Tokio, 31 oktyabr, /AJMEDIA/
Türkiyənin Bartın Universitetinin (BARÜ) təşkil etdiyi VII Beynəlxalq Araşdırma və İnkişaf Bazarında (R&D) layihələr üzrə münsiflər heyətinə dünyanın 9 ölkəsi və Türkiyənin 35 vilayətinin universitet və liseylərindən olan tələbələr öz innovativ işlərini təqdim ediblər.
AJMEDIA xəbər verir ki, noyabrın 7-8-də Bartında keçirilməsi nəzərdə tutulan müsabiqə tədbirinin keçirilməsi ideyası Azərbaycan Texniki Universiteti və Xəzər Universiteti tərəfindən də dəstəklənib.
Təşəbbüs BARÜ tərəfindən 2017-ci ildən texnoloji inkişafı, elm və innovasiyaları dəstəkləmək, eləcə də gənclərin tədqiqat və inkişafa marağını artırmaq məqsədi ilə həyata keçirilir.
Azərbaycan universitetləri ilə yanaşı, R&D layihələri bazarının təşkili Malayziya, Bosniya və Herseqovina, Özbəkistan universitetləri tərəfindən də dəstəklənib.
Müsabiqənin münsiflər heyəti artıq Türkiyə, Azərbaycan, Bosniya və Herseqovina, İran, Qazaxıstan, Kolumbiya, Qırğızıstan, Malayziya və Özbəkistandan 47 universitet, 30 lisey, eləcə də 10 müxtəlif təhsil və araşdırma mərkəzindən tələbələrin ümumilikdə 403 müraciətinə baxıb.
Ən yaxşı layihənin müəllifləri 285 min türk lirəsi pul mükafatı alacaqlar.
Bundan əlavə, layihə iştirakçıları iqtisadiyyatın müvafiq sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə əlaqə yaratmaq və bununla da öz ideyalarını həyata keçirmək imkanı əldə edəcəklər.