“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir

Tokio, 29 may , /AJMEDIA/

Bakı şəhəri uşaq musiqi və incəsənət məktəbləri arasında yaradıcılıq və mədəni mübadilənin təşviqinə yönəlmiş, eyni zamanda şəhər sakinləri və qonaqların zövqünü oxşayan “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir.

Mədəniyyət Nazirliyindən AJMEDIA-ya bildirilib ki, layihənin əsas məqsədi şəhərin müxtəlif məkanlarında (açıq havada) paytaxtın musiqi və incəsənət məktəbləri şagirdlərinin ifasında konsert proqramları təşkil etmək, gənc musiqiçi, rəssam və rəqqasların öz istedadlarını nümayiş etdirməkləri üçün şərait yaratmaq, eyni zamanda şəhərin mədəni mühitinə özünəməxsus rəng qatmaqdır.

May–iyun aylarını əhatə edən layihə çərçivəsində təşkil olunacaq tədbirlərdə Bakı şəhərinin 20-dək musiqi və incəsənət məktəbinin şagirdlərinin iştirakı planlaşdırılır. Silsilə tədbirlərin açılış konserti Bakı şəhəri Fəvvarələr meydanında baş tutub.

Dünyanın bir çox paytaxt şəhərlərində ənənəvi olaraq şəhərin incəsənət kollektivləri açıq səhnə təqdimatları ilə özünəməxsus kolorit, fərqli ab-hava və baxımlı sənət nümunələri nümayiş etdirirlər. Bu da daha geniş ictimaiyyətlə canlı təmas və fərqli təqdimat üçün əlverişli imkan yaradır.

Belə təcrübədən faydalanaraq Bakı şəhərinin musiqi və incəsənət məktəbləri, mədəniyyət könüllülərinin iştirakı ilə paytaxtımızın mədəni mühitinin zənginləşməsinə töhfə verəcək, habelə şəhər sakinləri və paytaxta təşrif buyurmuş qonaqların zövqünü oxşayacaq layihəni reallaşdırırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts