Ümummilli Liderin xatirəsi Xorvatiyada anıldı

Tokio, 11 dekabr , /AJMEDIA/

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqreb şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında danışıb, Ulu Öndərin dahi şəxsiyyət, uzaqgörən lider və dünya şöhrətli siyasi xadim olduğunu, müstəqil Azərbaycan dövlətçiliyinin təməlini qoyduğunu bildirib.
Səfir Ulu Öndərin 1993-cü ildə dövlətçiliyimizin təhlükə qarşısında olduğu bir vaxtda xalqın tələbi ilə hakimiyyətə gəldiyini, cəsarəti və yenilməzliyi sayəsində Azərbaycan dövlətini vətəndaş qarşıdurmasından, o cümlədən məhvolma təhlükəsindən xilas etdiyini, müdrik siyasəti və dönməz əqidəsi sayəsində ölkəmizdə milli dövlətçilik ideyasının formalaşdığını vurğulayıb. Eyni zamanda, məhz Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan dövlətinin siyasi, ideoloji və iqtisadi əsaslarının formalaşdığı, xalqımızın milli və qlobal dəyərlərə əsaslanan demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzusunun reallaşdığı diqqətə çatdırılıb.
A.İmanov, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanla dünyanın ən böyük beynəlxalq neft şirkətləri arasında “Əsrin müqaviləsinin” imzalandığını, bu müqavilə nəticəsində ölkəmizə daxil olan maliyyə vəsaitlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldildiyini qeyd edib. Bütün bunların ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamasına gətirib çıxardığı vurğulanıb.
Səfir, həmçinin Ulu Öndər tərəfindən əsası qoyulan siyasətin bu gündə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin böyük uğurlar və nailiyyətlər əldə edərək regionun lider dövlətinə çevrildiyini qeyd edib.
Xorvatiyanın 1996-2000-ci illərdə Azərbaycanda səfiri vəzifəsində çalışımış İvitsa Tomiç çıxışında ilk dəfə Azərbaycana səfər edərkən ölkəmizin rəngarəng tarixi və incəsənətinə, memarlıq abidələrinə, xalqımızın qonaqpərvərliyinə valeh olduğunu diqqətinə çatdırıb.
İvitsa Tomiç, həmçinin səfir kimi fəaliyyət göstərdiyi müddətdə Heydər Əliyevlə bir neçə dəfə şəxsən görüşmək şərəfinə nail olduğunu, bu görüşlərin onun xatirəsində dərin iz buraxdığını, Ulu Öndərin dühasına, müdrikliyinə və uzaqgörənliyinə heyran qaldığını vurğulayıb. Səfir, eyni zamanda, o vaxt müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın bir sıra çətinliklərlə üz-üzə qaldığını, lakin Heydər Əliyev kimi fenomen Liderin yorulmaz fəaliyyəti və səyləri nəticəsində böyük uğurlar əldə edərək bugünkü inkişafa nail olduğunu qeyd edib.
Daha sonra Azərbaycan və Xorvatiya musiqi qrupları ölkəmizin dahi bəstəkarlarının əsərlərini birlikdə ifa ediblər.
Tədbir ziyafətlə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts