Vətən müharibəsi əlilinin məişət şəraiti və tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

Tokio, 2 may , /AJMEDIA/

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya verilən məlumata görə, Vətən müharibəsi əlili, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” medalları ilə təltif olunan Müzəffər Abbasovun ailəsinin məişət şəraiti və tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Hərbi xidməti başa vurduqdan sonra içindəki Vətən sevgisi başqa sahələrdə işləməyinə imkan verməyən Müzəffər 2018-ci ildə yenidən ordu sıralarına qayıdıb. M.Abbasov bir hərbi qulluqçu kimi Vətən müharibəsində iştirakından bəhs edərək deyib: “Müharibə başlananda Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində mövqe tutmaq barədə əmr aldıq. Qızğın döyüşlər gedirdi. İncəçayın üzərindən keçərək Ağdərə rayonunun Ağçux kəndi tərəfə qalxan zaman bizi ağır raketlərlə vurdular. Çox keçmədən həmin əraziyə ikinci raket atıldı. Bu zaman dalğa məni olduğum yerdən 20 metr kənara atdı. Ayıldıqdan sonra yandığımı gördüm və özümü söndürməyə başladım. Döyüş yoldaşlarım məni savaş meydanından çıxardılar və təcili tibbi yardım maşını ilə Naftalandakı hospitala təxliyə olundum. İlkin tibbi yardım göstərildikdən sonra ağır yanıq xəsarətim olduğu üçün təcili olaraq helikopterlə Bakıya göndərildim. Burada dəfələrlə əməliyyatlar keçirdim. Bir müddət sonra aşağı ətraflarımın hərəkət qabiliyyətinin bərpası məqsədilə Buzovnadakı Sanator-Kurort Reabilitasiya Mərkəzinə göndərildim. Mərkəzin mütəxəssisləri ayaqlarımda quruma prosesinin getdiyini gördülər və buna görə “YAŞAT” Fonduna müraciət edildi. Fondun dəstəyi ilə müalicə məqsədilə Türkiyəyə göndərildim. Qardaş ölkədə həm burnumdan, həm qulağımdan, həm də ayağımdan əməliyyat olundum. Əməliyyatdan sonra da bir müddət müalicələrim Türkiyədə davam etdi. Əvvəlki vaxta nisbətən indi özümü daha yaxşı hiss edirəm. Ailəmin və övladlarımın yanında olduğum üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts