Tokio, 07 iyul, /AJMEDIA/
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra Azərbaycanın suverenliyi tam şəkildə təmin edilib və bu dövrdən etibarən mədəniyyət siyasətinə də yeni yanaşma formalaşıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası və reinteqrasiyası sahəsində kompleks tədbirlər həyata keçirilir. Bu ərazilərdə yerləşən tarixi və mədəni abidələrin inventarlaşdırılması, mühafizəsi və bərpası ilə bağlı ardıcıl işlər görülür. Bu çərçivədə mədəniyyətin bütün sahələrini əhatə edən islahatlar dərinləşdirilib. Yeni yanaşma mədəni irsə yalnız tarixi yaddaş nümunəsi kimi deyil, həm də sosial və iqtisadi inkişafın əsas komponentlərindən biri kimi yanaşmanı özündə ehtiva edir.
AJMEDIA xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən ictimai dinləməsi zamanı söyləyib.
O, ölkəmizdə mədəni irsinin qorunması, idarə olunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar və qarşıya qoyulan strateji hədəflər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mədəniyyət sahəsi xüsusi yer tutur: “Tarixi abidələrin, maddi-mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Onun bu istiqamətdə verdiyi tapşırıqlar əsasında qarşıya yeni strateji vəzifələr qoyulub və prioritet istiqamətlər müəyyən edilib”.
“Mədəni irs Azərbaycanın milli kimliyinin ayrılmaz hissəsidir və bu sahəyə yanaşma da dövrün tələblərinə uyğun olaraq yenilənib. Mədəniyyət Nazirliyi olaraq qarşıya qoyulan strateji məqsəd milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, bu irsin beynəlxalq miqyasda tanıdılması və UNESCO kimi qurumlarla əməkdaşlığın daha da gücləndirilməsidir”, – deyə nazir bildirib.