Tokio, 6 noyabr , /AJMEDIA/
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Ş.Məmmədova adına Opera studiyasında Azərbaycan dirijorluq məktəbinin tanınmış nümayəndəsi, Xalq artisti Cavanşir Cəfərovun 70 illik yubileyinə həsr olunmuş gecə keçirilib.
AJMEDIA xəbər verir ki, Əməkdar artist Fərid İbrahimov yubilyara Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun adından Fəxri fərman təqdim edib. Həmçinin Cavanşir Cəfərov Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adından da təltif edilib.
Bildirilib ki, N.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının məzunu olan C.Cəfərov uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrin baş dirijoru olub, teatrın repertuarındakı bir çox opera və balet tamaşalarını ustalıqla idarə edib. Maestro bu gün də dirijor kimi teatrda fəaliyyətini davam etdirir.
C.Cəfərov Opera və Balet Teatrında çalışdığı illərdə Azərbaycanın hüdudlarından kənarda – Fransa, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olub, musiqi sənətimizi uğurla təmsil edib.
Sənətkarın yubileyinə həsr olunmuş təntənəli gecədə Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artistləri Samir Cəfərov və Gülnaz İsmayılova, Əməkdar artistlər Səbinə Əsədova, Fəridə Məmmədova, Azər Zadə, İlahə Əfəndiyeva, Fərid Əliyev, Afaq Abbasova solistlər Fatimə Cəfərzadə, Mahir Tağızadə, Adil Axundov, Nina Makarova, teatrın xor kollektivinin üzvləri ilə birgə çıxış ediblər. Yubiley konsertində dünyaşöhrətli bəstəkarlar C.Verdi, C.Puççini, P.Maskanyi, C.Rossini, İ.Ştraus və başqalarının musiqiləri səsləndirilib.