Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar

Tokio, 3 iyun , /AJMEDIA/

Türkiyədən bir qrup hava şarı pilotu Şamaxıda keçiriləcək hava şarları festivalında iştirak edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə Türkiyədə hava şarlarının layihələndirilməsi və istehsalı ilə məşğul olan “PAŞA Balloons” şirkətinin hava şarı pilotu Alihan Tombak məlumat verib. Onun sözlərinə görə, artıq Azərbaycan tərəfindən altı hava şarı, o cümlədən üzərində Azərbaycan bayrağı olan hava şarı alınıb və Şamaxıdakı ikinci festival zamanı türkiyəli pilotlar tərəfindən idarə olunacaq.

Pilot Türkiyədə hava şarı pilotlarının hazırlanması kurslarının təşkilindən danışıb, Azərbaycandan ilk üç mütəxəssisin artıq pilot kursu keçdiyini qeyd edib. Azərbaycanlı mütəxəssislər təkcə nəzəri biliklərə yiyələnməyəcəklər, eyni zamanda, sınaq uçuşlarına cəlb olunacaqlar.

A. Tombak, pilotun idarə edə biləcəyi hava şarı səbətinin ölçüsünü məhz uçuş vaxtının təyin etdiyini bildirib. Məsələn, 28 sərnişini olan hava şarını göyə qaldırmaq üçün pilotun havada 550 saat, 32 sərnişini olan səbət üçün isə 1500 saat sərf etməsi tələb olunur.

Eyni zamanda, uçuş müddətində pilotlar toqquşmalar da daxil olmaqla, hər hansı bir hadisənin qarşısını almaq üçün bir-birləri ilə ratsiya vasitəsilə əlaqə yaradırlar.

“Hazırda hava şarında uçuş zamanı evlilik təkliflərinin edilməsi məşhur ənənəyə çevrilib və bu zaman əsasən ürək formalı hava şarından istifadə olunur”, – A.Tombak deyib.

Kapadokyada keçirilən məşhur hava şarı festivalından danışan pilot təşkilatçıların Azərbaycan tərəfinə də üçgünlük tədbirdə iştirak etməyi təklif etdiklərini bildirib.

“Kapadokya festivallarında dünyanın müxtəlif yerlərindən dinozavrlar, maşınlar, heyvanlar, dəniz ulduzları şəklində müxtəlif formalı hava şarlarını görə bilərsiniz. Azərbaycanın festivalda iştirakına ümid edirik”, – deyə Türkiyə şirkətinin pilotu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts