Türkiyə ilə Azərbaycan arasında “Miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb

Tokio, 7 iyun , /AJMEDIA/

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseyovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin həmkar qurumunun dəvəti ilə Ankara şəhərinə rəsmi səfər edib.

AJMEDIA xəbər verir ki, qardaş ölkədə səfərdə olan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri, o cümlədən Ankara şəhərindəki xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edib. Azərbaycan və Türkiyənin Ulu Öndərlərinin xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Səfər çərçivəsində DMX-nin rəisi Vüsal Hüseynov qardaş ölkənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb. Görüşdə iki ölkənin müxtəlif sahələrdə birgə əməkdaşlığı yüksək qiymətləndirilib, həmçinin miqrasiya qurumları arasında əlaqələrin daha da inkişafının önəmi və vacibliyi vurğulanıb. Görüşdə, həmçinin vətəndaşlarımızın qarşılıqlı gediş-gəlişinin daha da sadələşdirilməsi istiqamətində mühüm addımların atıldığı qeyd edilib və bu istiqamətdə tədbirlərin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sonra Xidmət rəisi ilə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəçiliyi Qurumunun rəhbəri Atilla Toros arasında geniş tərkibdə görüş keçirilib. Miqrasiya sahəsində işçi əlaqələrin gücləndirilməsi və iki ölkənin vətəndaşlarının bu sahədə üzləşdiyi çətinliklərin operativ həllinə töhfəsini vermək məqsədi daşıyan görüşdə iki ölkə arasında bütün sahələrdə mövcud olan sıx tərəfdaşlığın miqrasiya sahəsində daha da dərinləşdirilməsi, hər iki dövlətin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin dövlətlərimiz arasında miqrasiya sahəsində əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi, bu sahədə məlumat və təcrübə mübadiləsi, habelə yeni birgə fəaliyyətlərin həyata keçirilməsinin önəmi müzakirə edilib. İki ölkə arasında miqrasiya proseslərinin tənzimlənməsinin əsas istiqamətləri barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə hər iki dövlətin vətəndaşlarının müxtəlif məqsədlərlə yaşamalarının, əmək fəaliyyəti ilə məşğul olmalarının sadələşdirilməsi ilə bağlı atıla biləcək mümkün addımlar ətraflı müzakirə edilib.

Daha sonra görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in imzalanma mərasimi keçirilib. Sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır. Sazişi Azərbaycan Respublikası Hökuməti adından Vüsal Hüseynov Türkiyə Respublikası Hökuməti adından isə Atilla Toros imzalayıb.

Azərbaycanın nümayəndə heyəti, həmçinin Ankara Geri Göndərmə Mərkəzini ziyarət edib, Mərkəzin fəaliyyəti və yaradılan şəraitlə tanış olublar.

Səfərin ikinci günündə Xidmət rəisi Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb. Həmin görüşdə tərəflər arasında ötən dövrlərdə keçirilmiş görüşlər məmnunluqla xatırlanıb, eləcə də iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov başda olmaqla səfirliyin əməkdaşları da iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts