Türkiyə universitetlərinin nümayəndələri NDU-da olublar

Tokio, 1 aprel , /AJMEDIA/

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu, universitetin prorektoru, professor Lütfiyə Durak Ata, Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri, professor Ali Tüfekçi Naxçıvan Dövlət Universitetində olublar.

AJMEDIA xəbər verir ki,universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin Konservatoriyasında qonaqlar İnstrumental ifaçılığın Fortepiano, Simli alətlər, Nəfəs alətləri, Solo oxuma ixtisasları üzrə tələbələrin dərsində olub, onların təqdim etdikləri musiqi nömrələrini izləyiblər.

Türkiyəli qonaqlar Litva Respublikasından alınan və ilk dəfə ali təhsil ocağında qurulan elektron filarmoniya avadanlığının fəaliyyətini izləyiblər. Bildirilib ki, optik internet vasitəsilə idarə olunan avadanlıqla, eyni zamanda, 2 fərqli ölkədə konsert yayımlamaq mümkündür. Görüşdə gələcəkdə birgə konsertlərin keçirilməsi barədə razılığa gəlinib. Qonaqlar müəllim və tələbələrdən ibarət Kamera orkestri, Xalq çalğı alətləri ansamblının ifalarını dinləyib, tələbələrin dərs prosesini izləyiblər. Fakültənin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri, zərgərlik məmulatları, heykəltaraşlıq, taxta üzərində oyma və yandırma üsulu ilə yerinə yetirilən sənət əsərləri qonaqların zövqünü oxşayıb.

İkitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqları universitetdə görməkdən məmnunluq duyduğunu, ötən il İstanbul Texniki Universiteti ilə qarşılıqlı görüşlərdən sonra bugünkü görüşün xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb, qardaş ölkənin təcrübəsini öyrənmək baxımından birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Elbrus İsayev Türkiyə universitetləri ilə texniki sahədə gələcək əməkdaşlıq məsələlərinin vacib məqamlarına toxunub. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqqında məlumat verib. Elbrus İsayev 8000-ə qədər tələbəsi olan ali təhsil ocağında 9 ölkədən 1500-ə yaxın əcnəbi tələbənin də təhsil aldığını qeyd edib. Bildirib ki, geniş profilli və müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən universitetdə 43 kafedra istiqamətində 70 ixtisas üzrə kadr hazırlığı aparılır. Professor-müəllim heyəti isə 16 elmi-istiqamət olmaqla, 42 problemin həlli üzrə elmi-tədqiqat işlərini yerinə yetirir.
İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu qeyd edib ki, 1773-cü ildə yaradılan və dünyanın mühəndis hazırlayan ilk universiteti kimi tarixə düşən İstanbul Texnik Universiteti müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda dayanıb. Universitetin prorektoru, professor Lütfiyə Durak Ata Türkiyənin bir çox zavod, fabrik və xüsusilə də IT şirkətlərinin yaradılmasında və idarə edilməsində ali təhsil ocağının mühəndislərinin əməyinin danılmaz olduğunu bildirib.

Görüşdə Texnopark sahəsində əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində işlər müzakirə edilib. Süni intellekt texnologiyaları üzrə müəllimlərin Naxçıvan Dövlət Universitetinə dəvət olunması, tələbələrin bu sahə üzrə təcrübi bazaya yiyələnməsi müzakirə edilən əsas məsələlərdən olub.

Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb, tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb. Müqavilədə elmi rəqabətliliyin təmin edilməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, incəsənət və digər sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Hər iki universitetin rektorları qarşılıqlı əlaqələrə toxunub, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Universitetdə fəaliyyətə başlayacaq Texnopark binasında olan qonaqlara məlumat verilib ki, yeni qurulacaq texnoparkda Energetika, Coğrafiya, Gülkarlıq, Tingçilik, Hovuz, Üzümçülük, Meliorasiya, Arıçılıq, Aqronomluq sahəsi, Biopark, Texnopark binası, Nəbatət bağı, Kənd təsərrüfatı və Tədris otaqları və Sərgi sahəsi fəaliyyət göstərəcəkdir.

Naxçıvan Musiqi Kollecində qonaqlar tələbələrin milli musiqi alətlərimizdən tar, kamança, qarmon ifalarını dinləyib, “Uzundərə” milli rəqsimizi izləyiblər. Sonra kollecin akt zalında müəllim və tələbələrin birgə hazırladığı konsert proqramı nümayiş olunub. Kollecin direktoru Məhəbbət Babayeva İstanbul Texnik Universitetinin rektoruna ən qədim milli zərb alətimiz olan qaval hədiyyə edib.

Universitetin Konservatoriyasında müəllim və tələbələrin iştirakı ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunub. Axşam Konservatoriyanın önündə təşkil edilən konsert proqramında qonaqlar Orkestr alətləri və dirijorluq kafedrasının nəzdində fəaliyyət göstərən Nəfəsli orkestr ansamblının ifasında “Mehtər marşı”nı, sonra isə Xalq çalğı alətləri kafedrasının müəllim və tələbələrinin hazırladıqları musiqi nömrələrini dinləyiblər. Hər iki qardaş ölkənin ən gözəl milli mahnısına çevrilmiş “Azərbaycan-Türkiyə” musiqisi konsert iştirakçılarının ruhunu oxşayıb.

Konsert proqramına Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, prorektor Hicabi Kırlangıç, Qazi Universitetinin rektoru, professor Musa Yıldız, universitetin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan, Xarici əlaqələr bölməsinin müdiri, professor İhsan Kalanderoğlu da qatılıb. Qonaqlar fakültənin sərgi salonunda təşkil edilən sərgiyə də baxıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts