Tokio, 9 Oktyabr, /AJMEDIA/
Oktyabrın 7-də Yaponiyanın paytaxt regionunda baş vermiş güclü zəlzələ nəticəsində soydaşlarımızdan xəsarət alanlar barədə məlumat daxil olmayıb.
AJMEDIA-nın xüsusi müxbiri xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib. “Səfirliyə zəlzələ nəticəsində xəsarət alan soydaşlarımız barədə məlumat daxil olmayıb”, – deyə diplomatik nümayəndəliyimizdən bildiriblər.
Xəbər verdiyimiz kimi, bir gün əvvəl baş vermiş 5,9 bal gücündə zəlzələ nəticəsində 52 nəfər xəsarət alıb. Onların çoxu yeraltı təkanlar zamanı yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıblar. Yalnız üç nəfərin aşan mebellərin altında qalması nəticəsində müxtəlif dərəcəli sınıqlar və digər ciddi xəsarətlər aldığı bildirilir.
Son məlumatlara görə, paytaxt regionunda qatarların əksəriyyətinin fəaliyyəti bərpa edilib. Lakin səhər vaxtı, pik saatlarında qatarların hərəkətində yaranan fasilələr səbəbindən 130 min sərnişinin işə gecikdiyi qeyd edilir.
Baş nazir Fumio Kişida zəlzələ ilə əlaqədar informasiyaların toplanması üçün xüsusi qərargahın yaradılması və xəsarət alanlara yardım göstərilməsi barədə tapşırıq verib.