Tokioda “II Dağlıq Qarabağ Müharibəsi: Azərbaycan diplomatiyasından regional problemlərədək” mövzusunda təqdimat keçirilib

Tokio, 10 sentyabr , /AJMEDIA/

Tokio Xarici Dillər Universitetində təşkil edilən “II Dağlıq Qarabağ Müharibəsi: Azərbaycan diplomatiyasından regional problemlərədək” mövzusunda onlayn təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
AJMEDIA xəbər verir ki, Yaponiyada keçmiş Sovet İttifaqı və Qafqaz regionu üzrə tanınmış mütəxəssis, Keyo Universitetinin siyasi idarəetmə fakültəsinin professoru Yoko Hirosenin mühazirə ilə çıxış etdiyi tədbirdə müxtəlif universitetlərin mütəxəssisləri, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı və Azərbaycan-Yaponiya Dostluq Mərkəzini rəhbərliyi iştirak ediblər.
Təqdimatda 1988-ci ilin əvvəllərində başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, keçmiş Sovet İttifaqının dağılmasından sonra münaqişənin daha da qızışması, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın yeddi rayonunu işğal etməsi barədə ətraflı məlumat verən yapon professor, nəticədə Azərbaycanın 20 faiz ərazisinin işğal edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin ərəfədə Ermənistanda yaşayan təqribən 345 min azərbaycanlı ata-baba yurdlarını tərk etməyə məcbur edilib. Bildirib ki, 1994-cü il mayın 12-də atəşkəs barədə razılıq əldə edildikdən sonra ermənilər həmin ərazidə heç bir dövlət və beynəlxalq qurum tərəfindən qəbul edilməyən “dövlət” yaradıldığını elan ediblər. Ötən dövrdə ermənilər tərəfindən aparılan etnik təmizləmədən sonra ərazidə yaşayan bütün azərbaycanlılar doğma yurdlarından didərgin düşüblər. Nəticədə Azərbaycanda sayı bir milyona çatan qaçqın və məcburi köçkünlərdən ibarət evsiz insanlar dəstəsi yaranıb. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının ərazidən çıxarılması barədə dörd qətnaməsinə və ATƏT-in Minsk qrupunun cəhdlərinə baxmayaraq, münaqişə dondurulmuş şəkildə 2020-ci ilin sentyabrınadək davam edib. 2016-cı ilin aprelində hücuma keçən Azərbaycan ordusu kiçik bir ərazini qaytarmağa nail olub. Təqdimatda 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri barədə də məlumat verilib.
2020-ci il sentyabrın 27-də başlayan II Dağlıq Qarabağ müharibəsindən bəhs edən Y.Hirose bildirib ki, həmin ərəfədə Azərbaycanın beynəlxalq nüfuzunun artması, Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz edilməsi və Azərbaycan xalqının güclü dəstəyi nəticəsində tarixi baxımdan çox qısa zaman kəsiyində bu ölkə böyük Qələbə qazanıb. Eyni zamanda, Azərbaycanın ədalətli mövqeyinin bir sıra dövlətlər, xüsusən də qonşu ölkələr tərəfindən dəsətəklənməsi, I Qarabağ müharibəsində Ermənistanı dəstəkləyən ölkələrin neytral qalması da müharibənin gedişinə təsir göstərib.
I və II Qarabağ müharibələri arasında fərqə toxunan professor bildirib ki, son müharibə Azərbaycanın həm müasir silahlar, həm kiber əməliyyatlar, həm də operativ informasiya yaymı qabiliyyətinin böyük üstünlüyü ilə diqqəti cəlb edib. Nəticədə düşmənin həm döyüş texnikası, həm də canlı qüvvəsi məhv edilib. Vurğulayıb ki, erməni diasporunun yardımı ilə alınan yeni silahlar belə Azərbaycan Ordusunun mübarizə əzminin qarşısında zəif qalıb. Həmçinin ermənilərin bütün dünyadakı məşhur şəxslərini təbliğat işinə qoşmalarına baxmayaraq, artıq dünya ölkələrində möhkəmlənmiş Azərbaycan diasporu burada da üstünlük qazanıb. Qeyd edib ki, noyabrın 8-də Azərbaycan əsgərlərinin Şuşanı azad etməsi ilə Dağlıq Qarabağın Ermənistanla əlaqəsi kəsilib və bu dövlət müharibədə məğlub olduğunu etiraf etməyə məcbur olub. Noyabrın 10-da Moskvanın təşəbbüsü ilə üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla müharibə sona çatıb.
Təqdimatda ümumilikdə 9 bənddən ibarət olan üçtərəfli bəyanatın məzmunu barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, bu sənəd Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsinin birbaşa təsdiqidir. Professor bu qələbənin Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdığını, beynəlxalq əhəmiyyətli yeni nəqliyyat dəhlizlərinin açılması üçün imkanlar yaratdığını xüsusi qeyd edib. Bildirib ki, ötən əsrin 80-ci illərinin sonunadək fəaliyyət göstərmiş Bakı-Naxçıvan dəmir yolu xəttinin yenidən qurulması çox böyük vəsait tələb etsə də, onun bərpası böyük iqtisadi və geosiyasi mənfəət gətirəcək.
Yapon professor, müharibə nəticəsində Azərbaycanın qazandıqları və Ermənistanın itirdikləri, həmçinin qonşu ölkələrin, xüsusən Rusiya, Türkiyə və İranın bu müharibəyə təsiri barədə fikirlərini də iştirakçıların diqqətinə çatdırıb.
Təqdimatda müharibənin dayanmasından sonra baş verən proseslər, sülh müqaviləsinin imzalanması ilə bağlı tərəflər arasında Avropa İttifaqının və Rusiyanın iştirakı ilə keçirilən görüşlər, Azərbaycan hökumətinin Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə iddia qaldırması barədə də ətraflı bəhs olunub. Qeyd edilib ki, müharibədən sonra Azərbaycanı çox böyük layihələrin həyata keçirilməsi gözləyir. Buraya həm erməni qoşunları tərəfindən basdırılmış çoxsaylı minaların təmizlənməsi, dağıdılmış şəhər və kəndlərin, eyni zamanda infrastrukturun bərpası, qaçqınların öz doğma yurdlarına qayıtmasının təşkili kimi vəzifələr daxildir. Bildirib ki, Qarabağ ərazisindəki ermənilərin orada yaşaması məsələsinə gəlincə tərəflər arasında razılaşma nöqtəsini tapmaq və problemin tam həllinə nail olmaq lazımdır.
Təqdimatdan sonra iştirakçıların sualları professor Y.Hirose tərəfindən ətraflı cavablandırılıb, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərin xahişi ilə bu gün mövcud olan Ermənistan dövlətinin və onun paytaxtı Yerevan şəhərinin keçmiş Azərbaycan torpaqları olduğu qeyd edilib.
Təqdimat zamanı mövzu ilə bağlı çoxsaylı fotolar və cədvəllər də iştirakçılara təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts