Tokio, 25 yanvar, /AJMEDIA/
Azərbaycanda “immunitet sertifikatı” verilməsində yeni qayda tətbiq edilməyə başlanılıb. Yeni növ koronavirusa (COVID-19) yoluxanların sağaldıqdan sonra immunitetə malik olmalarını təsdiq edən sertifikat pozitiv test nəticəsi tarixindən 7 gün sonra veriləcək. Eyni zamanda laboratoriya testinin nəticələri pozitiv çıxanların və onlarla təmasda olanların yaşayış yerində və olduğu yerdə təcridolunma müddəti də 14 gündən 7 günə azaldılıb.
AJMEDIA xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazovun dediyinə görə, ölkədə karantin müddəti virusun inkubasiya dövrünün qısalması və yeni ştamın spesifik xüsusiyyəti nəzərə alınaraq azaldılıb. Onun verdiyi məlumata görə, bu, ölkədə “omikron”un geniş yayılması və aparıcı ştama çevrilməsi ilə əlaqədardır: “omikron”un törətdiyi patologiya daha yüngül keçir. Xəstəliyin inkubasiya dövrü qısadır, həmin ştamla yoluxanlarda kliniki əlamətlər 1-3 gün ərzində başlayır. İnfeksiyanın yoluxuculuq dövrü də qısadır. Xəstəlik əlamətlər başlamamışdan bir-iki gün əvvəl və əlamətlər dövründə təxminən 3 gün yoluxucu olur və bundan sonra onun başqalarını yoluxdurmaq qabiliyyəti aradan qalxır. Yoluxanların əksəriyyəti xəstəliyi yüngül keçirir, xəstəliyin davametmə müddəti təxminən bir həftədir”.
O, karantin müddəti bitdikdən sonra koronavirusun əlamətləri qalarsa, ətraf mühit üçün təhlükəlilik dərəcəsi barədə bunları deyib: “İnfeksion proses başa çatdıqdan sonra müəyyən əlamətlərin qalması ətraf üçün təhlükə törətmir. Bundan başqa, PostCOVID sindromu da məlumdur. Bəzən xəstəlik ağır keçdiyi üçün immuniteti zəif olanlarda 14 günlük təcrid müddətindən sonra da virusun aktivliyi aşkar edilirdi, lakin bu, istisna haldır. Belə xəstələr əsasən xəstəxana şəraitində müalicə alanlar idi və çoxluq təşkil etmirdilər. Testlərin nəticələri pozitiv çıxsa da, onların yoluxduruculuq qabiliyyəti yüksək deyildi”.
Karantin müddətinin azaldılması cəmiyyətdə koronavirusun gücdən düşdüyü barədə fikir formalaşdırır. Təyyar Eyvazovun dediyinə görə, bu, əsasən, kütləvi immunitetin formalaşması ilə əlaqədardır. Buna baxmayaraq, “buster” doza ilə peyvənd vurduraraq virusdan qorunmaq lazımdır: “Virusun zəifləməyi onun çoxlu mutasiyaya məruz qalması və kollektiv immunitetin formalaşması ilə əlaqədardır. Əhalinin xeyli hissəsi ya xəstələnərək, ya da peyvənd olunaraq immunitet qazanıb. İmmuniteti bir qədər də yüksəltmək üçün xüsusən də risk qruplarına aid olanların “buster” doza vurdurması tövsiyə olunur. Yalnız bu yolla xəstələnmə hallarının sayını azaltmaq olar. Əsas odur ki, xəstəxana çarpayıları və reanimasiya şöbələri yüklənməsin”.
İki ildir ki, bütün dünyanın mübarizə apardığı COVID-19 bəlasından yaxa qurtarmaq üçün nəinki üçüncü, hətta dördüncü doza peyvənd vurdurmağa da hazır olmaq lazımdır.