Türkiyə-Azərbaycan mütəffiqliyi yalnız xalqlarımıza deyil, həmçinin digər region ölkələrinə də fayda gətirir

Tokio, 26 sentyabr , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana səfəri həm məkan, həm də vaxt baxımından mühüm əhəmiyyətli və çox məhsuldar zirvə görüşü kimi tarixə düşdü.
Hələ bir neçə gün bundan əvvəl BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanın başlatdığı və çox qısa zaman kəsiyində hədəfinə çatan lokal antiterror tədbirlərinin Azərbaycanın haqq işi olduğunu bəyan edən Rəcəb Tayyib Ərdoğan Naxçıvanda da Ermənistana uzadılan sülh əlinin bu ölkə üçün tarixi fürsət olduğunu bildirdi. Türkiyə dövlətinin başçısı sülhə gedən yolun Zəngəzur dəhlizinin açılması ilə mümkün olacağını bir daha təsdiqlədi və Ermənistanın Zəngəzur məsələsində addım atmasının zəruriliyini vurğuladı. Qardaş ölkələrimizin liderlərinin Naxçıvan görüşündə verilən əsas mesajın Azərbaycanın ərazi bütövlüyünün təsdiqindən, iki qardaş dövlət arasında mövcud əməkdaşlığın dərinləşdirilməsindən, Türk dünyasını quru yolu ilə birləşdirəcək Zəngərzur dəhlizinin açılmasından, Ermənistan da daxil olmaqla regionda sülh və sabitliyin təmin edilməsindən ibarət olduğunu desək, yəqin ki, yanılmarıq.
Həmçinin Naxçıvanda baş tutan görüşdə iki qardaş ölkə arasında imzalanan sənədlər xüsusi əhəmiyyətə malikdir. Belə ki, İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyə arasında enerji sahəsində tərəfdaşlığı daha da dərinləşdirəcək və eyni zamanda Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı imzlalan Anlaşma memorandumu da xüsusi əhəmiyyətə malik addım kimi qiymətləndirilməlidir. Belə ki, Bakı-Zəngəzur-Naxçıvan-Qars dəmir yolu xəttinin şərq hissəsi üçün Azərbaycan tərəfində lazımi infrastruktur yaradılarkən, qərb hissəsi üçün də infrastruktur işlərinə başlanılacaqdır. Beləliklə, Orta dəhlizin ən mühüm hissələrindən biri yaın zamanlarda tamamlanacaqdır. Bir az aralıda olan Zəngəzur hissəsini tikmək üçün Ermənistana beynəlxalq təzyiqlər artacaqdır.
Bütün bununla yanaşı, Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılışı da mühüm hadisə kimi dəyərləndirilməlidir. Burada hərbi maşın və sursatların modernləşdirilməsi ilə əlaqədar aparılacaq işlər Türkiyənin müdafiə sənayesindəki təcrübəsini Azərbaycana ötürməklə həm bölgə üçün məşğulluq imkanları yaradacaq, həm də ortaq müdafiə sahəsi yaradacaqdır. Atılan bu addımlar isə Türkiyənin Azərbaycanın yanında olması barədə deyilənlərin sözdən əmələ keçərək konkretləşməsi deməkdir.
Ona görə də qəti əminliklə deyə bilərik ki, Türkiyə-Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda yeni bir reallıq yaradıb. Bölgədəki heç bir güc bu reallığa məhəl qoymadan uğur qazana bilməz. Azərbaycan bunu 23 saatdan bir az çox davam edən lokal antiterror tədbiri ilə, Türkiyə prezidenti isə BMT Baş Assambleyasında bu reallığı açıq şəkildə ifadə etməsi ilə təsdiq etdi.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts