Taqib Şaker: Prezident İlham Əliyev yalnız müdrik dövlət xadimi deyil, həm də mahir diplomat və qalib sərkərdə olduğunu göstərdi

Tokio, 12 Oktyabr, /AJMEDIA/

Azərbaycan Prezidenti İlham Əliyev yalnız müdrik dövlət xadimi deyil, həm də mahir diplomat və qalib sərkərdə olduğunu göstərdi.

Bunu bir il əvvəl Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qazandığı parlaq Qələbəni şərh edən “Utusan Malaysiya” qəzetinin beynəlxalq xəbərlər şöbəsinin əməkdaşı Taqib Şaker AJMEDIA-ya müsahibəsində deyib.

Malayziyalı jurnalist bildirib ki, Prezident İlham Əliyev yalnız Azərbaycan xalqının müdrik lideri deyil, həm də onun qəlbində əbədi yer qazanmış əsl rəhbər kimi özünü bütün dünyaya sübut etdi. Məhz bu xüsusiyyətləri sayəsində Azərbaycan Prezidenti xalqı ətrafında bir yumruq kimi birləşdirərək işğalçı Ermənistana yerini göstərdi.

“Qanlı müharibədən yayınmaq mümkün idi”, – deyən T.Şaker bunun üçün BMT başda olmaqla, bütün dünyanın Ermənistana təzyiq göstərməli, onu işğal olunmuş əraziləri qeyd-şərtsiz azad etməyə çağırmalı, eyni zamanda, qəsbkar ölkəni buna məcbur etməyin yollarını tapmağın zəruri olduğunu vurğulayıb. Bildirib ki, Ermənistan Azərbaycanın diplomatik uğurlarını, yürütdüyü xarici siyasətin qazandırdığı dividendləri görməli, qonşu dövlətin sürətlə artan nüfuzundan və iqtisadi qüdrətindən çəkinməli idi. Başa düşməli idi ki, dünyanın heç bir dövləti bu işğalçı ölkəyə dəstək verməyəcək. Məhz bu, Ermənistan üçün sarsıdıcı zərbə oldu.

Azərbaycan isə əksinə, bütün dünyaya nəinki yalnız xalqın sonsuz Vətən sevgisini göstərdi, həm də qəlbi işğal altında olan torpaqların azad edilməsi ilə arzusu yanan gənclərin sarsılmaz rəşadətini, qəhrəmanlığını nümayiş etdirdi. Vətən torpaqları naminə canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmək bu gənclər üçün ən böyük motivasiyaya çevrildi. Təsadüfi deyil ki, bu gün qəhrəman Azərbaycan Ordusunun döyüş qabiliyyəti, müasir silahlardan məharətlə istifadə etmək bacarığı dünyanın ən aparıcı hərbi məktəblərində öyrənilir. Bu igidlərin qəhrəmanlığı heç vaxt unudulmayacaq və onların adı Azərbaycanda ən yüksək səviyyədə daim xatırlanacaq.

Ermənilərin ağır məğlubiyyətinə səbəb olan bir neçə amilə diqqət çəkən Taqib Şaker deyib: “Bu məğlubiyyət bir neçə amillə bağlı idi. İlk növbədə, onların törətdikləri bütün təxribatlar özlərinə qarşı çevrildi. Ermənilər düşünürdülər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, bu dəfə də Azərbaycanı üstələyə biləcəklər. Lakin müharibənin gedişi göstərdi ki, onlar yanılırlar və bundan sonra Azərbaycanın qarşısında heç vaxt duruş gətirə bilməyəcəklər”.

Müharibədən sonra dünyanın bir çox telekanallarının, o cümlədən Malayziya kütləvi-informasiya vasitələrinin ermənilərin işğal etdiyi ərazilərdə törətdiyi vandalizm, yaşayış məskənlərini, sosial obyektləri, dini və tarixi abidələri dağıtması, müqəddəs yerləri təhqir etməsi barədə materiallar yaydığını qeyd edən malayziyalı jurnalist bildirib ki, bu, ermənilərin yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşı hədsiz nifrətini bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyət bütün bunlardan lazımi nəticə çıxarmalı və qəsbkar ölkə bir daha heç vaxt kimdən dəstək almamalıdır. Bunun üçün dünya mətbuatı Ermənistanın bu cinayətləri barədə daha çox informasiya yaymalıdır.

Vətən müharibəsində Azərbaycanın böyük Qələbəsinin regionda yeni reallıqlar yaratdığını qeyd edən T.Şaker bildirib ki, Ermənistan aldığı bu dərsdən düzgün nəticə çıxarmalı, başqasının torpaqlarına bir daha göz dikməməlidir. Əksinə, yaranmış imkandan faydalanaraq, regionda həyata keçirilən iqtisadi layihələrə qoşulmalı və erməni xalqının rifah halını yaxşılaşdırmağa, sülh və sabitliyin davamlı olmasına çalışmalıdır. Əks halda, gələcək Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Malayziyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini xatırladan jurnalist vurğulayıb: “Azərbaycandan nə qədər uzaq olsa da, dualarımız və dəstəyimiz daim onunladır. Bu Zəfər yalnız dost Azərbaycanın deyil, həm də Malayziyanın, malay xalqının qələbəsidir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts