Tokio, 21 oktyabr , /AJMEDIA/
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aparıcı aktyoru Qabil Quliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr olunmuş “Yarım əsrlik sənət yolum” adlı tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova sənətkarın ömür yolundan danışaraq onu təbrik edib.
Tədbir çərçivəsində Teatr Muzeyinin fondunda qorunan, aktyorun həyat və yaradıcılığını əks etdirən eksponatlardan hazırlanmış videoçarx, həmçinin oynadığı tamaşa və filmlərdən kadrlar nümayiş olunub.
Opera və Balet Teatrının solisti, xanəndə Mütəllim Dəmirov və Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin və İncəsənət Gimnaziyasının tələbələri sənətkarın şərəfinə konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə Xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar incəsənət xadimi, teatrşünas, professor Aydın Talıbzadə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, Lənkəran Dövlət Dram Teatrının direktoru İntiqam Hacılı, teatrın baş rejissoru Anar Babalı və ailə üzvləri iştirak ediblər.