Xəlil Kələntər: İstər Şuşa, istər Naxçıvan, istərsə də Böyük Azərbaycanın istənilən hər bir qarış torpağı bizim üçün müqəddəs olmalıdır

Tokio, 21 may , /AJMEDIA/

İstər Şuşa, istər Naxçıvan, istərsə də Böyük Azərbaycanın istənilən hər bir qarış torpağı bizim üçün müqəddəs olmalıdır.

AJMEDIA xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Dünya Azərbaycanlılarının V – Zəfər Qurultayının nümayəndəsi, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər deyib. X.Kələntər vurğulayıb ki, planetimizin müxtəlif yerlərindən gəlmiş soydaşlarımızın bu dəfəki toplantısında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev proqram xarakterli nitqində diasporumuzun qarşısında duran vəzifələri xüsusi qeyd edib.

Müsahibəni oxucularımıza təqdim edirik.

-Hörmətli Xəlil bəy, cari il aprelin 22-dən 25-dək Dünya Azərbaycanlılarının Şuşa şəhərində keçirilən sayca beşinci Zəfər Qurultayının nümayəndəsi olmusunuz. Sizcə, dünya azərbaycanlılarının sonuncu qurultayı əvvəlkilərdən hansı xüsusiyyətləri ilə fərqlənirdi? Ümumiyyətlə, bu qurultayın bütün dünyaya səpələnmiş Azərbaycan diasporu qarşısında qoyduğu yeni vəzifələr barədə nə deyə bilərsiniz?

– Əvvəla qeyd edim ki, dünya azərbaycanlılarının bu dəfəki toplantısı Zəfər qurultayı adını almışdı. Yəni özündən əvvəlki toplantılardan o, məhz Şuşada keçirilməsi və xalqımızın Vətən müharibəsində böyük Zəfərinə həsr olunması ilə fərqlənirdi. Məncə bu, sonuncu qurultayı əvvəlkilərdən fərqləndirən əsas cəhət idi. İlk dəfə idi ki, biz qəlbimizdə Qarabağ ağrısı, Şuşa nisgili olmadan Azərbaycana – doğma Vətənə toplaşmışdıq. Məhz bu, bizim hər birimizin qəlbində böyük sevinc və qürur hissi doğurmuşdu. Vətən müharibəsində qələbəyədək harada olmağımızadan asılı olmayaraq, bizim hər birimiz itirilmiş torpaqlara görə boynu bükük vəziyyətdə gəzir, başımızı dik tuta bilmirdik. Bu hiss bizim hamımızı sıxır, ürəkdən sevinməyə, şadlanmağa qoymurdu. Depressiya vəziyyətində dolanırdıq. Amma indi, Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən sonra sanki hər birimiz həyata yenidən qayıtdıq, yenidən dirildik. Şuşaya çatanda məhz bu hisslər mənim qəlbimə hakim kəsilmişdi – böyük qələbənin möhtəşəm sevincini yaşamaq hissi. Qısa müddətdə görünməmiş sürətlə və keyfiyyətlə inşa edilmiş Zəfər yolu ilə hərəkət bizim hər birimizdə böyük heyrət hissi doğurmuşdu. Mənimlə bir avtobusda gedənlərin hamısının üzündən gülüş əskik olmasa da gözlərindən sevinc yaşı axırdı. Bu həqiqətən çox möhtəşəm hadisə idi.
Bizi Azərbaycan mədəniyyətinin paytaxtı, böyük sənətkarların vətəni Şuşaya gətirən avtobus dayandıqdan sonra yerə düşəndə mən özümü saxlaya bilmədim, dizlərimi yerə qoyub torpağı öpdüm. Bu həqiqətən müqəddəs torpaq idi. Avtobusda mənimlə gələn bəzi dostlarım da mənim hərəkətimi təkrarladı.
Bilirsinizmi, mən baş verənlərdən hansı nəticəni çıxardım? Düşündüm ki, Vətən müharibəsində böyük Qələbə bizim hamımız üçün mühüm bir dərs oldu. Yəni bu Qələbə bizi başa saldı ki, hansı işlə məşğul olsan da heç vaxt geri çəkilmə, öz məqsədinə doğru inamla irəlilə. Başladığın işdən ürəklə yapış, bütün fikrini həmin məqsəd uğrunda cəmlə. Fikrimcə, Vətən müharibəsində Qələbənin kökündə məhz bu məqsədə ürəkdən bağlılıq, həmin Qələbəyə inam və onun əldə edilməsi üçün çəkilən böyük zəhmət dayanıb. Bundan sonra qarşıda duran vəzifələrə də bu cür yanaşmalı, yorulmaq bilmədən çalışmalıyıq. Bütün dünyada yaşayan azərbaycanlıların gücünü bir yerə toplayaraq, bir hədəfə yönəldərək bu böyük işlərin öhdəsindən gələ bilərik. Bu fikri Azərbaycan Prezidenti, qalib xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyev də qurultayda xüsusi vurğuladı. Ölkəmizdə mövcud olan problemlərə də bu cür yanaşmalı, bunları aradan qaldırmaq üçün hamılıqla əl-ələ verməliyik. Həmin problemlərə 30 il bizim düşmənlərimizə baxdığımız kimi yanaşmalı, onları elliklə aradan qaldırmalıyıq. Bununla yanaşı, qarşıda duran vəzifələri həyata keçirərkən daim pozitiv düşünməli, onların öhdəsindən gələcəyimizə qətiyyətlə inanmalıyıq.
Şuşada keçirilən Zəfər qurultayı mənim daxilimdə bu hissləri doğurdu və güman edirəm ki, mənimlə birlikdə qurultaya qatılan 400-dən çox nümayəndə də bu hissləri yaşadı. Düşünürəm ki, Azərbaycanın bu gün addımladığı istiqamət çox düzgün seçilib və biz həmin istiqamətdə qətiyyətlə irəliləməliyik.
Fikrimcə diasporumuzun qarşısında duran ən əsas vəzifə, bütün dünyada yaşayan Azərbaycan xalqının nümayəndələrinin sevimli rəhbəri İlham Əliyevin də dediyi kimi, informasiya savaşına qətiyyətlə hazırlaşmaqdır. Dünyanın bir sıra ölkələrində yaşayan ermənilərin bu gün dediyi hər bir sözün qarşısına biz ən azı onunu, yüzünü qoymalıyıq. Bütün dünyaya bu saxta, nankor və oğru xalqın mahiyyətini açıb göstərməliyik. Bunun üçün öz informasiya mənbələrimizi yaratmalı və mövcud kanallardan səmərəli istifadə etməyə çalışmalıyıq. Düşünürəm ki, bunun üçün vahid şəbəkənin yaradılması da çox məqsədəuyğun olar. Yəni həmin sözün dünyanın hansı nöqtəsində deyilməsindən asılı olmayaraq, bütün dünyada yaşayan azərbaycanlılar ona cavab verməlidir. Bu bizim indiyə qədər eşidilməyən səsimizi qat-qat artırar və bütün dünyanı bizi dinləməyə vadar edə bilər. Bu işdə ümumi sayı 55 milyona çatan azərbaycanlıların cəmi 10 milyonu iştirak etsə belə bizim səsimiz dəfələrlə güclənər.
Yeri gəlmişkən, qurultayın yüksək səviyyədə təşkilinə görə Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov başda olmaqla komitənin hər bir əməkdaşını təbrik edir, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıram. Ümid edirəm ki, diasporumuzun möhtəşəm qurultayla davam edən gərəkli fəaliyyəti bundan sonra da doğma Vətənimizə xeyir gətirəcək.

-Bəs Vətən müharibəsində möhtəşəm qələbədən sonra ilk dəfə getdiyiniz Azərbaycan sizə hansı təsiri bağışladı, işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə nə deyə bilərsiniz?

– İlk növbədə insanların çöhrəsindəki sevinci, ürəkdən gələn şadyanalığı, gülüşü vurğulamaq istərdim. Hara gedirdiksə, kiminlə görüşürdüksə hamı qələbədən, torpaqların azad edilməsindən, bu ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işlərindən danışırdı. Çox qısa zamanda görülən böyük işlər hamı tərəfindən yüksək qiymətləndirilirdi, çəkilən yeni yollar, tikilən aeroportlar, bərpa edilən kənd və şəhərlər hamıda gələcəyə böyük inam yaratmışdı. Azərbaycan ərazicə kiçik olsa da, böyük təbii sərvətlərə, zəngin və inkişaf etmiş iqtisadiyyata malikdir. Bütün bu potensial düşmən tərəfindən vəhşicəsinə dağıdılmış tarixi-mədəni abidələrimizi bərpa etməyə, ən müasir tələblərə cavab verən “ağıllı yaşayış məntəqələri” salmağa imkan verir. Aparılacaq bərpa işləri həmin ərazilərin həqiqi Azərbaycan torpaqları olduğunu hamıya, həm yerli sakinlərə və qonşulara, həm də bütün dünyaya göstərəcək.
Qədim atəşpərəstlik mənbələrində deyildiyi kimi, fikrimiz də, sözümüz də, hərəkətimiz də düz olacağı təqdirdə biz bu çətinlikləri tezliklə aradan qaldıra bilərik. Bu bizim qanımızda, canımızda var və düşünürəm ki, bizim böyük xalqımız bu vəzifələri layiqincə həyata keçirməyə qadirdir.

-Azərbaycana bu dəfə etdiyiniz səfər zamanı ölkəmizin elmi ictimaiyyətinin böyük marağı ilə qarşılanmısınız. Bildiyimizə görə, həm AMEA-nın elmi-tədqiqat institutları, həm də bir sıra universitetlər sizin elmi fəaliyyətinizlə maraqlanaraq sizə əməkdaşlıq təklif ediblər. Bu istiqamətdə keçirdiyiniz görüşlər, əməkdaşlıq anlaşmaları barədə nə deyə bilərsiniz?

– Doğrusunu deyim ki, bu dəfəki səfər çərçivəsində mənim həm Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), həm də universitetlər tərəfindən bu cür böyük maraqla qarşılanacağımı gözləmirdim. Xüsusən AMEA rəhbərliyini mənim elmi-praktiki fəaliyyətimə verdiyi qiymət, AMEA-nın ümumi yığıncağında dünya elminin inkişafına verdiyim töhfələrə görə “Fəxri fərman”la təltif edilməyim, akademiyanın elmi-tədqiqat institutlarında keçirdiyimiz işgüzar görüşlər mənə çox xoş təsir bağışladı. Ümumi yığıncaqda iştirak edərkən Azərbaycanın tanınmış alimlərinin mənimlə köhnə tanış kimi görüşməsi, göstərdikləri hörmət və diqqət, mənim elmi fəaliyyətim barədə kifayət qədər məlumatlı olmaları, doğrusu məni çaşdırmışdı. İlk dəfə idi ki, doğma Vətənimizdə belə böyük diqqət və hörmətlə qarşılanırdım. Qəlbim qürur və iftixar hissi ilə dolmuşdu. Yüksək səviyyədə göstərilən bu diqqətə görə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova, vitse-prezidentlər İsa Həbibbəyliyə, Rasim Əliquluyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycana bu dəfəki səfərimin əsas məqsədlərindən biri də AMEA-da texnologiya profilli müvafiq elmi müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması idi. Bu məqsədlə AMEA Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyaları İnstitutu, Fizika İnstitutu və digər elmi qurumlarda görüşlər keçirdik, geniş fikir mübadiləsi apardıq və qarşılıqlı əməkdaşlığın perspektivlərini müəyyənləşdirdik.
Əməkdaşlıq əlaqələrinin əsas istiqamətlərini apardığım tədqiqatların nəticələrinin, əldə etdiyim təcrübənin Azərbaycanla bölüşdürülməsi, perspektivdə kadr hazlırlığı məqsədilə birgə fəaliyyət təşkil edir.
Azərbaycan elminin dünya səviyyəsində tanıdılması istiqamətində bütün imkanlarımızı səfərbər etmək qarşımıza qoyduğumuz ən mühüm vəzifələrdən biridir. Əsas məqsədimiz Azərbaycan elminin inkişafı naminə bu istiqamətdə yerli həmkarlarımızla birlikdə çalışmaqdır. Təbii ki, bu yolda bizə göstərilən hər bir diqqət doğru yolda olduğumuzu göstərir və elmimizin dünya səviyyəsində tanıdılması istiqamətində yorulmadan, inamla, etimadla çalışmağımıza bir stimul yaradır.

-Səfər çərçivəsində qədim Azərbaycan torpağı Naxçıvana da gedərək burada da bir sıra görüşlər keçirmisiniz. Bəs ilk dəfə səfər etdiyiniz Naxçıvan sizə hansı təsiri bağışladı? Orada keçirilən görüşlər hansı perspektivləri vəd edir?

– Düzü, qədim Azərbaycan torpağı olan Naxçıvan haqqında Yaponiyada müxtəlif kütləvi-informasiya vasitələrində dəfələrlə danışmağıma baxmayaraq bu müqəddəs məkana ilk dəfə səfər edirdim. Naxçıvan Dövlət Universitetinin rektoru hörmətli Elbrus İsayevin təşəbbüsü ilə baş tutan bu səfərə görə çox minnətdaram. Bu universitetlə bizim tanışlığımızın artıq müəyyən tarixi var. Belə ki, mən iki dəfə həmin ali məktəbin müəllim və tələbələri üçün təşkil edilən vebinarda iştirak etmiş, məşğul olduğum işlər, Yaponiyada və dünyanın müxtəlif ölkələrində həmin istiqamətdə araşdırmalarım barədə onlara məlumat vermişdim.
Səmimi deyim ki, burada da belə böyük diqqət və hörmətlə qaşılanacağımızı gözləmirdim. Universitet rəhbərliyi ilə gələcək birgə fəaliyyətin istiqamətləri barədə ilkin fikir mübadiləsindən sonra tələbə və müəllim heyəti ilə görüşümüz keçirildi. Onlara Yaponiyada elmi fəaliyyətin təşkili, təhsil və tədqiqat işlərinin strukturu, şəxsən məşğul olduğum LCD texnologiyaları, LED ekranların yaradılması barədə ətraflı məlumat verdim. İştirakçıların mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırdım.
Sonra Universitet şəhərciyində yaradılmış şəraitlə tanış olduq. Doğrusunu deyim ki, Naxçıvan Dövlət Universitetində yaradılan şərait Yaponiyanın ən qabaqcıl ali təhsil müəssisələrindəki şəraitdən heç də geri qalmır. Xüsusən universitet şəhərciyində inşa edilən Texnoloji park mənim diqqətimi cəlb etdi. Universitet rəhbərliyinin bu parkın gələcək fəaliyyəti ilə bağlı əməkdaşlıq barədə təklifini böyük məmnuniyyətlə qəbul etdim. Çox şadam ki, həmin universitetdə yetişəcək, Azərbaycan elmini irəliyə aparacaq gələcək kadrların hazırlanmasında mənim də əməyim olacaq.
Universitetdə mənim ən çox bəyəndiyim daha bir hadisə müəllim və tələbə heyəti tərəfindən hazırlanmış “O olmasın, bu olsun” tamaşası idi. Səmimi deyim ki, tamaşa məni həm rejissor işi, həm də ifaçıların peşəkarlığı ilə heyran etdi. Düşündüm ki, doğurdan da Naxçıvan Dövlət Universiteti dünyanın heç bir ali təhsil müəssisəsi ilə müqayisə edilə bilməz. Burada həm yüksək səviyyəli peşəkar professor-müəllim heyəti çalışır, həm də böyük istedada malik gənclərimiz təhsil alırlar.
Səfər çərçivəsində ulu Naxçıvanın qədim tarixi-mədəni abidələri ilə tanışlıq, müasir standartalr səviyyəsində qurulmuş infrastruktur da məni heyran etdi. Deyərdim ki, dünyanın ən nadir yerlərindən biri olan Naxçıvan bu gün özünün çox yüksək səviyyəli inkişaf dövrünü yaşayır. Hər yerdə hökm sürən təmizlik və səliqə-sahman, əsrarəngiz təbiət və yaşıllıqlar həqiqətən də göz oxşayır.
Fikrimcə, istər Şuşa, istər Naxçıvan, istərsə də Böyük Azərbaycanın istənilən hər bir qarış torpağı bizim üçün müqəddəs olmalıdır. Biz bu hər bir qarışı canımız, gözümüz kimi qorumalı, böyük məhəbbətlə sevməliyik. Heç bir düşmənin bu torpaqlarda ağalıq etməsinə imkan verməməliyik. Bu gün doğma Azərbaycanımız bunun üçün lazım olan həm güclü iradəyə malik liderə, həm dinamiki inkişafa, həm də vətənini dərin məhəbbətlə sevən insanlara malikdir.

-Maraqlı müsahibəyə görə çox sağ olun.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts