Vaqif Xaçaturyanın istintaqa cəlb edilməsinə Ermənistanın reaksiyası isterik yanaşmadır – siyasi şərhçi

Tokio, 31 iyul , /AJMEDIA/

Meşəli qətliamının icraçılarından olan Vaqif Xaçaturyanın istintaqa cəlb edilməsinə Ermənistanın reaksiyası isterik yanaşmadan qaynaqlanır. Çünki Azərbaycan sərhədində “humanitar yardım” şousu təşkil edən Ermənistanın məqsədi rəsmi Bakıya qarşı beynəlxalq təzyiqin edilməsinə, nəticədə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yüklər üçün açılmasına nail olmaqdır. Ermənistanda hesab edirdilər ki, onların bu manipulyasiyası qısa müddətdə nəticə verəcək. Lakin Azərbaycan suveren hüquqlarına əsaslanan mövqeyindən geri çəkilmədi. Baş verənlərin fonunda Meşəli qətliamının icraçılarından olan Xaçaturyanın “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılması isə həm də Ermənistan və onun havadarları üçün rəsmi Bakının nəinki geri çəkilməyəcəyi, hətta Xocalı soyqırımının icraçıları da daxil olmaqla əli azərbaycanlıların qanına batmış cinayətkarların cəzalandırılacağına dair güclü mesaj oldu.
Bunu açıqlamasında siyasi şərhçi Asif Nərimanlı söyləyib.
Onun sözlərinə görə, Vaqif Xaçaturyanın istintaqa cəlb edilməsi ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinə ilk praktiki zərbənin endirilməsidir. Azərbaycan dövləti Robert Koçaryan və Serj Sarkisyan başda olmaqla bu cinayətkarlarının cəzalandırılması istiqamətində iş aparır. Lakin indiyə qədər bu addımlar daha çox siyasi-informasiya müstəvisində atılırdı, indi isə hüquqi müstəvidə bir ilk yaşandı. Qətliamın icraçılarından biri Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı və istintaqa cəlb olundu.
Bunun bir neçə kontekstdən əhəmiyyətli olduğunu vurğulayan siyasi şərhçi deyib: “Birincisi, Azərbaycan heç nəyi unutmadığını və Ermənistanla sülh bağlansa belə, xalqımıza qarşı törədilən soyqırımlarının iştirakçılarının bağışlanmayacağını əyani şəkildə göstərdi. İkincisi, Xaçaturyanın həbsi soyqırımlarının digər icraçılarının da cəzasız qalmayacağı deməkdir”.
Asif Nərimanlının sözlərinə görə, torpaqlarımızı işğalda saxlayan Ermənistan hesab edirdi ki, bu əbədi davam edəcək, amma Azərbaycan cəmi 44 gün ərzində bu işğala son qoydu. Xaçaturyanın həbsi də heç vaxt cəzalandırılmayacaqlarını düşünən soyqırımı icraçılarının bir gün ədalət qarşısına çıxacağı siqnalıdır. Soyqırımı icraçılarına qarşı praktiki addımların atılması bu soyqırımlarının arxasındakı gerçəklərin beynəlxalq ictimaiyyətə təqdim edilməsinə, Ermənistanın soyqırımı siyasətinin ifşa edilməsinə imkan verəcək amildir. Ermənistanın isterik reaksiyası bundan qaynaqlanır.
“V.Xaçaturyanın saxlanılması haqqında Ermənistan tərəfinin iddiaları isə uydurmadan başqa bir şey deyil və buna görə beynəlxalq müstəvidə adekvat reaksiya görmür. Azərbaycanın hüquq-mühafizə orqanlarının əlində Xaçaturyanın Meşəli qətliamının icraçılarından olmasına dair faktlar mövcuddur, lazım olarsa, bu faktlar beynəlxalq instansiyalara da təqdim edilə bilər və atılan addım beynəlxalq konvensiyalara uyğundur. Ermənistanda düşünürlər ki, hay-küy salmaqla nəticə əldə edə biləcəklər, lakin bu baş tutmayacaq, onların hay-küy siyasəti də, apardıqları kampaniya da hüquqi baxımdan heç nə edə bilməməkdən qaynaqlanır”, – deyə siyasi şərhçi diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts