“Veçerni Bişkek” qəzeti Ermənistanın siyasi manipulyasiyaları haqqında məqalə dərc edib

Tokio, 8 sentyabr , /AJMEDIA/

Qırğızıstanın “Veçerni Bişkek” qəzeti Laçın yolu ətrafında vəziyyət və Ermənistanın siyasi manipulyasiyaları haqqında məqalə dərc edib.

AJMEDIA xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı əsnasında Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın-Xankəndi marşrutunun gömrük və sərhəd rejiminə əməl olunmaqla istifadə ediləcəyi barədə fikirləri yer alıb.

Sonra Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilova istinadla yaranmış vəziyyətin təfərrüatları diqqətə çatdırılıb. Məqalədə vurğulanır ki, Ermənistan Azərbaycan ərazisindən tam şəkildə çıxarmadığı hərbi birləşmələrinin təchizatı və saxlanması imkanlarından məhrum olması, həmçinin təbii ehtiyatların qeyri-qanuni hasilatını həyata keçirməyin mümkün olmadığı reallığı ilə barışa bilmir, bu səbəbdən beynəlxalq ictimaiyyətə yanlış məlumatlar verir. Bu ölkə gərginliyi süni şəkildə artırır, etnik nifrəti təbliğ edərək, faktları təhrif edərək, “blokadalar” və “humanitar böhranlar” haqqında yalanlar yaymaqda davam edir. Hadisələrin inkişafı göstərir ki, İrəvan münaqişəyə xarici gücləri cəlb etməyə çalışır və normallaşma prosesini, habelə sülh sazişinin imzalanmasını sonsuzadək uzatmağa cəhd edir.

Azərbaycan diplomatı vurğulayır: “Bu, həmişə gündəmdə olan bir sualdır: Ermənistan niyə vəziyyəti gərginləşdirir, Azərbaycanın sülh təşəbbüslərinə məhəl qoymur? Səbəb ondan ibarətdir ki, Ermənistanın əvvəlki məqsədləri azacıq da dəyişməyib. İrəvan sadəcə olaraq daha əlverişli məqamı gözləyir, bunun üçün 30 il ərzində danışıqlar prosesini uzatdığı kimi, indi də məsələni beynəlmiləşdirir, imkan yaranarsa, sözdə status məsələsini yenidən gündəmə gətirmək istəyir. Amma bu, heç vaxt baş tutmayacaq”.

Məqalədə qeyd edilir: “Azərbaycan Prezidenti İlham Əliyevin erməni əhalisinin ölkəmizin tamhüquqlu vətəndaşları olması barədə bəyanatına rəğmən, Ermənistan bütün dünyaya car çəkir ki, guya Azərbaycan Qarabağın erməniəsilli sakinlərini blokadada saxlayır və orada əsl humanitar böhran mövcuddur. Məhz belə olan vəziyyətdə Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Qarabağın erməniəsilli əhalisinə 40 ton un göndərib. Lakin həmin yük bir həftədən artıqdır ki, Ağdam-Xankəndi yolunda qalıb. Trası bağlayan erməni separatçıları bildirirlər ki, “heç bir vəchlə, hətta acından ölsələr belə”, bu yükü buraxmayacaqlar. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tamamilə düzgün qeyd edib ki, Laçın yolu ətrafında vəziyyət humanitar deyil, siyasi xarakter daşıyır”.

Qırğız nəşrinin məqaləsində deyilir: “Əslində, əgər Xankəndindəki ermənilərin çörəyi yoxdursa, onda cəmi 20 kilometrlik məsafədə gözləyən onlarla ton unu niyə buraxmırlar? Yəni, “Qarabağ ermənilərinin aclıq təhlükəsi ilə üzləşməsi” haqqında saxta erməni təbliğatı tipik siyasi möhtəkirlikdir, onun məqsədi isə Azərbaycana öz əraziləri üzərində tam suverenliyini bərpa etməyə əngəl törətməkdir”.

Lətif Qəndilov qeyd edir: “Beynəlxalq humanitar normalara əsasən, bu və ya digər ölkəyə göndərilən hər hansı humanitar yardım gömrük rüsumlarından azad edilir. Amma Azərbaycan müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşən öz ərazilərində humanitar fəlakətin olduğunu bəyan etməyib. Müvafiq olaraq, Bakı xaricdən humanitar yardımın göstərilməsinə çağırmayıb. Xankəndində olan separatçı rejimin nümayəndələrinin sözdə “humanitar böhran” haqqında bəyanatlarına gəldikdə, onların heç bir əsası yoxdur, çünki Azərbaycan Ağdam-Xankəndi yolu ilə tədarükləri həyata keçirməklə, Qarabağ ermənilərini fasiləsiz olaraq zəruri olan hər şeylə təmin etməyə hazırdır”.

Onun sözlərinə görə, Bakının tələbləri aşağıdakılardan ibarətdir: Qarabağın erməniəsilli sakinlərinin Azərbaycanın hüquqi məkanına reinteqrasiyası prosesini başlamaq zəruridir, bu, Xankəndindəki separatçı rejimin, həmçinin Ermənistanın birbaşa maliyyələşdirdiyi qeyri-qanuni hərbi birləşmələrin ləğv edilməsi ilə müşayiət olunmalıdır.

Səfir sonda deyib: “Daha bir mühüm hətta, çox vacib məqam ondan ibarətdir Laçın yolu haqqında danışanda, Naxçıvana yolun açılması məsələsini ümumiyyətlə unutmağa çalışırlar. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulub: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts