Tokio, 20 avqust, /AJMEDIA/
“Ukrayna radiosu”nun (Ukrayna Milli İctimai Televiziya və Radio Şirkəti) “Yenidənqurma” adlı verilişində II Qlobal Şuşa Media Forumu ətraflı müzakirə olunub.
AJMEDIA xəbər verir ki, Ukrayna-Azərbaycan layihələrinin kuratoru, jurnalist, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Qonçaruk Olena Sharpanskanın aparıcısı olduğu proqramda iştirak edib.
M.Qonçaruk Azərbaycanda keçirilən Şuşa Media Forumundan, Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sualdan və dövlətimizin başçısının cavabından danışıb.
O deyib: “Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Ukraynaya 40 milyon dollardan artıq yardım göstərilib və bu, davam etdiriləcək. Ölkəmiz göstərdiyi dəstəyə və humanistliyə, beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə sadiqliyinə görə dost Azərbaycan xalqına və Prezident İlham Əliyevə minnətdardır”.
Qonçarukun sözlərinə görə, ukraynalı və azərbaycanlı jurnalistlərin əməkdaşlıq etməsi, onların feyk və yanlış xəbərlərə qarşı birgə mübarizə aparması çox vacibdir. O əlavə edib: “Hər iki ölkə hərbi təcavüzdən əziyyət çəkib, bu səbəbdən həm də işğalçı ölkənin informasiya müharibəsinə və saxta məlumatların yayılmasına qarşı mübarizə aparmağa məcburdur”.
Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi əlavə edib: “Azərbaycan ukraynalıların dərdinə şərikdir, çünki təcavüzkar ölkənin hərəkətlərindən əziyyət çəkməyin, ərazilərin itirilməsinin, qaçqınlar probleminin nə demək olduğunu yaxşı bilir. Respublika bizim ölkəyə həm humanitar yardım göstərir, həm də minatəmizləmə sahəsində Ukrayna ilə səmərəli əməkdaşlıq edir. Belə ki, bizə minatəmizləmə maşını verilib. Bundan əlavə, Azərbaycan Ukraynanın enerji sisteminin bərpasına da yardım edib”. Politoloq Ukrayna və Azərbaycanın ardıcıl olaraq bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini və bunun ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində qarşılıqlı anlaşma üçün mühüm amil olduğunu vurğulayıb.
Proqram çərçivəsində, həmçinin Ukrayna-Azərbaycan münasibətləri, Azərbaycanın COP29-a hazırlığı, qarşıdan gələn parlament seçkiləri, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin hazırlanması və digər məsələlərə toxunulub.