Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin yanvarı

Tokio, 14 dekabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 yanvar. Milad bayramı münasibətilə Azərbaycanda rus pravoslav kilsəsində təşkil olunan mərasimdə iştirak etdi.
6 yanvar. Dağıstanda yaşayan azərbaycanlıların nümayəndələrini qəbul etdi.
7 yanvar. Milad bayramı münasibətilə Bakıdakı kamera musiqisi salonunda keçirilən mərasimdə nitq söylədi.
8 yanvar. Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirdi.
9 yanvar. Dövlət Gömrük Komitəsi sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirdi.
12 yanvar. Azərbaycan Ordusunun təchizatının yaxşılaşdırılmasına dair müşavirə keçirdi.
14 yanvar. Müdafiə məsələləri ilə bağlı müşavirə keçirdi.
16 yanvar. Rusiya televiziyasının “Moment istinı” verilişinin aparıcısı Andrey Karaulova müsahibə verdi.
17 yanvar. Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşdə çıxış etdi.
18 yanvar. Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində açılmış “Qanlı Yanvar” sərgisinə baxdı.
19 yanvar. Respublika Sarayında 20 Yanvar faciəsinin 5-ci ildönümünə həsr olunmuş xatirə gecəsində iştirak etdi.
24 yanvar. “Əsrin müqaviləsi”ni həyata keçirən rəhbər komitənin ilk iclasının açılışında çıxış etdi.
27-31 yanvar. İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak etdi.

X X X

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və həyata keçirdiyi müdrik siyasət Azərbaycanda tolerantlıq ənənələrinin qorunub saxlanılması və daha da inkişafı üçün əlverişli şərait yaratdı. Ulu öndər Heydər Əliyev Milad bayramı münasibətilə Bakıdakı kamera musiqisi salonunda keçirilən mərasimdə çıxışında Azərbaycan əhalisinin çoxmilli tərkibinin xalqımızın sərvəti olduğunu vurğulayaraq dedi: “Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Xristian dininə sitayiş edən vətəndaşlara da bizdə həmişə ehtiram göstərilmiş və onlar digər vətəndaşlarla bərabər hüquqlardan istifadə etmişlər. Azərbaycanda xristian pravoslav icmasının iki yüz illik tarixi var. Müxtəlif dinlərə mənsub olan xalqlarımız iki əsr ərzində vahid dostluq ailəsinə qovuşmuşlar, onların kədəri də, sevinci də bir olmuşdur. Azərbaycanda beynəlmiləlçilik hissi, bir-birinə qarşı dözümlü olmaq, Azərbaycan xalqının başqa xalqlara, xristianlara hörməti həmişə nümunəvi xarakter daşımışdır”.
Ulu öndər Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Yanvarın 9-da Dövlət Gömrük Komitəsinin 1994-cü ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə qurumun işini və yol verilmiş nöqsanları hərtərəfli təhlil edən Heydər Əliyev qarşıya konkret vəzifələr qoydu: Elə bir gömrük orqanı yaratmalıyıq ki, iqtisadiyyatımızın inkişafına xidmət etsin, xarici əlaqələrdə müstəqil Azərbaycanın nüfuzunu təmin etsin, bizə ləkə gətirməsin.
Yanvarın 17-də Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşən Ulu Öndər Qarabağ müharibəsi nəticəsində yaralanan şəxslərin, əlil olanların müalicəsini və maddi təminatını prioritet vəzifələrdən biri elan etdi. Dövlətin ayırdığı vəsait hesabına həm onların maddi cəhətdən təminatını təşkil etmək, həm də bərpa və müalicə mərkəzləri yaratmaq barədə tapşırıqlar verdi.
Yanvar hadisələrinin beşinci ildönümü ərəfəsində Azərbaycan Dövlət İncəsənət Muzeyində “Qanlı Yanvar” sərgisinin açılışında çıxışı zamanı bu hadisələrin mahiyyəti ilə bağlı fikirlərini diqqətə çatdıran ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixində qəhrəmanlıq nümunələrinin çox olduğunu, xalqımızın əsrlər boyu belə mərhələlərdən keçərək bu günə gəlib çatdığını bildirdi. Qeyd etdi ki, 1990-cı ilin yanvarında, əsrimizin sonuna yaxın baş vermiş hadisələr əvvəlkilərin heç biri ilə müqayisə oluna bilməz. Çünki bu dövr Azərbaycan xalqının artıq milli oyanış, öz mənliyini sübut etmək, milli azadlıq hisslərini aşkara çıxarmaq, büruzə vermək mərhələsi idi.
Sitat: “Biz 20 Yanvar hadisələrinə faciə kimi baxırıq. Doğrudur, faciədir. Ancaq bu faciənin səbəbi nədir? Səbəbi bir tərəfdən odur ki, Azərbaycan xalqı öz milli azadlığı uğrunda mübarizəyə qalxmışdır. Bu, çox böyük, tarixi bir hadisədir. Azərbaycan xalqında milli ruh yüksəlmiş, milli oyanış, dirçəliş hissləri baş qaldırmışdır. Ayrı-ayrı mütəfəkkir adamlarımızın qəlbində illərlə yaşayan bu hisslər artıq üzə çıxmış, özünü büruzə vermiş, aşkar olmuş, ayrı-ayrı qrupların deyil, bütün xalqın iradəsinə çevrilmişdir. Xalqın iradəsi ilə 1988-ci, 1989-cu, 1990-cı illərdə bu hərəkat qalxmışdır. Azərbaycanın ərazi bütövlüyünə, xalqımıza, dövlətimizə qarşı Ermənistan tərəfindən edilən təcavüz və bir dövlətin tərkibində olan bir respublikanın, bir xalqın başqa xalqa etdiyi bu təcavüzdə ümumi dövlətin Azərbaycan xalqının hüquqlarını qorumaması həmin hərəkata təkan vermişdir”.
Ümummilli lider Heydər Əliyev Respublika Sarayında 20 Yanvar faciəsinin 5-ci ildönümünə həsr olunmuş xatirə gecəsindəki çıxışında vurğuladı ki, hər bir şəhidin tökülən qanı Azərbaycanın müstəqilliyini təmin etdi: “Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərik nümunələri göstərəcəklər”.
Bu fikirlərin səsləndirildiyi vaxtdan 27 il ötsə də, göründüyü kimi, onlar indi də, bütün dövrlər üçün də aktualdır.
Ulu Öndər tərəfindən formalaşdırılan enerji siyasəti Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. “Əsrin müqaviləsi”ni həyata keçirən rəhbər komitənin ilk iclasının açılışında çıxış edən Heydər Əliyev bu müqavilənin bağlanması üçün aparılan danışıqların, görülən hazırlıq işlərinin və onun imzalanması ərəfəsindəki proseslərinin hamar, asan olmadığını, bu tarixi hadisənin böyük zəhmətin, əməyin, eyni zamanda, inadla həyata keçirilən işin nəticəsi olduğunu vurğuladı.
Sitat: “Xalqımız üç il bundan əvvəl öz müstəqilliyini, milli azadlığını əldə edib. Azərbaycan xalqı, Azərbaycan dövləti öz sərvətlərinin sahibi olub. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin neft yataqlarından müstəqil, özü istədiyi kimi istifadə etməsi üçün imkanlar yaradıb. Məlumdur ki, Azərbaycan neftçilərinin neftçıxarma sahəsində həm elmi, həm texniki, həm də əməli iş aparılmasında böyük təcrübəsi, potensialı vardır. Azərbaycan alimlərinin, mühəndislərinin, geoloqlarının, neftçilərinin, neft ustalarının gərgin əməyi və böyük fəaliyyəti nəticəsində 45 ildən artıqdır ki, Xəzər dənizində neft hasil olunur. Bunlar hamısı müstəqil Azərbaycan dövlətinin öz sərvətlərindən, o cümlədən onun zəngin sərvəti olan neft yataqlarından istifadə etməsi üçün çox gözəl əsas yaratmışdır. Ancaq eyni zamanda, indiki mərhələdə biz bu neft yataqlarından səmərəli istifadə etmək üçün dünyanın böyük təcrübəyə, böyük potensiala malik olan neft şirkətləri ilə əməkdaşlıq etməyi də lüzumlu və zəruri hesab edirik. Məhz bunların nəticəsində Xəzər dənizinin Azərbaycan bölməsindəki neft yataqlarından xarici ölkələrin böyük neft şirkətləri ilə müştərək istifadə olunması barədə üç ildən çox müddətdə danışıqlar aparılıb. Böyük məmnuniyyət hissi ilə qeyd etməliyəm ki, bu danışıqlar nə qədər çətin də olsa, müvəffəqiyyətlə başa çatıb və neft yataqlarından birlikdə istifadə olunması üçün böyük neft müqaviləsi imzalanıbdır”.
Ümummilli lider Heydər Əliyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 27-31-də İsveçrənin Davos şəhərində səfərdə oldu. Səfər çərçivəsində bir sıra ölkələrin prezidentləri, Baş nazirləri, xarici işlər nazirləri beynəlxalq təşkilatların və maliyyə institutlarının rəhbərləri ilə görüşdü. Bu çoxsaylı görüşlər və aparılan məhsuldar danışıqlar Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi yolunda daha bir mühüm addım oldu.
Yanvarın 30-da Davos forumunun sessiyasında çıxış edən Ümummilli Lider Azərbaycanın müstəqil dövlət olaraq öz enerji ehtiyatlarından istifadə etmək üçün görülən tədbirləri diqqətə çatdırdı.
Ulu Öndər hakimiyyətə qayıtdığı ilk vaxtlardan dünya azərbaycanlılarını bir araya gətirmək, güclü diaspor formalaşdırmaq barədə düşünürdü. Davosa səfəri zamanı İsveçrədə yaşayan soydaşlarımızla görüşən Heydər Əliyev harada yaşamasından asılı olmayaraq azərbaycanlıları cəmiyyətin yüksək təbəqəsi sırasında görmək arzusunu dilə gətirdi, həmvətənlərimizi birlik və həmrəyliyə səslədi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts