Ulu Öndər Heydər Əliyevin xatirəsi Xarkovda anılıb

Tokio, 9 may , /AJMEDIA/

Xarkov Milli Şəhər Təsərrüfatı Universitetinin Muzey Kompleksində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilib.
AJMEDIA xəbər verir ki, dəyirmi masa Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun təşəbbüsü ilə təşkil edilib.
Tədbirdə çıxış edən Xarkov Milli Şəhər Təsərrüfatı Universitetinin rektoru Vladimir Babayev Ukrayna-Azərbaycan əlaqələrinin formalaşmasında və möhkəmlənməsində Heydər Əliyevin xidmətlərinin əhəmiyyətini vurğulayıb. Rektor, həmçinin hazırda Ukraynaya göstərilən hərtərəfli humanitar dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.
Fəxri konsul Əfqan Salmanov çıxışında Ulu Öndərin regionun inkişafında göstərdiyi misilsiz xidmətlərindən danışıb.
“Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətində təhsil və mədəniyyət sahəsinə böyük diqqət yetirib. Heydər Əliyev ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə böyük töhfələr verib. O, Ukrayna və Azərbaycan arasında münasibətlərin memarıdır”, – deyə Əfqan Salmanov əlavə edib.
Tədbirdə digər çıxış edənlər Heydər Əliyevin fəaliyyətindən geniş söhbət açıblar.
Dəyirmi masada Xarkov Regional Şurası sədrinin müşaviri Mark Bekker, Xarkov Milli Şəhər Təsərrüfatı Universitetinin kafedra müdirləri, Muzey Kompleksinin nümayəndələri, tələbələr iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts