Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin oktyabrı

Tokio, 10 aprel , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

6 oktyabr. Heydər Əliyev Azərbaycanda prezident seçkilərində yerli icra hakimiyyəti orqanlarının rolu, iştirakı və məsuliyyəti ilə əlaqədar keçirilmiş müşavirədə çıxış etdi.
7 oktyabr. Azərbaycan-Gürcüstan sərhədində yeni körpünün açılışında nitq söylədi.
9 oktyabr. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) yeni binasının açılışında iştirak etdi.
Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı yerli və xarici KİV nümayəndələrinin suallarını cavablandırdı.
10 oktyabr. Bakıda Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsinin açılışında iştirak etdi.
11 oktyabr. Prezident seçkilərində Səbail rayonundakı 17 saylı seçki məntəqəsində səs verdi.
13 oktyabr. Azərbaycanda prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirdi.
15 oktyabr. Məşhur Rusiya rəssamı Nikas Safronovla görüşdü.
18 oktyabr. Yenidən prezident seçilməsi ilə əlaqədar andiçmə mərasimində nitq söylədi.
Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış etdi.
23 oktyabr. Qazaxıstanın Baş naziri Nurlan Balqimbayevlə görüşdü.
28 oktyabr. Türkiyə Cümhuriyyətinin 75 illik yubiley mərasimlərində iştirak etmək üçün Ankaraya yola düşdü.
29 oktyabr. Baki-Tbilisi-Ceyhan marşrutunun müəyyənləşdirilməsini nəzərdə tutan Ankara bəyannaməsinin imzanlanması mərasimində çıxış etdi.
31 oktyabr. Türkiyənin Baş naziri Məsud Yılmazla görüşdü.

X X X

Ulu Öndər 1998-ci il oktyabrın 11-nə təyin olunmuş növbəti prezident seçkiləri kampaniyasının gedişində seçicilərlə çoxsaylı görüşlər keçirirdi. Oktyabrın 6-da təşkil olunan müşavirədə bəyan etdi ki, prezident seçkilərinin demokratik, şəffaf, sərbəst, ədalətli keçirilməsi üçün bütün tədbirlər görüləcək. Heydər Əliyev deyirdi ki, bunu hamıdan çox o özü istəyir: Biz dünyaya bəyan etmişik ki, Azərbaycan demokratik dövlət, cəmiyyət kimi dünya demokratiyasına qoşulur. Biz dəfələrlə sübut etmişik ki, Azərbaycanda demokratiya inkişaf etdirilir, Azərbaycan demokratiya yolu ilə gedir.
Təbii ki, bu baxımdan seçkilər, xüsusən prezident seçkiləri mühüm əhəmiyyət kəsb edirdi. Müşavirədəki çıxışı dövlət başçısının bu məsələyə necə böyük önəm verdiyini bariz şəkildə göstərdi.
Sitat: Azərbaycanın Prezidenti və oktyabrın 11-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd kimi mən bu gün bəyan edirəm ki, Azərbaycanın bugünkü iqtidarı, hakimiyyət orqanları, icra orqanları respublikamızda prezident seçkilərinin demokratik, açıq-aşkar, sərbəst, ədalətli keçirilməsini hamıdan çox istəyir. Şəxsən mənə gəldikdə isə, deyə bilərəm ki, Azərbaycanda hamıdan çox bunu mən istəyirəm. Çünki beş ildir ki, hamımız – Azərbaycanın sağlam qüvvələri, ölkəmizin əhalisinin bizi dəstəkləyən əksəriyyəti ilə birlikdə respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət qururuq və dövlət quruculuğu prosesi aparırıq. Həm siyasi, həm ictimai, həm sosial, həm də iqtisadi sahədə bununla əlaqədar lazımi tədbirlər görülür, islahatlar aparılır və müəyyən müsbət nəticələr əldə olunubdur. Biz dünyaya bəyan etmişik ki, Azərbaycan demokratik dövlət, ölkə, cəmiyyət kimi dünya demokratiyasına qoşulur.
1998-ci ilin prezident seçkiləri demokratiya yolunda irəliyə doğru daha bir mühüm addım oldu. Ulu Öndər seçicilərin 76 faizindən çoxunun səsini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bir həftə sonra keçirilən andiçmə mərasimində bu etimadı fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirən Heydər Əliyev, həmçinin gələcək fəaliyyətinin əsas istiqamətlərini açıqladı: “Mən xalq tərəfindən yenidən seçilmiş prezident kimi bəyan edirəm ki, biz Azərbaycanda mövcud vəziyyəti tam obyektiv, düzgün, ədalətli qiymətləndiririk. Əldə olunan nailiyyətləri də görürük, ancaq eyni zamanda çatışmazlıqları, nöqsanları, qüsurları və buraxılan səhvləri də görürük. Buna görə mən Azərbaycan prezidenti kimi qarşıdakı fəaliyyətimdə müsbət meyillərin inkişaf etdirilməsinə nail olmağa və mövcud nöqsanların aradan qaldırılmasına çalışacağam”.
Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təşkil olunmuş rəsmi qəbulda Ulu Öndər ömrünün mənasının xalqa sədaqətlə xidmət etmək olduğunu söylədi, Vətən sevgisini bir daha dilə gətirdi.
Sitat: Mən xoşbəxtəm ki, həyatım boyu vətənimə, ölkəmə, xalqıma xidmət etmişəm. Mən bunu həmişə həyatımın, ömrümün mənası hesab etmişəm. Bu gün də sona qədər mənim ömrümün mənası xalqa sədaqətlə xidmət etməkdən ibarət olacaqdır. Ancaq xalqa xidmət edən hər bir kəs öz xidmətinin qiymətləndirilməsi arzusunda olur. Mən də həmişə bu arzuda olmuşam. Mən bəxtəvərəm ki, xalqa etdiyim xidmətlər qiymətləndirilib. Mən, adi bir Azərbaycan oğlu xalqımın on illərlə böyük etimadına layiq ola bilmişəm…
Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. Azərbaycan haqqında hər bir vətəndaş öz ürək sözlərini deyə bilər. Mənim ürəyim daim öz doğma vətənim Azərbaycanla bağlı, Azərbaycan haqqında hissiyyatlarla dolu olubdur.
Ümummilli Lider Heydər Əliyev qonşu Gürcüstanla əlaqələrin inkişafına və orada yaşayan soydaşlarımıza xüsusi diqqət göstərirdi. Azərbaycan-Gürcüstan sərhədində, Qırmızı körpü yaxınlığında yeni körpünün açılış mərasimində iştirak edən Ulu Öndər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi.
Sitat: Bugünkü görüş gürcü və Azərbaycan xalqlarının dostluğunun, qardaşlığının, müstəqil Gürcüstanın və müstəqil Azərbaycanın dostluq və qardaşlıq əlaqələrinin gözəl bir təzahürüdür. Mən bu gün cəsarətlə deyə bilərəm ki, gürcü və Azərbaycan xalqlarının qədim dostluğu, qardaşlığı və bugünkü dostluq əlaqələri, müstəqil Gürcüstan ilə müstəqil Azərbaycan arasında son vaxtlarda yaranmış dövlətlərarası əlaqələr, dostluq və qardaşlıq əlaqələri bütün dünya xalqları, dövlətləri üçün ən gözəl nümunədir. Gürcü-Azərbaycan dostluğu böyük sınaqlardan, imtahanlardan keçibdir. Mən dünyanın bir çox yerlərində bunu dəfələrlə bəyan etmişəm. Bu gün bir daha bəyan edirəm ki, qonşu yaşayan iki xalq – gürcü və Azərbaycan xalqları qədim zamanlardan həmişə dost, qardaş olmuşlar. Bütün tarixə nəzər salarkən qətiyyətlə deyə bilərik ki, bizim xalqlarımız arasında heç vaxt nifaq, ziddiyyət, düşmənçilik, qarşıdurma olmamışdır. Biz həyatın bütün mərhələlərində dost, qardaş olmuşuq. Bu gün də müstəqil dövlətlər kimi, azad xalqlar kimi yenə də bu dostluğu, qardaşlığı davam etdiririk.
Son 25 ildə Azərbaycan-Gürcüstan münasibətləri daha da inkişaf edərək bugünkü yüksək səviyyəyə çatıb. Aradan uzun illər keçməsinə baxmayaraq, Heydər Əliyevin xidmətləri zaman-zaman minnətdarlıqla xatırlanır. 2023-cü il aprelin 7-də Azərbaycana səfər edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatında Prezident İlham Əliyevə müraciətlə söylədiyi fikirlər buna ən yeni nümunə ola bilər: “Bu il ölkənizdə Siz dahi atanız Heydər Əliyevin 100 illiyini qeyd edirsiniz. Siz bizim dostumuzsunuz və Heydər Əliyev də Gürcüstanın böyük dostu olub”.
Xronologiyadan göründüyü kimi, 1998-ci ilin oktyabr ayında yaşanan ən mühüm hadisələrdən biri də Ulu Öndərin qardaş Türkiyəyə səfəri və Bakı-Tbilisi-‎Ceyhan (BTC) boru kəməri marşrutunun müəyyənləşdirilməsini nəzərdə tutan Ankara ‎bəyannaməsinin imzalanması oldu. Heydər ‎Əliyevin təşəbbüsü ilə hazırlanan bəyannaməni Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və ‎Özbəkistanın dövlət başçıları, həmçinin ABŞ-nin ‎energetika naziri imzaladı. ‎Ankara bəyannaməsi Xəzər hövzəsindəki neft və qaz ehtiyatlarının ‎Transxəzər və Transqafqaz neft və qaz kəmərləri sistemlərini əhatə edən, Şərq-‎Qərb enerji dəhlizi ilə daşınmasını nəzərdə tutan layihələr sisteminin əsas vəsiləsi ‎olan Bakı-Tbilisi-Ceyhan neft kəməri marşrutunun seçildiyini bütün dünyaya bəyan ‎etdi.
İmzalanma mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər ‎Əliyev BTC-nin Şərqlə Qərbi birləşdirən ən iri enerji dəhlizinə çevriləcəyinə ‎inamını ifadə etdi.
Sitat: Mən Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin böyük gələcəyinə, uğuruna inanıram. Mən inanıram ki, bu neft borusunun tikilməsi və ondan gələcəkdə istifadə edilməsi bizim ölkələrimiz arasında olan dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrini daha da yüksəklərə qaldıracaqdır. Eyni zamanda, bunlar hamısı ölkələrimizin dövlət müstəqilliyinin nə qədər vacib olduğunu sübut edir. Biz yalnız dövlət müstəqilliyi əldə edəndən sonra öz təbii sərvətlərimizin sahibi olmuşuq, bunlardan sərbəst surətdə istifadə edirik və hasil edilmiş nefti istədiyimiz vaxt dünya bazarlarına çıxarırıq.
Əfsuslar olsun ki, Ulu Öndərə BTC-nin reallaşmasını görmək nəsib olmadı. Lakin həyat onun neft strategiyasının nə qədər ölçülüb-biçilmiş olduğunu dönə-dönə təsdiqlədi. Bu ilin əvvəlinə olan məlumata görə, kəmərin istismara verildiyi 2006-cı ildən bəri Ceyhan limanına təqribən 4 milyard barel Azərbaycan nefti nəql edilib və burada tankerlərə yüklənərək dünya bazarlarına göndərilib. BTC Azərbaycana həm iqtisadi, həm də siyasi dividendlər gətirməkdədir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts