“Türk mənşəli arxaizmlər lüğəti” Azərbaycan dili tarixinin öyrənilməsi üçün zəngin material mənbəyidir

Tokio, 18 may , /AJMEDIA/

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsində ilyarım ərzində böyük həcmli işlər görülüb. Əməkdaşların gərgin əməyi sayəsində 3 cildlik “Türk mənşəli arxaizmlər lüğəti” (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında) tərtib olunub. Əsərin I cildi çapdan çıxıb, III cildi nəşrə hazırdır, II cildi üzərində isə redaktə işləri gedir. Lüğətə arxaizmin bütün növləri daxil edilib. Əsər Azərbaycan dili tarixinin leksikologiya, semasiologiya, sintaksis, morfologiya, fonetika sahələri üçün zəngin material mənbəyidir. Belə ki “Türk mənşəli arxaizmlər lüğəti”ndə sözlərin tarixi xronologiyası tətbiq edildiyindən həm məna inkişafını, həm də işlənmə intensivliyini aşkar izləmək mümkündür.

AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycan dilinin tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərova bildirib. “Mənim rəhbərliyim və tərtibçi kimi iştirakımla şöbənin əməkdaşları – professorlar Qəzənfər Kazımov və Sevil Mehdiyeva, dosentlər Vahid Adilov, Vahidə Cəfərzadə, Teyyub Quliyev, Aynur Paşayeva və Türkan Əsgərova, filologiya üzrə fəlsəfə doktorları Reyhan Mədətova, Aynur Mahmud və Elnurə Abbasova, elmi işçi Rəxşanə Babazadə həm əlyazmalardan, həm də müasir dövrdə transfoneliterasiya olunmuş əsərlərdən istifadə edərək bu tarixi lüğəti tərtib ediblər. Lüğətin hazırlanmasında ümumilikdə 60-dan çox müəllif və tərcümə əsərlərindən nümunələr toplanıb. Həmin mənbələr “Kitabi Dədə Qorqud”un Drezden nüsxəsindən tutmuş XVIII əsrə qədərki yazılı abidələri – “Dastani-Əhməd Hərami” (XIII), İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” lüğəti (XIII), Qul Əlinin “Qisseyi-Yusif” poeması (XIII), Qazi Bürhanəddinin “Divan”ı (XIV), Mustafa Zəririn “Fütuhüş-Şam”, “Yüz hədis və yüz hekayə”, “Siyərün-Nəbi”, “Yusif və Züleyxa” adlı tərcümə əsərləri (XIV), Dədə Ömər Rövşəni (XV), Şirazinin tərcümə əsəri “Gülşəni Raz” (XV), Şah İsmayıl Xətai (XVI), Məsihinin “Vərqa və Gülşa” əsəri (XVII), Molla Pənah Vaqif (XVIII), Nişat Şirvani (XVIII), Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türk” risaləsi (XVIII) və s. nəzm və nəsr əsərlərini əhatə edir”, – deyə şöbə müdiri bildirib.

O qeyd edib ki, şöbədə 2023-cü ildən etibarən orta əsr Azərbaycan yazılı abidələrinin elektron bazası yaradılıb. Bu bazaya həm əlyazmaların, həm də transfoneliterasiya olunmuş çap əsərlərinin pdf-ləri yerləşdirilib. Bundan başqa, türkologiya sahəsində məşhur olan qədim və müasir lüğətlərin elektron versiyaları şöbə əməkdaşlarının rahat istifadəsi üçün bir yerə toplanılıb.

“Azərbaycan dilinin tarixi şöbəsinin bazasında ümumilikdə 300-ə yaxın material vardır. Bu bazanın yaradılmasında dosent Teyyub Quliyevin zəhmətini xüsusi qeyd etmək lazımdır. İlyarım ərzində böyük əzmlə çalışıb 3 cildlik lüğət ərsəyə gətirə bilən şöbə əməkdaşları hazırda Azərbaycan dilinin tarixi fonetikası və morfologiyası, yazılı abidələrin fonetik və morfoloji xüsusiyyətləri mövzusunda tədqiqat aparırlar”, – deyə X.Heydərova fikrini yekunlaşdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts