Tokio, 31 mart , /AJMEDIA/
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı vəziyyətin inkişafının ən çox ehtimal olunan ssenarisi kimi əhalidə immunitetin artması səbəbindən xəstəliyin gedişatının şiddətinin azalmasını hesab edir. AJMEDIA “TASS” Agentliyinə istinadla xəbər verir ki, bu barədə ÜST Baş katibi Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
Baş direktor deyib ki, ÜST COVID-19 ilə bağlı strateji planın üçüncü redaksiyasını işləyib hazırlayıb. “Bildiklərimizə əsasən ən çox ehtimal olunan ssenari ondan ibarətdir ki, COVID-19 virusu inkişaf etməyə davam edəcək, lakin səbəb olduğu xəstəliyin ağırlığı tədricən azalacaq, çünki vaksinasiya və yoluxma nəticəsində immunitet artacaq”, – deyə Tedros Qebreyesus vurğulayıb.
ÜST-nin Baş direktorunun sözlərinə görə, strateji plan, həmçinin digər iki ssenarini nəzərdə tutur. O bildirib ki, immunitet azaldıqca, COVID-19-a yoluxma hallarında “mütəmadi sıçrayışlar” baş verəcək və əhalinin həssas qrupları üçün buster vaksinləri tələb olunacaq.
“Ən əlverişli ssenariyə görə, koronavirusun indiki ştamları ilə müqayisədə daha yüngül xəstəliyə səbəb olan ştamlar yarana bilər və o zaman indiki vaksinlərin düsturunun dəyişdirilməsində ehtiyac olmayacaq”, – deyə ÜST-nin Baş direktoru davam edib. Lakin, “ən pis ssenari”yə görə, koronavirusun daha virulent və yoluxucu variantı meydana gələ bilər. Bu halda “insanların ağır xəstəlik və ölümdən müdafiəsi” sürətlə azalacaq. Tedros Qebreyesus vurğulayıb ki, bu halda “vaksinlərə əhəmiyyətli dərəcədə dəyişikliklər etməyə” ehtiyac yaranacaq. Bundan əlavə, “xəstəliyin ağır forması qarşısında daha həssas” insanları vaksinlə təmin etmək lazım olacaq.
ÜST-nin Baş direktorunun sözlərinə görə, 2022-ci ildə pandemiyanın kəskin fazasına son qoymaq üçün müşahidəetmə sistemi, immunizasiya, müalicə, tədqiqatların aparılması və COVID-19 qarşı alətlərə bərabər çıxışın təmin edilməsinə investisiyaların qoyulmasına ehtiyac var. Bundan əlavə, ÜST başçısı qeyd edib ki, pandemiya ilə mübarizədə səylərin koordinasiyasına diqqər yetirilməlidir. O təsdiqləyib ki, təşkilat əvvəlki kimi bu ilin ortalarına qədər bütün ölkələrdə əhalinin ən azı 70 faizinin koronavirusa qarşı vaksinlərlə əhatə edilməsinə nail olunmasını vacib vəzifə hesab edir. Baş direktor xatırladıb ki, bu günə planetin üçdə biri hələ ki bir dənə də olsun vaksin dozasını almayıb, onlardan 83 faizi Afrika ölkələri vətəndaşlarıdır.