Xaçmazın fındıq bağlarında məhsuldarlıq artıb

Tokio, 27 iyun , /AJMEDIA/

Xaçmazın fındıq bağlarında məhsuldarlıq ötən illə müqayisədə çoxdur. Məhsulun bol olması təsərrüfatçıların bu il daha çox gəlir əldə edəcəyini deməyə əsas verir.
AJMEDIA xəbər verir ki, Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir. Buraya şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac edilir.
Xaçmazlı təsərrüfatçılar fındıq bağlarında məhsul yığımına iyulun 20-dən sonra başlayacaqlar. Rayonda fındıq yığımı avqustun sonunadək davam edir.
Təsərrüfatçı Elşad İsmayılov bildirib ki, fındıq ağacı az aqrotexniki qulluq tələb edir . “Bizim kənddə fındıq bağları çoxdur. Daha çox gəlir əldə etmək istəyənlər gilas, şaftalı, nektarin becərirlər. Amma fındıqdan fərqli olaraq, bu meyvələr daha çox aqrotexniki qulluq tələb edir. Fındıq ağacları isə məhsula düşənədək, ağaclar böyüyənədək onlara qulluq çox olmalıdır. Sonra isə suvarmaq kifayət edir. Dərmanlamaq, dibini yumşaltmaq, hər il budamaq lazım deyil. Amma bir ağac tam məhsula düşəndən sonra ondan 10 kiloqram fındıq əldə etmək olur. Bu isə orta hesabla 50 manat gəlir deməkdir. Bir fındıq kolunun yerində əkəcəyin 2-3 şaftalı ağacından isə 500 manatadək qazanc əldə edə bilərsən. Bununla belə, fındıq satış üçün çox əlverişli məhsuldur. Anbarda saxlayıb istədiyin vaxt sata bilərsən. Digər məhsulların isə yetişən kimi satışını təşkil etməlisən”,-deyə o qeyd edib.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda 11 min hektara yaxın fındıq bağı var. Bu bağların 7602 hektarından məhsul toplanılır. Xaçmazın fındıq bağlarından ötən il 7591 ton fındıq istehsal edilib.
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.
Xaçmaz rayonunda ötən il 100 hektar yeni fındıq bağı salınıb. Rayondakı intensiv üsulla becərilən fındıq bağlarının sahəsi 607 hektardır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts