Tahir Budaqov: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri partiyalararası münasibətlərin də güclənməsinə şərait yaradıb

Tokio, 2 mart , /AJMEDIA/

Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələri, eləcə də hər iki ölkənin dövlət başçılarının dünyaya nümunə olan şəxsi münasibətləri partiyalararası əlaqələrin də güclənməsinə şərait yaradıb.

Bu fikirləri müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ifadə edib.

O deyib: “Yeni Azərbaycan Partiyası ilə AK Parti arasında Əməkdaşlıq Protokolu 2021-ci il iyunun 2-də imzalanıb. Artıq müqavilənin icrası istiqamətində ardıcıl işlər aparılır. İldə bir neçə dəfə AK Parti ilə Yeni Azərbaycan Partiyasının nümayəndə heyətlərinin görüşləri keçirilir. Əməkdaşlıq Protokoluna uyğun olaraq həyata keçirilən tədbirlər müzakirə olunur, qarşıda duran məsələlər müəyyən edilir.

Artıq bizim partiyalararası əlaqələrimizdə ötən il daha bir səhifə açıldı. Şimali Kipr Türk Cümhuriyyətində YAP, AK Parti və Ulusal Birlik Partiyası arasında üçtərəfli Anlaşma Memorandumu imzalandı”.

Antalya Diplomatiya Forumunun artıq beynəlxalq müstəvidə əhəmiyyətli siyasi platformaya çevrildiyini diqqətə çatdıran Tahir Budaqov əlavə edib: “Burada müzakirə olunan məsələlər bu gün bütün bəşəriyyəti narahat edən problemlərdir. Təbiidir ki, bu proseslərdə siyasi partiyaların da rolu çox önəmlidir. Biz əvvəlki forumlara da dəvət almışdıq. Bu il də partiyamızın nümayəndə heyəti olaraq forumda iştirak edirik. Tədbirin ilk günündə Türkiyənin vitse-prezidenti ilə görüşümüz oldu. Bu gün bir sıra digər görüşlərimiz də var. Təbii ki, bu görüşlər bizim gələcəkdə dövlətlərarası münasibətlərimizə iqtidar partiyalarının verə biləcəyi töhfələri və bundan sonra atacağımız addımları müzakirə etməyimiz üçün də bir imkandır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts