Xəlil Kələntər: Naxçıvan Dövlət Universitetində elmə və təhsilə böyük marağın və həvəsin şahidi oldum

Tokio, 6 noyabr , /AJMEDIA/

Uzun müddətdir Yaponiyada yaşayan soydaşımız, maye kristal displeylər texnologiyası (LCD technologi) sahəsində bütün dünyada tanınmış alim-mühəndis Xəlil bəy Kələntər Azərbaycana, Naxçıvan Dövlət Universitetinə səfərdən yeni qaydıb. Səfərin məqsədi və bu səyahətədn aldığı təəssüratlar barədəa ətraflı məlumat almaq üçün onunla görüşüb söhbətləşdik. Həmin müsahibəni izləyicilərimizə təqdim edirik.
– Xəlil bəy Azərbaycana, Naxçıvana səfərdən yeni qayıtmısınız. Bu səfərin məqsədi, səfər zamanı görüşdüyünüz insanlar, baş çəkdiyiniz təhsil müəssisələri barədə məlumat verməyinizi xahiş edirik.
– Bildiyiniz kimi, cari ilin oktyabrında Azərbaycanın Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetinin rektoru hörmətli Elbrus İsayevin dəvəti ilə Azərbaycana səfər etmişdim. Səfərin məqsədi Azərbaycanın bu tanınmış ali təhsil müəssisəsində müasir texnologiyaların tədrisi, bu istiqamətdə aparılan elmi araşdırmaların səviyyəsi ilə tanış olmaq, bu elm ocağı ilə Yaponiyanın tanınmış universitetləri arasında əməkdaşlığın inkişafı məqsədilə hələ ötən ildən başlamış müzakirələri davam etidirmək idi.
İcazə verin universitetin rəhbərliyinə səfərin yüksək səviyyədə təşkilinə və Azərbaycanda, o cümlədən Naxçıvanda olarkən göstərilən hörmətə və diqqətə görə dərin minnətdarlığımı bildirim. Xüsusən Yaponiya ilə məsafənin uzaqlığını nəzərə alaraq həm Bakıya uçarkən, həm də Tokioya qayıdarkən istirahət imkanı yaratdıqlarına görə xüsusi təşəkkürümü çatdırım. Bu mənə həm uzun yoldan sonra dincəlməyə, həm də Bakıdakı köhnə dostlrala, xüsusən də müasir texnologiyalarla məşğul olan insanlarla görüşmək, ətraflı fikir mübadiləsi aparmaq imkanı yaratdı. Bu dostlar sırasında ictimai-siyasi xadimlər Qafar Əliyev və Əjdər Tağızadə, yüksək texnologiyalar sahəsində çalışan Anar Nəbiyev və Müşfiq Rəsulzadə, uzun illər Yaponiyada jurnalist kimi çalışmış Vüqar Ağayev, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin ıöbə müdiriniin müavini Kənan bəylə, həmçinin əməkdaşlar Gülnar və Gülmira xanımlarla görüşlər çox xoş oldu. Həmin insanlarla birlikdə söhbət, həm dünyayada baş verən proseslər, Azərbayacnın Qarabağ savaşında qazandığı Böyük Zəfər, Xankəndində və Xocalıda Azərbaycanın dövlət bayrağının qaldırılması, həm elm aləmində yeniliklər, həm də diaspor təşkilatımızın fəaliyyətilə bağlı ətraflı fikir mübadiləsi məni çox sevindirdi. Bilirsiz belə görüşlər gələcək layihələr üçün böyük əhəmiyyətə malikdir. Belə ki, bu görüşlər zamanı həm Azərbaycanda yüksək texnologiyaların inkişafı ilə bağlı ətraflı məlumat almağa, həm də öz bildiklərini onlarla bölüşməyə çox münasib şərait yaranır.
Uzun yoldan yaranan yorğunluqdan dincəldikdən sonra növbəti günün axşamı Naxçıvana yola düşdüm. Bakıdakı dostlar yenə böyük ehtiram göstərək Heydər Əliyev adına hava limanından məni yola saldılar.
Naxçıvanda məni Universitetin rektorunun köməkçisi Rəcəb müəllim qarşıladı. Naxçıvana gecə saatlarında çatdığıma görə birbaşa Universitetin Qonaq evinə yollandıq. Ertəsi gün, yəni oktyabrın 5-də Universitetə gedərkən Müəllimlər Gününün qeyd edildiyini öyrəndim. Məni Universitetdə xüsusi ehtiramla qarşılayan rektor Elbrus müəllim də ilk olaraq bu bayram münasibətilə mənə təbriklərini və xoş arzularını çatdırdı. Rektorun otağında qısa söhbtədən sonra birbaşa Universitetdə Müəllimlər Günü ilə əlaqədar təşkil edilən tədbirə yollandıq. Azərbaycanda ilk dəfə belə tədbirə qatıldığıma görə mənim üçün çox maraqlı idi. Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev professor-müəllim heyətini peşə bayramı münasibətilə təbrik etdi, şərəfli, gərəkli və eyni zamanda məsuliyyətli işlərində onlara uğurlar arzuladı.
Bildirdi ki, Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Azərbaycan bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir.
Tədbirdə tələbələrin vətənpərvərlik mövzusunda ifa etdiyi mahnılar çox xoşuma gəldi. Səmimi deyim ki, hələ ötən il Naxçıvana səfər edərkən Universitet tələbələrinin ifasında baxdığım “O olmasın, bu olsun” tamaşasının mənə verdiyi xoş hissləri yəqin ki, heç vaxt unutmayacağam. Ümumiyyətlə vurğulamaq istərdim ki, Naxçıvan Dövlət Universitetindəki həm təlim və tədris, həm də milli-mənəvi mühit mənə çox xoş təsir bağışlayıb.
– Dediyiniz kimi, bu səfər NDU rəhbərliyinin dəvəti ilə baş tutub. Bu Universitet, orada təhsilin və elmi tədqiqiatların səviyyəsi barədə fikirlərinizi bilmək maraqlı olardı.
– İlk dəfə ötən ilin aprelində NDU-nun rektoru hörmətli Elbrus müəllimin dəvəti ilə bu ali təhsil ocağına səfər etmişdik. Buna qədər isə qarşı tərəfin təşəbbüsü ilə Yaponiyadan universitetin müəllim-tələbə heyəti üçün bir neçə seminar təşkil etmişdik. Həmin seminarlar uzun illər araşdırdığım LCD – maye kristal dispileylər sahəsində dünya çapında gedən proseslər, aparılan tədqiqatlar barədə NDU-nun müəllim-tələbə heyətini məlumatlandırmaq məqsədi daşıyırdı. Onlayn formatda keçirilən həmin tədbirlər bir-birimiz yaxından tanımaq üçün əlverişli şərait yaratmışdı. Yeri gəlmişkən, həmin seminarların təşkilinə, ümumiyyətlə NDU rəhbərliyi ilə əməkdaşlıq əlaqələrinin qurulmasına göstərdiyiniz köməyə görə həm sizə, həm də hazırda NDU Elmi Kitabxanasının direktoru işləyən Xumar xanım Məmmədovaya təşəkkürümü bildirmək istəyirəm. Məhz bu seminarlar bizə Yaponiya ilə Naxçıvan arasında sıx münasibətlər qurmağa böyük kömək etdi.
Son səfərə gəlincə isə bu təklif NDU-nun rektoru Elbrus müəllim tərəfindən gəldi. NDU rəhbərliyi dünyanın bir çox aparıcı universitetlərinin müəllimlərini məşğul olduqları sahələr üzrə təhsil vermək, mühazirələr oxumaq üçün universitetə dəvət etmişdi. Həmin professorlar arasında mənə də etimad göstərilməsi çox xoş oldu. Mən böyük məmnuniyyətlə həmin təklifi qəbul etdim və işimin çoxluğuna baxmayaraq, Naxçıvana getdim.
Sualın ikinci hissəsinə gəlincə, səmimi deyim ki, NDU-da təhsilin ümumilikdə yüksək səviyyədə olduğunu düşünürəm. Əsas niyyətimiz Naxçıvan Dövlət Universitetində mövcud olan təhsilin səviyyəsini dünyanın qabaqcıl ali təhsil müəssiələrinin səviyyəsinə çatdırmaq və onlardan geri qalmamaqdır. Naxçıvana ikinci səfərim zamanı tələbələrlə Universitetin konfrans zalında keçirilən görüşdə bu barədə söhbət açdım. Onların məni çox böyük maraqla dinləməsi və sonda verdikləri çoxsaylı suallar məni daha da həvəsləndirdi. Anladım ki, bu gənc enerji mənbəyinə düzgün istiqamət vermək lazımdır. Həmin görüşün çox faydalı və səmərli olduğu qənaətindəyəm.
– Bəs NDU-da sizin sahə ilə əlaqədar hansı layihələrin həyata keçirilməsi barədə razılıq əldə edildi? Həmin layihələrdə Yaponiya universitetlərinin iştirakı nəzərdə tutulubmu?
– Doğrusunu deyim ki, mənim fəaliyyət göstərdiyim sahə çox geniş tətbiq arenasına malik olsa da Azərbaycanda az tanınıb. Buna baxmayaraq, NDU-da daha geniş inkişaf imkanlarını görürəm və onun daha da genişləndirilməsinin vacib olduğunu düşünürəm. Bu səbəbdən də bu sahədə təhsilin genişləndirilməsinin zəruriliyini fikirləşirəm. Bu məqəsədlə də mən Yaponiyadan özümlə gətirdiyim elmi ədəbiyyatı NDU-ya hədiyyə etdim. Düşünürəm ki, həmin elmi ədəbiyyat müasir texnologiyalar sahəsində həm tədrisin, həm də tədqiqatların başlanması və inkişafına mühüm təsir göstərəcəkdir. Həmin mövzuda elmi nəşrləri və digər materialları NDU-ya göndərməyi davam etdirəcəyəm və gələcəkdə bu optik sahəni tələbələrə tədris edəcəyəm. Bundan başqa, bir neçə tədqiqat mövzusu hazırlamışam və qruplar yaratmağı, hər bir qrupa bu mövzuları təqdim etməyi planlaşdırıram.
Eyni zamanda, yaxın gələcəkdə NDU ilə Yaponiya universitetləri arasında tələbə mübadiləsinin təşkilini də nəzərdən keçiririk. Bu məqsədlə, bir sıra tədbirlər hazırlayıb həyata keçirmək niyyətindəyik.
– Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı barədə Azərbaycan Prezidentinin bu yaxınlarda xüsusi Sərəncamı olub. Bu sənəddə NDU-da təhsilin və elmi tədqiqatların genişləndirilməsi və inkişaf etdirilməsi barədə bəndlər də əksini tapıb. Bu barədə nə deyə bilərsiniz?
– Naxçıvan Azərbaycan tarixində həmişə xüsusi mövqeyə malik olub. Ulu öndər Heydər Əliyev də bu regionu həmişə xüsusi diqqətdə saxlayıb. Prezident İlham Əliyev tərəfindən xüsusi Sərəncamla təsdiq edilən bu sənəd regionun geosiyasi və tarixi-coğrafi şəraiti, habelə təbii resursları və iqtisadi imkanları nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının hərtərəfli müasir inkişafına və perspektivlərinə hesablanmış mühüm əhəmiyyətə malik sanballı yol xəritəsidir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamında Naxçıvanın malik olduğu mövqeyə xüsusi diqqət yetirildiyini düşünürəm. Fikrimcə, bu sənəd Muxtar Respublikanın sakinləri üçün inkişafa aparan enerji mənbəyi rolunu oynayacaqdır. Həmçinin yeni Dövlət Proqramında əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması kimi sosial sahələrə də böyük əhəmiyyət verilir. Bu mühüm sənədin bizim üçün ən əsas və maraqlı olan tərəfi təhsilin, təhsil müəssisələrinin inkişafı, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsinin nəzərdə tutulmasıdır. Yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, Naxçıvan Dövlət Universitetinin elmi-texniki bazasının gücləbdirilməsi, ali təhsilin keyfiyyətinin artırılması, yeni məzmunlu layihələrin planlaşdırılması bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bütün nəzərdə tutulan bu işlərin görülməsi üçün hər birimiz bu istiqamətdə daha fəal iştirak etməyə çalışmalıyıq. Düşünürəm ki, mənim bu işdə rolum Yaponiyadan Naxçıvana kiçik elmi-texniki axın yaratmaqdır və ümid edirəm ki, bir gün bunu bilik, texnologiya və elmin böyük axınına çevirə biləcəyik. Fikrimcə bu məqsədə tələbələrin və müəllimlərin biliklərini zənginləşdirmək yolu ilə çatacağıq.
– Xəlil bəy, dediyiniz kimi bu sizin Naxçıvana sayca ikinci səfəriniz idi. Qədim Azərbaycan yurdu Naxçıvan, naxçıvanlılar haqqında fikrinizi də bilmək maraqlı olardı.
– Bəli, bu mənim qədim türk yurdu, gəlmədən, görmədən Yaponiyadan təbliğ etdiyimiz Naxçıvana sayca ikinci səfərim idi. Qeyd etdiyim kimi, biz hər zaman Yaponiyada fəaliyyət göstərən kütləvi informasiya vasitələrində Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqda obyektiv məlumatların yayılmasına çalışmışıq. Bildiyiniz kimi, Azərbaycan torpaqlarına göz dikən Ermənistan dövləti və dünya erməniləri beynəlxalq elektron informasiya mənbələrində Naxçıvanı qədim erməni torpağı kimi təqdim edərək bu barədə geniş şəkildə yalan məlumatlar yayırlar. Əgər elektron ensiklopediya hesab olunan mənbələrə baxsaq bunun şahidi olarıq. Təəssüflə qeyd edim ki, bu yalan məlumatlar yapon dilində olan mənbələrdə də var. Bunun qarşısını almaq üçün biz Yaponiyada fəaliyyət göstərən diaspor təşkilatı olaraq həm kütləvi informasiya vasitələri, həm də həmin məlumat mənbələri ilə əlaqə saxlayaraq bu informasiyaların düzgün şəkildə verilməsi üçün əlimizdən gələni edirik.
Naxçıvanın və naxçıvanlıların məndə oyatdığı hisslərə gəlincə isə səmimi şəkildə bildirim ki, təəssüratlarıım çox xoş, ürəkaçan və unudulmazdır. Hələ ötən il sizinlə birlikdə Naxçıvana ilk səfər zamanı bu şəhərin tarixi abidələri və görməli yerləri ilə tanış olmuşdum. Naxçıvanın qədim tarixi, Azərbaycan rəhbərliyi tərəfindən buradakı tarixi abidələrə, mədəniyyət obyektlərinə göstərilən diqqət və qayğı mənə çox xoş təsir bağışlamışdı. Həmin vaxt cəmi bir gün Naxçıvanda olduğumuza görə şəhərlə, onun qonaqpərvər və mehriban insanları ilə ətarflı tanış ola bilməmişdim. Yalnız rektorla, sahəyə marağı olan müəllim və tələbələrlə görüşmüş və onların önündə təcrübələrim, tədqiqat üsullarımı barədə məlumat vermişdim. Hörmətli rektor Elbrus müəllimlə şəhər turu zamanı olduğum tarixi yerləri, abidələri isə yaxşı xatırlayıram.
Bu dəfə Naxçıvanda çox qalmaq imkanından istifadə edərək şəhəri daha yaxından tanımağa çalışdım. Axşam gəzintiləri zamanı həm universitet şəhərciyi ilə, həm də şəhər ilə yaxından tanış oldum. Universitet şəhərciyini gəzərkən tələbələrin məni uzaqdan tanıyaraq salamlaşması, yaxınlaşaraq mənimlə foto çəkdirmək istəmələri məni çox məmnun etdi. Şəhərdə gəzərkən və ya naxçıvanlı dostların məni dəvət etdiyi toy məclislərində olarkən də insanların mənə böyük marağının və səmimi münasibəinin, yüksək qonaqpərvərliyin şahidi olmaq çox xoş oldu.
Səmimi deyim ki, Naxçıvan Dövlət Universitetinin timsalında mən sürətlə böyüyən və inkişaf edən Naxçıvanı gördüm və bu məni çox sevindirdi. İnanıram ki, bu inkişaf Naxçıvanın təhsil və elm sahələrinə də öz müsbət təsirini gösətərəcək, qısa zamanda həmin sahələrin dünya syandartları səviyyəsinə yüksəlməsinə böyük təkan verəcək.
-Maraqlı və səmimi müsahibəyə gösə çox minnətdarıq.

Vüqar Ağayev



Follow us on social

Facebook Twitter Youtube

Related Posts