Tokio, 28 oktyabr , /AJMEDIA/
Bu ilin doqquz ayı ərzində Türkmənistan və Türkiyə arasında ticarət dövriyyəsi 2,1 milyard dollara çatıb. Bu, bütövlükdə ötən il qeydə alınan göstəricidən çoxdur.
AJMEDIA xəbər verir ki, “Türkmənistan” qəzeti bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza istinadla məlumat yayıb.
“Son illər Türkmənistanla Türkiyə arasında ticari-iqtisadi əməkdaşlıq xeyli güclənib. Ötən il ikitərəfli ticarət dövriyyəsinin həcmi 2 milyard dollar idisə, cari ilin ilk doqquz ayı ərzində bu göstərici 2,1 milyard dolları ötüb”, – deyə Cevdet Yılmaz bildirib.
Onun sözlərinə görə, ötən il Türkiyədən Türkmənistana ixracın 19 faizini elektrik avadanlıqları, 10 faizini metal məmulatları, 8 faizini sənaye avadanlıqları və ehtiyat hissələri, 4 faizini isə sənaye təyinatlı vasitələr təşkil edib.
“Ölkələrimizin məqsədi ikitərəfli ticarət həcmini 5 milyard dollara çatdırmaqdır”, – deyə Türkiyənin vitse-prezidenti vurğulayıb.