Tokio, 25 avqust, /AJMEDIA/
“2024-2025-ci tədris ili üçün Azərbaycanda ali məktəblərə tələbə qəbulunun nəticələri elan olunub. Ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsinə 82883 nəfər müraciət edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali məktəblərə qəbul olub. Qəbul olanlardan 27117 (o cümlədən 1579 subbakalavr) nəfəri dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə ediblər. Müsabiqənin nəticələrinə görə, keçən ilə nisbətən bütün ixtisas qruplarında keçid ballarının artması müşahidə olunub”.
Bu barədə AJMEDIA-ya açıqlamasında ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev söyləyib.
Təhsil eksperti qeyd edib ki, paytaxtdakı dövlət universitetlərində I qrupun informatika yönümlü (Rİ altqrupu) ixtisaslarında ortalama 40-80 bal ətrafında, II qrupda 30-40 bal, III qrupda (DT altqrupu) 40-60 bal, IV qrup tibb ixtisaslarında və digər prestijli ixtisaslarda 30-50 bal qalxma müşahidə olunub. V qrup üzrə də İdman Akademiyasında və dizayn ixtisaslarında 20-50 bal qalxma müşahidə olunub.
Ramin Nurəliyev vurğulayıb ki, diqqətçəkən məqamlardan biri də Qarabağ Universiteti ilə bağlı olub: “Bu il tədrisə hazır vəziyyətə gətirilmiş, müasir təhsil səviyyəsi və tədris planına uyğun olan universitetin qəbul üzrə keçid balları hamı üçün maraqlı idi. İmtahanlarda yüksək bal toplayan abituriyentlərin Qarabağ Universitetini ilk sıralarda seçməsi, əlbəttə ki, bu ali təhsil ocağına marağın, o cümlədən keçid ballarının yüksək olacağından xəbər verirdi. Belə də oldu. Qarabağ Universitetində hüquqşünaslıq ixtisasının keçid balı Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası ilə eyni səviyyədə oldu. Pedaqoji ixtisaslardan Azərbaycan dili və ədəbiyyatı ixtisasının keçid balı Azərbaycan Dövlət Pedaqoji Universitetinin eyni ixtisasının dövlət sifarişli yerinin balından yüksək oldu. Bu, Qarabağ Universitetinin yüksək nüfuzundan xəbər verir. Birinci ixtisas qrupu üzrə Qarabağ Universitetinə orta qəbul balı 475, ikinci qrup üzrə 396, üçüncü qrup üzrə 531, dördüncü qrup üzrə isə 470 olub. I-IV qruplar üzrə ümumi ortalama bal 467,6 olub. Eləcə də 600 baldan yüksək nəticə göstərən 101 abituriyent Qarabağ Universitetinə qəbul olub. Ən yüksək göstərici 683,8 bal ilə hüquqşünaslıq ixtisasında olub.
Ehtimal olunur ki, növbəti illərdə balların yüksəlişi artan templə davam edəcək və Bakıdakı dövlət universitetləri ilə Qarabağ Universiteti davamlı rəqabət halında olacaq”.