Türkmənbaşı limanı Bakıdan ilin ilk quru yüklərini qəbul edib

Tokio, 1 yanvar , /AJMEDIA/

Bakıdan yola düşən “Türkmənistan” quru yük gəmisi Türkmənbaşı Beynəlxalq Dəniz Limanının konteyner terminalının sahilində lövbər salıb. Onun ardından konteynerlər yüklənmiş “Magtimgulu” quru yük gəmisi də limana yaxınlaşıb. Bunlar 2024-cü ildə yük gəmilərinin həmin marşrut üzrə həyata keçirdiyi ilk reyslərdir.

AJMEDIA Türkmənistan KİV-lərinə istinadla xəbər verir ki, ötən il quru yük gəmilərindən ibarət donanma Türkmənistanın milli dəniz yükdaşıyıcısı – “Dəniz ticarət limanı” Qapalı Səhmdar Cəmiyyətinin istehsalat proqramının uğurla həyata keçirilməsinə mühüm töhfə verib. Belə ki, 2023-cü ildə “Dəniz ticarət limanı” QSC-nin gəmiləri ilə xarici Xəzər limanlarına və həmin limanlardan əks istiqamətdə 2 milyon tondan artıq yük daşınıb.

Daşınan yüklərə neft məhsulları, tikinti materialları, gübrələr, taxıl, konteynerlər, digər türkmən yükləri və tranzit yüklər daxildir. 2023-cü il ərzində quru yük gəmiləri və bərələr təyinat limanlarına 4000-ə yaxın konteyner, 15000-dən çox avtomobil və digər avadanlıq çatdırıblar. 2023-cü il ərzində RO-PAX sinifli Türkmənistanın avtomobil-sərnişin gəmiləri – “Berkarar” və “Bagtyýar” Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında Xəzər dənizində ən işlək xəttə fasiləsiz xidmət göstərib. Bu gəmilərin hər biri 54 yük maşını və 200 sərnişin daşımaqla yanaşı, marşrutu 12 saata qət edir.

Türkmənistanın Dəniz Ticarət Donanmasına quru yük gəmiləri, neft və neft məhsullarının daşınması üçün tankerlər, sərnişin gəmiləri, avtomobil-sərnişin bərələri, yaxtalar, müxtəlif dərəcəli yedək gəmiləri və yardımçı gəmilər daxildir.

Donanmanın marşrut xəritəsinə Türkmənbaşı limanından Həştərxan (Rusiya), Aktau (Qazaxıstan), Bakı (Azərbaycan), Ənzəli (İran), Nevşəhr (İran), Bəndər-Türkmən (İran) istiqamətində daşımalar daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts