Tokio, 16 dekabr , /AJMEDIA/
Dekabrın 16-da Tokionun mərkəzində yerləşən möhtəşəm Ueno parkında ilk dəfə “Azərbaycan festivalı” başlayıb.
AJMEDIA xəbər veirir ki, Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və Yaponiyanın “BMI Company Limited” qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilən festival Tokio sakinləri və Yaponiya paytaxtının qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Tokionun nəhəng Ueno istirahət və əyləncə parkında festival iştirakçılarını əvvəlcə diaspor təşkilatımızın sədri Xəlil bəy Kələntər salamlayıb. O bildirib ki, ilk dəfə təşkil olunan festivalın əsas məqəsədi Yaponiya paytaxtının sakinlərinə qədim və zəngin Azərbaycan mədəniyyəti barədə ətraflı məlumatların çatrırılmasıdır. Tədbir iştirakçılarına Azərbaycan haqqında ətraflı məlumat verən Xəlil bəy bildirib ki, Xəzər dənizinin sahillərində yerləşən və qədim türk yurdu olan ölkəmiz son illər qazandığı böyük nailiyyətlər, Avropanın enerji təhlükəsizliyində oynadığı rol, cəmi 44 gün çəkmiş və Ermənistan tərəfindən 30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan torpaqlarımızın tam azad edilməsi ilə nəticələnən Vətən müharibəsindəki böyük Zəfərlə yalnız Yaponiyada deyil, bütün dünyada çox yaxşı tanınıb. Tamaşaçılara Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə apardığı nəhəng bərpa və quruculuq işləri, burada yaradılan yeni infrastruktur, bərpa edilən şəhər, qəsəbə və kəndlər, Böyük Qayıdış proqramına uyğun olaraq məcburi köçkünlərin sürətlə öz ata-baba yurdlarına qayıtması haqda da ətraflı məlumat verilib.
Xəlil bəy Kələntər həmçinin qeyd edib ki, festival zamanı qonaqlara Azərbaycan mətbəxinin nümunələri təklif olunur, milli geyimlərimiz nümayiş etdirilir, Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi haqqında məlumatlar çatdırılır.
Ümumilikdə iki gün davam edəcək festival günlərində Ueno parkını ziyarət edən Tokio sakinlərinə həm milli yeməklərimiz, həm Azərbaycan şərabları və digər qida məhsulları ilə yanaşı, milli rəqslərimiz də təqdim olunur. Festivalda “Lotos Kələbək” rəqs qrupunun, həmçinin saz, ud və tarda ifası ilə artıq Yaponiyada yaxşı tanınmış Kiyoşi Ohiranın qrupunun çıxışları təqdim olunur. Qonaqlara ğlkəmiz barədə məlumat nəşrləri paylanır.
Vüqar Ağayev