Ukraynada yaşayan Azərbaycan vətəndaşları Kiyevdə səs verəcəklər

Tokio, 22 yanvar , /AJMEDIA/

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Ukraynadakı səfirliyində seçki məntəqəsi yaradılıb.

Səfirlikdən AJMEDIA-ya bildiriblər ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçici siyahıları tutulub və Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Həmçinin səsvermə zamanı istifadə olunacaq müvafiq ləvazimatlar alınıb. Ukrayna müharibə şəraitində olduğu üçün səsvermə günü təhlükəsizlik tədbirləri də nəzərdə tutulub.

Bu dəfə səs verənlər arasında seçkilərdə ilk dəfə iştirak edəcək Azərbaycan gəncləri də olacaq.

Baqamolts adına Milli Tibb Universitetinin 3-cü kurs tələbəsi olan Zümrüd Aslan AZƏRTAC-a bildirib ki, ilk səsvermə hüququnu ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan vətəndaşı kimi reallaşdıracağından qürur duyduğunu bildirərək deyib: “Harada yaşamağımızdan və təhsil almağımızdan asılı olmayaraq, ürəyimiz, qəlbimiz daim Vətənimizlə döyünür. Təbii ki, mən Azərbaycanın Ukraynadakı səfirliyində səs verəcəyəm. Amma özümü ruhən Şuşada, Xankəndidə, Xocalıda, Laçındakı seçki məntəqələrindəki kimi hiss edəcəyəm. Bir gənc olaraq arzu edirəm ki, bu prezident seçkiləri xalqımıza, ölkəmizə yeni-yeni qələbələr, sevinclər bəxş etsin”.

Kiyevdə təhsil alan digər azərbaycanlı tələbə İmamverdi Allahverdiyev AZƏRTAC-a bildirib ki, bu seçkilər Azərbaycan üçün önəmlidir, çünki ilk dəfə olaraq vətəndaşlarımız işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Xankəndi, Şuşa, Laçın, Kəlbəcərdə səs verəcəklər.

“Mən də sevinirəm ki, qalib ölkənin vətəndaşı kimi ilk dəfə səsvermə hüququmdan istifadə edəcəyəm. Bütöv Azərbaycanın vətəndaşı olaraq seçkilərdə iştirak etmək çox qürurvericidir”, – deyə o vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts