Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

Tokio, 19 oktyabr, /AJMEDIA/

Azərbaycan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Xəzəryanı ölkələrin nümayəndələrinin bədən tərbiyəsi və idmanın inkişafına həsr olunmuş görüşündə iştirak edib.

AJMEDIA Rusiya İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Bədən tərbiyəsi və idman sahəsində Xəzəryanı dialoq” adlı görüş Başqırdıstanın paytaxtı Ufa şəhərində “Rusiya – idman dövləti” beynəlxalq forumu çərçivəsində təşkil olunub. Tədbirdə Rusiyanın idman naziri Mixail Deqtyarev, Qazaxıstanın turizm və idman naziri Erbol Mırzabosınov, İranın İdman və Gənclər Nazirliyinin İdman federasiyalarının birgə fəaliyyəti şöbəsinin rəhbəri Əhməd Nameni, Azərbaycan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, habelə Həştərxan vilayətinin idman naziri Nina İvaşkina və Rusiya Şahmat Federasiyasının icraçı direktoru Aleksandr Tkaçev iştirak ediblər.

Mixail Deqtyarev Xəzər regionu ölkələrinin idman nazirliklərinin nümayəndələri arasında qarşılıqlı fəaliyyətdən danışıb. O, bu ölkələrdə əhatəli idman proqramı və milli komponentlər əsasında irimiqyaslı yarışların keçirilməsi üzərində işləməyi təklif edib.

Rusiyalı nazir qeyd edib: “Təqdim olunan format bu yaxınlarda Həştərxanda keçirilən və davam edəcək Xəzər Oyunlarının əsasını təşkil edəcək. Bu, tələbə klubu yarışmasıdır. Biz, həmçinin 16 yaşadək oğlanlar arasında şahmat üzrə Xəzər Qran-Prisinin keçirilməsi təşəbbüsü üzərində işləyirik. Bu formatı digər federasiyalara da təklif edə bilərik”.

Görüşdən sonra Rusiya İdman Nazirliyinin rəhbəri bütün iştirakçıların təşəbbüslərini yol xəritəsində birləşdirməyi təklif edib: “Bu və digər təşəbbüslər Xəzər regionu ölkələrində gənc idmançıların dəstəklənməsinə və kütləvi idmanın inkişafına yönəlmiş Tədbirlər Planının əsasını təşkil edə bilər”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts