Tokio, 26 avqust, /AJMEDIA/
Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilərin ölkənin işğaldan azad olunmuş torpaqlar da daxil olmaqla bütün ərazisində ilk dəfə təşkili bütün dünya azərbaycanlılarını sevindirir. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu təsdiq edən növbəti mühüm addım kimi xüsusi əhəmiyyətə malikdir. Həmçinin, Azərbaycanın bütün ərazisində vətəndaşların seçki hüququnun təmin edildiyini təsdiq edən mühüm tarixi hadisədir.
AJMEDIA xəbər verir ki, bu sözləri sayta açıqlamasında Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər deyib.
Yaponiyada fəaliyyət göstərən diaspor təşkilatının sədri vurğulayıb ki, artıq 33 ildir müstəqilliyini bərpa etmiş Azərbaycanda böyük seçki təcrübəsi və demokratik dəyərələrə əsaslanan seçki ənənəsi formalaşıb. Bütün bunlar deməyə əsas verir ki, sentyabrın 1-də Azərbaycanda beynəlxalq standartlara uyğun seçkinin keçirilməsi təmin ediləcəkdir.
Yaponiyada yaşayan azərbaycanlıların doğma Vətənimizdə baş verən prosesləri yaxından və diqqətlə izlədiyini bildirən Xəlil Kələntər hazırda davam edən seçkiqabağı təbliğat-təşviqat kampaniyasının da qanunlara müvafiq və demokratik qaydalara uyğun şəkildə aparıldığını, müxtəlif partiyaları əhatə edən namizədlərə bərabər şərait yaradıldığını qeyd edib. Bildirib ki, Azərbaycanda mövcud seçkiqabağı mühiti demokratik hesab etmək olar və bu Vətənimizin sərhədlərindən uzaqlarda da aydın hiss olunur.
Namizədlərə qarşıdakı seçkilərdə uğurlar arzulayan diaspoor təşkilatınnı sədri formalaşacaq parlamentin yeni dövrdə ölkədə mövcud qanunvericiliyinin təkmilləşdirilməsində və demokratik dəyərələrin inkişafında mühüm rol oynayacağına əminliyini də ifadə edib.