Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin noyabrı

Tokio, 12 aprel , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 noyabr. Prezident Heydər Əliyev türkiyəli alim və siyasətçi Ərdal İnönü ilə görüşdü.
6 noyabr. Nazirlər Kabinetinin ölkənin iqtisadi və sosial inkişafının yekunlarına həsr olunmuş geniş iclasını keçirdi.
10 noyabr. ABŞ Konqresinin nümayəndə heyətini qəbul etdi.
11 noyabr. 12 Noyabr – Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanladı.
12 noyabr. Görkəmli alim Azad Mirzəcanzadənin 70 illik yubiley tədbirində iştirak etdi.
15 noyabr. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının yeni quruluşda ilk tamaşasına baxdı.
16 noyabr. ABŞ-nin yəhudi təşkilatları başçılarının nümayəndə heyətini qəbul etdi.
21 noyabr. Yeni Azərbaycan Partiyasının yaradılmasının 6-cı ildönümünə həsr olunmuş tədbirdə nitq söylədi.
24 noyabr. Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı İlham Kılıcı qəbul etdi.
28 noyabr. Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda nitq söylədi.
30 noyabr. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əlillərin Birinci Ümumrespublika Bədii Yaradıcılıq baxış-müsabiqəsi qaliblərinin yekun konsertinə baxdı.

X X X

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tədricən iqtisadi-sosial, siyasi böhrandan çıxır, respublika inkişaf yoluna qədəm qoyurdu. 1996-cı ildə vəziyyət sabitləşdi, 1997-ci ildən başlayaraq bir çox sahələrdə irəliləyiş başlandı. Təbii ki, bu nailiyyətlərin arxasında müdrik siyasət, nəticələrə hesablanmış strategiya və gərgin səylər dayanırdı. 1998-ci il noyabrın 6-da Nazirlər Kabinetinin ölkənin iqtisadi və sosial inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxış edən Heydər Əliyev son illərdə Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsinə diqqət çəkdi, müsbət dəyişiklikləri şərtləndirən amillərdən danışdı.

Sitat: Biz 1996-cı ildə vəziyyəti sabitləşdirə bildik, 1997-ci ildə artım əldə etdik və 1998-ci ildə bu artım daha da inkişaf edibdir. Bunu qiymətləndirmək lazımdır, çünki keçən illərdə ölkəmizdə sosial-iqtisadi vəziyyət o qədər ağır idi, o qədər çətin idi, hətta bəzən mən özüm də təsəvvür edə bilmirdim ki, bu vəziyyətdən biz tam çıxa biləcəyik, yoxsa yox və nə vaxt çıxa biləcəyik. Bu nailiyyətlər özü-özlüyündə baş verməyibdir, 1994, 1995-ci illərdən başlayaraq bizim apardığımız iqtisadi siyasətin, ümumiyyətlə, daxili siyasətimizin nəticəsidir və bununla bərabər ardıcıl surətdə apardığımız xarici siyasətin nəticəsidir… Bizim böhran vəziyyətindən çıxmağımız və artıq inkişaf yolu ilə getməyimiz müstəqil Azərbaycanın həyatında yeni bir mərhələdir və bu gün tam qətiyyətlə demək olar ki, biz 1998-ci ili də bu nailiyyətlərlə başa çatdıra biləcəyik və 1999-cu ildə daha da sürətlə inkişaf etməyin əsasını qoyacağıq.
Müasir tariximizin ən mühüm, taleyüklü hadisələrindən biri 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasıdır. Demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirən bu sənədin qəbul edildiyi tarix – 12 Noyabr ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. 1998-ci ildə bu əlamətdar gün münasibətilə Azərbaycan xalqına təbrikində Konstitusiyanın əhəmiyyətindən, milli dövlət quruculuğundakı rolundan danışan Heydər Əliyev deyirdi: “Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən bu Konstitusiya Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratmışdır. Xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu və parlaq təntənəsinin əksi olan Konstitusiyamız xalqın iradəsini ifadə edərək dövlətimizin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən etmişdir. Azərbaycanda demokratik proseslərin getdikcə dərinləşdiyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişaf etdiyi bir mərhələdə Konstitusiyanın əsas müddəalarının həyata keçirilməsi, respublika həyatının bütün sahələrinin yeniləşməsində onun açdığı geniş imkanlardan hərtərəfli istifadə olunması hər bir vətəndaşdan böyük səy və məsuliyyət tələb edir. Qarşımızda duran ən mühüm vəzifə Konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir”.
Ümummilli Liderin mədəniyyətimizə diqqət və qayğısına, mədəniyyət xadimlərinə həssas münasibətinə dair çoxsaylı misallar göstərmək olar. Onun Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu yaradıcılıq axtarışlarına stimul verir, bir-birindən dəyərli əsərlərin yaranması ilə nəticələnirdi. Bu əsərlər Heydər Əliyevin diqqətindən kənarda qalmırdı. Dahi rəhbər 1998-ci il noyabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının yeni quruluşda ilk tamaşasına baxdı. Tamaşadan sonra teatrın yaradıcı kollektivi ilə görüşdü, xatirələrini və əsər barədə fikirlərini onlarla bölüşdü.
Sitat: 45 il öncə “Sevil” operası yarananda da mən onun ilk tamaşasında olmuşam. Rəhmətlik Fikrət Əmirovla mənim şəxsi münasibətlərim və dostluğum var idi. O, bu operanı yazarkən, hələ əsər səhnəyə qoyulmamış, bir neçə dəfə görüşlərimizdə opera üzərində işləməsi haqqında mənə danışmışdı, söyləmişdi. 50-ci illərin əvvəllərində bu operanın yaranması ictimaiyyətə artıq məlum idi. Ona görə də operasevərlər bu əsəri səbirsizliklə gözləyirdilər. Hamı düşünürdü, – görəsən əsər necə alınacaq? Çünki “Sevil” öz süjetinə görə yeni əsər deyil. Bu pyesi Cəfər Cabbarlı yaradıbdır. Deyə bilərəm ki, Cəfər Cabbarlının “Sevil” pyesi Azərbaycanın ictimai-siyasi həyatında çox böyük rol oynamışdır. Qadın azadlığı, insan mənəviyyatı mövzusunun qələmə alınmasında Cəfər Cabbarlının xidmətləri böyükdür. Onun pyeslərinin hər biri, demək olar ki, “Sevil” tamaşası qədər böyük əhəmiyyətə malik əsərlərdir. Ancaq “Sevil” pyesinin yarandığı dövrdə – 1920-1930-cu illərdə Azərbaycanda gedən ictimai-siyasi proseslərdə, qadınların azadlığının əldə olunması prosesində bu əsər çox böyük rol oynamış, güclü təsir bağışlamışdır. Deyirdilər ki, o vaxt qadınlar Bakıda indi bizim bərpa etdiyimiz Hacı Zeynalabdin Tağıyevin teatrına çadra altında gəlirdilər. Bunu siz də tamaşada göstərdiniz. Əsər o qədər təsirli idi ki, tamaşaya baxan qadınlar heç nədən – atasından, qardaşından, ərindən çəkinmədən zaldan çadralarını atıb çıxırdılar.
1998-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılmasının 6-cı ildönümü tamam oldu. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ulu Öndər partiyanın yaranmasını tarixi hadisə kimi qiymətləndirdi. Vurğuladı ki, Yeni Azərbaycan Partiyası ötən müddətdə öz proqramına, prinsiplərinə, amallarına sadiq olduğunu sübut edib və ölkəmizin həyatında önəmli yer tutaraq həyatın bütün sahələrinə müsbət təsirini göstərib.
Sitat: Yeni Azərbaycan Partiyası respublikamızda indi mövcud olan bütün partiyalardan keyfiyyətcə ona görə fərqlənir ki, bunu yaradanlar Azərbaycan, millətimiz, dövlətçiliyimiz haqqında düşünərək axtarışlarla məşğul olmuş, fikir mübadilələri, məsləhətlər aparmış və ölkəmizin o ağır dövründə müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsində, ictimai-siyasi vəziyyətin normallaşmasında öz xidmətlərini göstərmək üçün bu partiyanın yaranması fikrinə gəlmişlər və bu təşəbbüslə çıxış etmişlər. Partiyanın yaranma tarixi və yaranma günündən əvvəlki proseslər məlumdur. Bu barədə bugünkü çıxışlarda da deyildi. Ancaq mən bunu bir daha ona görə qeyd edirəm ki, bu partiyanı yaradan insanlar şəxsi mənafe haqqında düşünməmişlər, Azərbaycan xalqının taleyi, ölkəmizin milli mənafeyi, müstəqilliyi, dövlətçiliyi haqqında düşünmüşlər. Ona görə də çıxış yolu olaraq öz ictimai-siyasi fəaliyyətlərini həyata keçirib, öz xalqına, vətəninə, millətinə xidmət etmək üçün Yeni Azərbaycan Partiyasını bir vasitə kimi yaratmışlar”.
Müstəqil Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsası hələ ötən əsrin 90-cı illərinin ortalarında Heydər Əliyev tərəfindən qoyulub. Həmin dövrdən başlayaraq fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası istiqamətində davamlı addımlar atılır, onların istedadlarının üzə çıxarılmasına və inkişafına hər cür şərait yaradılırdı. Əlillərin Birinci Ümumrespublika Bədii Yaradıcılıq baxış-müsabiqəsi buna bariz nümunələrdən biridir. Müsabiqə qaliblərinin yekun konsertinə baxan Ulu Öndər tədbirdən sonra çıxış etdi, dövlətin əlilliyi olan şəxslərə qayğısından danışdı, bu tədbiri təqdirəlayiq təşəbbüs kimi qiymətləndirdi.
Sitat: Azərbaycanda əlillər dövlətin, cəmiyyətin daim qayğısı ilə əhatə olunublar. Bugünkü qeyri-adi gözəl mərasim də məhz bunu əyani surətdə sübut edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda son aylar əlillərin istedadlarını araşdırmaq və yüksək istedadlıları cəmiyyətə təqdim etmək üçün keçirilmiş müsabiqəni, festivalı mən ölkəmizdə baş vermiş əlamətdar bir hadisə kimi qiymətləndirirəm. Bu təşəbbüs həqiqətən çox təqdirəlayiq təşəbbüsdür və bunların nəticəsində biz, Azərbaycan ictimaiyyəti bir daha görürük ki, əlillərə nə qədər böyük qayğı vardır və onların bu problemləri ilə məşğul olaraq, eyni zamanda onların istedadlarının inkişaf etməsi üçün də imkanlar yaradılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts