Vətən müharibəsi qazilərinə və iştirakçılarına medallar təqdim olunub

Tokio, 25 avqust , /AJMEDIA/

Tərtərdə ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimetmə mərasimi keçirilib.
AJMEDIA xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, qazilərin, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı Zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq.
M.Məmmədov Vətən üçün sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. O, torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçuları təbrik edərək, Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib.
Sonra 85 nəfərə “Laçının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olunub.
Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts