Türkiyə Prezidentinin Azərbaycana dövlət səfəri birliyimizi bütün dünyaya bir daha nümayiş etdirdi

Tokio, 13 iyun , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana iyunun 12-də başlayan dövlət səfəri iki qardaş ölkənin birliyini bir daha bütün dünyaya nümayiş etdiridi. Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Türkiyə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarla, irəli sürdükləri təşəbbüslərlə təsdiqləyirlər. Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən dərhal sonra Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana dövlət səfəri bu qardaşlığın ən parlaq nümunələrindən biridir.
Səfər zamanı Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bu günümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi apararaq qarşıda duran əsas hədəfləri müəyyən etdilər. Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi iki qardaş ölkə arasında münasibətləri bundan sonra daha da möhkəmləndirəcək.
Türkiyə və Azərbaycanın xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcəyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev bunu xüsusi vurğulayıb: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir”.
Azərbaycan Prezidentinin bu sözlərinin davamı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğu istənilən vaxt açmağa hazırıq. Bu konsulluğun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq.
Cəmi 44 gün davam edən Vətən müharibəsindən bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Qardaş Türkiyə Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu dəstək Azərbaycana əlavə güc verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarında da Prezident İlham Əliyev bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.
Bütün dünya bu qardaşlığın növbəti nümunəsini Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı da gördü. Azərbaycan dövləti və xalqı Türkiyə xalqının dərdinə şərik olaraq dərhal zəlzələ bölgəsinə humanitar yardım və xilasedici heyətlər göndərdi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirildi. Məlumdur ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Bu Zirvə görüşünün ardınca İstanbulda “TEXNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycanın zəlzələ baş verən Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməli qoyuldu. Bu, Türk dünyası birliyinin sarsılmazlıq nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əskinasını təqdim etməsi də bu qardaşlıqdan irəli gələn mühüm addım oldu.
Bu gün Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir. Hazırda əsas hədəflər sırasında Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması məsələsi xüsusi yer tutur. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə, aylarda bu məsələ də öz həllini tapacaq.
Göründüyü kimi, iki dost, qardaş ölkə münasibətlərin yeni prioritetlər üzrə inkişaf etdirilməsi üçün böyük iradə və əzm nümayiş etdirirlər. Tərəflər arasında yaxın gələcəkdə atılacaq addımlar hər iki qardaş xalqın rifahına xidmət edir. Dünyaya qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı üçün yeni imkanlar yaranır. Bundan sonra da birgə fəaliyyət istiqamətində görüləcək işlər həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts