Tahir Budaqov: Zərifə xanım Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir

Tokio, 28 aprel , /AJMEDIA/

Zərifə xanım Əliyeva tibb elminin oftalmologiya sahəsində səmərəli fəaliyyəti və müstəsna xidmətləri ilə fərqlənib. Bir çox ilklərin müəllifi olan Zərifə xanımın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm sahəsində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar müəllifi kimi yadda qalıb.
AJMEDIA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Nəsillərə nümunə olan ömür yolu” adlı tədbirdə deyib.
Tahir Budaqov qeyd edib ki, Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən yüksək mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alimdir. 150-dən artıq elmi əsərin müəllifi olan akademik SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi səmərəli fəaliyyət göstərib, respublika “Bilik” Cəmiyyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti idarə heyətlərinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub. Bütün bunlar görkəmli alimin ictimai fəaliyyətinin də ölkəmiz üçün nə qədər faydalı və önəmli olduğunu göstərir.
“Zərifə xanım Əliyevanın vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi nəsillərə nümunə olması da Azərbaycan xalqının yaddaşına əbədi həkk edilib. Azərbaycan qadınlarına məxsus ləyaqətli və şərəfli ömür yaşamış Zərifə xanım xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq Prezident İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirib. Heç şübhəsiz, övladının yüksək məqama çatması, Vətən naminə dəyərli və faydalı işlərə imza atması hər bir valideynin ülvi arzusudur. Heydər Əliyev məktəbindən dərs alan, Zərifə Əliyevanın qayğısı ilə böyüyən İlham Əliyev Prezident, Müzəffər Ali Baş Komandan kimi Azərbaycana möhtəşəm uğurlar qazandıraraq, ölkəmizi tərəqqi və Zəfər zirvəsinə yüksəldərək həm ata vəsiyyətini, həm də Vətənə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirib. Bu səbəbdən Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ruhu şaddır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts