Türkiyə mediası: Azərbaycanlı fəallar qanunsuz talana son qoyulanadək etirazları davam etdirməkdə israrlıdırlar

Tokio, 19 dekabr , /AJMEDIA/

Azərbaycan Respublikasında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, o cümlədən erməni separatçılarının digər qanunsuz fəaliyyətlərinə göz yumulmasına qarşı Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda davam edən dinc etiraz aksiyasına məhəl qoyulmaması qardaş Türkiyədə də geniş narahatlıqla qarşılanıb.
AJMEDIA xəbər verir ki, Türkiyə ictimaiyyəti, eləcə də ölkənin aparıcı kütləvi informasiya vasitələri artıq yeddi gündür davam edən dinc etiraz akasiyaya dəstəklərini müxtəlif formalarda nümayiş etdirirlər.
Əvvəla qeyd edək ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADƏHV) ölkəmizin təbii sərvətlərinin talan olunmasına qarşı bəyanatla çıxış edib. Bəyanat dekabrın 14-də Ankarada fəaliyyət göstərən Azərbaycan Evində Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar tərəfindən elan olunub. Türkiyənin aparıcı qeyri-hökumət təşkilatları (QHT) tərəfindən dəstəklənən bəyanatda Rusiya sülhməramlılarının gözü qarşısında törədilən qanunsuz əməllərin dərhal dayandırılması tələb edilib.
Aksiyanın keçirildiyi məkandan reportaj yayan Anadolu Agentliyi yazır ki, erməni əsilli Azərbaycan vətəndaşları ilə bir problemlərinin olmadığını diqqətə çatdıran etirazçılar Rusiya sülhməramlılarının komandanı Volkovun hadisə yerinə gəlməsinə, onların qanuni tələblərini dinləməsinə və rus hərbçilərinin missiyalarını ədalətlə yerinə yetirməsinə çağırışlar ediblər.
“Yeni çağ” media qrupunun rəhbəri Aqil Ələsgərin fikirlərini Türkiyə ictimaiyyətinə çatdıran “Yeni akıt” qəzeti aksiya iştirakçısının sözlərini belə təqdim edib: “Azərbaycan qeyri-hökumət təşkilatları bütün dünyanın diqqətini Ermənistanın törətdiyi ekoloji terrora çəkməyə çalışır”.
Mövzunu davamlı olaraq gündəmdə saxlayan “Haber Global” telekanalı hadisəni belə şərh edib: “Azərbaycanlıların Ermənistanın hüquqazidd mövqeyinə qarşı etirazları davam edir. Laçın-Xankəndi yolunda keçirilən etirazlar hər gün daha da genişlənir. Aksiya iştirakçıları Rusiya sülhməramlılarının yerləşdiyi nəzarət məntəqəsinin qarşısından ayrılmırlar”.
Prosesi “Azərbaycan QHT-lərinin Laçın dəhlizində mədən etirazı” sərlövhəsi ilə təqdim edən “TRT Avaz” telekanalı aksiya iştirakçılarına istinadla diqqətə çatdırıb ki, Rusiya sülhməramlılarının yerləşdikləri Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı 44 günlük Vətən müharibəsinin dayandırılmasına səbəb olan məlum üçtərəfli sazişin şərtlərinə ziddir. Rusiya tərəfi bu məsələdə üzərinə düşən missiyanı ədalətli şəkildə yerinə yetirməlidir. Sülhməramlı kontingent birtərəfli ola bilməz. Bu hal missiyaya ləkədir”.
“Sabah” qəzeti “Azərbaycanlı fəalların Laçın dəhlizində etirazı davam edir” sərlövhəli məqalədə yazır ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı vandalizm nümunəsidir. Azərbaycan vətəndaşları beynəlxalq ictimaiyyətdən öz haqq işlərinə israrla dəstək tələb edirlər.
Türkiyənin aparıcı və əyalət KİV-ləri yazır ki, Azərbaycanın aparıcı qeyri-hökumət təşkilatlarının dinc etiraz aksiyası beynəlxalq hüququn bütün aspektlərini özündə əks etdirir. Havanın şaxtalı və yağıntılı olmasına baxmayaraq, insanlar Vətənin bir parçasına qarşı göstərilən düşmən münasibətlə barışmaq niyyətində deyillər. Aksiya iştirakçıları israr edirlər ki, qanunsuz talana son qoyulanadək etirazlar davam edəcək.
Qeyd edək ki, etiraz aksiyası Türkiyənin bütün təbəqələri tərəfindən dəstək almaqdadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts