Turizmin inkişafı üçün potensial imkana malik Babazanlının mineral bulaqları

Tokio, 22 mart , /AJMEDIA/

Respublika ərazisində 1000-dən çox mineral bulaq var ki, onların da çox hissəsi dağlıq ərazilərin payına düşür. Buna baxmayaraq, ölkəmizin düzənlik sahəsində mineral bulaqlar da mövcuddur. Salyan rayonu ərazisində olan Babazanlı adlı yüksəklikdəki mineral bulaqlar da müalicəvi xarakter daşıyır.

AJMEDIA xəbər verir ki, Babazanlı, Babazənən və Babazanan adları ilə tanınan məkan Kür çayının Xəzər dənizinə töküldüyü yerə yaxın ərazidə, hündürlüyü 42 metrə çatan yüksəklikdə yerləşir. Buradakı mineral su mənbələri bir çox xəstəliklərin müalicəsində olduqca faydalıdır. Xüsusilə baş ağrısı, oynaq ağrıları və digər ağrılara qarşı müalicədə bulağın effektli təsiri var. Mineral bulaqların mövcud olduğu yer rayon mərkəzindən 8 kilometrə yaxın məsafədə yerləşir. Həmin bulaqlardan biri də Ayranlıdır.

Tarixçi-tədqiqatçı Sahib Həsənovun sözlərinə görə, neft mənşəli Ayranlı bulağı illərdir yerin təkindən qaynayaraq çıxır. Xüsusilə yay aylarında ərazidə yerləşən digər müalicəvi isti sularda olduğu kimi, Ayranlı bulağa da üz tutanların sayı çox olur. Olduqca müalicəvi əhəmiyyətə malik bulağın suyu baş, oynaq ağrıları, radikulit və digər xəstəliklərə qarşı faydalıdır. Araşdırma və tədqiqat işləri aparılan zaman Ayranlı bulağının kimyəvi tərkibi öyrənilib, çox böyük müalicəvi əhəmiyyəti olduğu təsdiqlənib. Həmçinin alman geoloqu German Vilhelm Abixin XIX əsrin 60-cı illərində Qafqaza səfərindən sonra dərc etdiyi məqalədə də Babazanlı mineral bulaqları haqqında məlumatlar yer alıb. Ərazidə Ayranlı bulağı ilə yanaşı, Şır-şır, İstisu, Kükürdlü su adı ilə tanınan mineral bulaqlarda yerləşir.

Qeyd edək ki, Babazanlı dağlarında hidrogen-sulfidli, metanlı, xloridli və kalsiumlu isti və soyuq mineral su bulaqları var. Uzun müddət davam edən yay fəsli, mülayim isti iqlim şəraiti bu mineral sulardan ilin böyük hissəsində uğurla istifadə etməyə imkan verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts