nəticələr də vardır. Bu müddətdə Azərbaycanda əhalinin, vətəndaşların ölkədə sabitliyin qorunub saxlanılması naminə həmrəy olduğu bir daha nümayiş etdirildi. Mən bundan çox məmnunam və güman edirəm ki, bunlar hamısı bizim indiyə qədər gördüyümüz işlərin nəticəsidir və bunlar hamısı onu göstərir ki, Azərbaycanda müstəqillik dərin köklər salıbdır, Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik artıq dönməz olubdur və sosial-iqtisadi inkişaf davam edir”.

Yaradıcı insanlara dayaq olmaq, onları qorumaq, himayə etmək Ümummilli Liderin fəaliyyətində xüsusi yer tuturdu. Yaranan müasir ruhlu əsərlər Ulu Öndərin diqqətindən yayınmır, onlar yetərincə qiymətləndirilirdi. Bu baxımdan Xalq yazıçısı, məşhur kino xadimi Rüstəm İbrahimbəyovun 60 illik yubiley mərasimi diqqət çəkir. Tədbirdə çıxış edən Heydər Əliyev yazıçının müəllifi olduğu və ssenari yazdığı “Bir cənub şəhərində” filmini Azərbaycan mədəniyyəti, xüsusən kino sənəti üçün böyük bir hadisə kimi dəyərləndirdi. Bu əsərin, eləcə də ədibin ssenarisi əsasında çəkilmiş “Ad günü” və “İstintaq” əsərlərinin bilavasitə Azərbaycanın həyatı ilə bağlı olduğunu qeyd etdi.
Sitat: Məsələn, bəlkə də “Ad günü” filmi zahirən adi bir mövzuya aid olan bir əsərdir, – nə siyasi xarakter daşıyır, necə deyərlər, nə də bir böyük mövzu iddiasındadır. Amma mənəviyyatımızı, müasir həyatımızı, həyatımızın qüsurlarını nə qədər gözəl əks etdiribdir. Xatirimdədir, mən bu filmə təsadüfən baxarkən heç bilmirdim ki, bu film nədir və kimindir. Ancaq mənə o qədər böyük təsir bağışladı ki, mən sonra bu filmin təbliğatçısına çevrildim.
Ulu Öndərin real həyatı əks etdirən yazıçıları sovet rejiminin təzyiqlərindən necə qoruduğu barədə xatirələri də maraq doğurur: “Xatirimdədir, o vaxtlar Azərbaycanda bəzi yazıçılar, şairlər, bəzi tənqidçilər çalışırdılar ki, Rüstəm İbrahimbəyovu və Maqsud İbrahimbəyovu sovet ideologiyasının əleyhinə çıxan adamlar kimi ifşa etsinlər və belə cəhdlər də göstərilmişdi. Ancaq həqiqət bundan ibarətdir ki, mən o vaxtlar bunların qarşısını həmişə almışdım. Məni düzgün başa düşün, mənim dəstəyim, köməyim olmasaydı, necə ki, o vaxt bəzi belə gözəl yazıçıları, yaradıcıları sıxışdırırdılar, məhv edirdilər, onda bunlara da bəlkə belə bir ziyan dəyə bilərdi”.
Azərbaycan bütün dövrlərdə tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənib. Heydər Əliyevin hakimiyyəti illərində bu dəyərlər daha da inkişaf edərək zənginləşir, bütün konfessiyalara, o cümlədən xristian icmasına bərabər səviyyədə münasibət göstərilirdi. 1999-cu il fevralın 15-də Ulu Öndərlə görüşən Rus Pravoslav Kilsəsi Bakı-Xəzəryanı yeparxiyasının başçısı Yepiskop Aleksandr bunu xüsusilə qeyd etdi: “Mən Azərbaycan xristianlarına qayğıkeş münasibətinizə görə də Sizə təşəkkür etmək istəyirəm. Çünki Siz hər il Pasxa bayramında da, İsanın mövludu bayramında da Azərbaycanın pravoslav xristianlarına çox səmimi, çox müdrik, çox faydalı təbriklərlə müraciət edirsiniz və bu, Azərbaycanda yaşayan pravoslav xristianların qəlbində hərarətli əks-səda doğurur. Bu, qarşılıqlı anlaşmanın və Sizin siyasətinizə rəğbətin Azərbaycan xristianlarının qəlbində özünə yer tapmasına da çox kömək edir”.
Xalqın özünü dərk etməsində, milli köklərə daha möhkəm bağlanmasında folklorun müstəsna əhəmiyyətini nəzərə alan Heydər Əliyev “Kitabi-Dədə Qorqud”a xüsusi önəm verir və deyirdi ki, bu dastan tarixi köklərimizi dünyaya göstərir. Onun 1997-ci il 20 aprel tarixli Fərmanına əsasən, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Dövlət Komissiyası yaradılmışdı. Komissiyanın 1999-cu il fevralın 16-da keçirilmiş iclasında nitq söyləyən Ulu Öndər yubileylə bağlı qarşıda duran məsələlərdən danışmaqla yanaşı, tövsiyələrini də səsləndirdi. O, “Kitabi-Dədə Qorqud”u böyük bir elm, mədəniyyət, ədəbiyyat abidəsi adlandıraraq vurğuladı ki, dastanın öyrənilməsi fasiləsiz surətdə davam etməlidir.
• “Kitabi-Dədə Qorqud” dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün əhəmiyyətlidir.
• “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqına, bütün türk dünyasına məxsusdur. Ancaq onun vətəni Azərbaycandır.
• Biz nə qədər çox işləsək, “Kitabi-Dədə Qorqud”u, tariximizi bugünkü və gələcək nəsillərə daha da dolğun, düzgün çatdıra biləcəyik. Biz bunu mütləq etməliyik.
• Biz öz tariximizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və fəxr etməyə haqqımız vardır. Çünki “Kitabi-Dədə Qorqud” dastanı kimi böyük bir elm, mədəniyyət, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər

Follow us on social

Facebook Twitter Youtube

Related Posts