Türkiyədə keçirilən dördtərəfli görüşdə taxıl ixracı üzrə koordinasiya mərkəzi yaradılması barədə razılıq əldə olunub

Tokio, 14 iyul , /AJMEDIA/

Ukrayna taxılının ixracına dair Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin dördtərəfli görüşündə İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi koordinasiya mərkəzinin yaradılması barədə razılıq əldə olunub.
AJMEDIA xəbər verir ki, bunu İstanbulda keçirilən görüşün nəticələrinə dair açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Bu gün Türkiyənin Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə Kalender Köşkündə Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirliklərinin hərbi nümayəndə heyətləri, eləcə də BMT-nin nümayəndə heyəti arasında görüş keçirildi. Ərzaq böhranının həllinə töhfə vermək üçün mühüm addım olan görüşdə taxıl və digər qida yüklü gəmilərin dəniz yolu ilə təhlükəsiz daşınması ilə bağlı bütün detallar müzakirə edildi. Müsbət və konstruktiv atmosferdə keçən danışıqlar nəticəsində İstanbulda bütün tərəflərin nümayəndələrinin iştirak edəcəyi koordinasiya mərkəzinin yaradılması, limanların çıxış və gəliş nöqtələrində birgə nəzarət, transfer marşrutlarında naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi əsas texniki məsələlər razılaşdırıldı. Nəticə etibarilə əsas prinsiplər haqqında saziş bizim üçün bir məna kəsb edir: tərəflərin bu problemi həll etməyə istəkli olduğunu görürük. Bunu BMT ilə koordinasiyada həyata keçirərək nəticə əldə etməyə çalışacağıq. Ukrayna və Rusiya nümayəndə heyətlərinin gələn həftə Türkiyədə yenidən görüşməsi razılaşdırıldı. Gələn həftə keçirəcəyimiz növbəti görüşdə həm bütün detallar bir daha nəzərdən keçiriləcək, həm də müvafiq sənədə imza atılacaq”, – deyə Hulusi Akar bildirib.
Türkiyənin qlobal ərzaq böhranının həlli, regional sabitlik və dünya sülhü üçün üzərinə düşəni etməyə davam edəcəyini söyləyən nazir Akar taxıl və digər ərzaq məhsullarının daşınmasına verdikləri töhfəyə görə Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinə təşəkkür edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts