Tokio, 26 oktyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Azərbaycan Respublikasının xalq şairi Vahid Əziz kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Yüzdən sonra…” adlı yeni şeirini təqdim etdi.
Şair şeirində ona yüz il yaşamağı arzuluyanlara yüz yaşdan sonra nə olacaq sualları ilə müraciət edir. Şair insanın yaşına fəlsəfi baxımdan yanaşır, düşündürücü suallar verir. Şair özünə və oxuculara gümrah ömür, dost arasında yerişini itirməmək, heç kəsin dünyadan cavan köçməsini görməmək, tay-tuşunu vaxtsız itirməmək, başqasının ümidinə qalmamağı arzulayır.
“YÜZDƏN” SONRA…
Mənə “yüz il” arzulayan,
nə olacaq “yüzdən” sonra?
Yada salıb xatırlayan
Nə salacaq “yüzdən” sonra?
Daha mənə, dost, o zaman
Fərq eləməz dağla-aran,
Qurudunsa – can aparan
Nə alacaq “yüzdən” sonra?
Lap yerində qalsın huşun,
Yaşıdı ol kor bayquşun,
Həmsöhbətin, ya tay-tuşun
Kim olacaq “yüzdən” sonra?
Çəkil, get üzüyumuşaq,
İnan mənə, oğul-uşaq
Səndən canın qurtarmağa
Çalışacaq “yüzdən” sonra!
Cana hər cür azar gələr,
Son bahartək yazlar gələr,
Tiftiklənmiş astar gələr
Didiklənmiş üzdən sonra!
Nə minməli belin qalar,
Nə pul verən əlin olar,
Adın eldə bəd hallanar,
Kül atılar közdən sonra.
Get…yansınlar boş yerinə,
Çəkil, uzaqlaş yerinə,
Ağlayanda yaş yerinə
Nə gələcək gözdən sonra:
Yüzdən sonra?
Yaşananlar – qismətimiz,
Qorunmalı hörmətimiz,
Gedək, abır-ismətimiz
Gedə bilər üzdən sonra.
Alovlar dil-dil danışar,
Nələr yanıb? – kül danışar,
Gerçəyini El danışar
Barəmizdə, bizdən sonra.
Basa-basa səbrimizi,
Qələm qazar qəbrimizi,
Vahid ƏZİZ,
Yaşamağın nə ləzzəti
“Yüzdən” sonra?