Tokio, 12 mart , /AJMEDIA/
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, “Qürur” şəhid ailələri Xeyriyyə İctimai Birliyi, Milli Kino Mərkəzi və Telman Abbasov adına 225 saylı tam orta məktəblə birlikdə Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirdilər.
AJMEDIA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Sonra Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamladı və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Milli Kino Mərkəzinin rəhbəri Musazadə Kəmalə “Şuşalı şəhid” filmi haqqında məlumat verdi. Bildirdi ki, film Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsu Qəmbərov Ramiz Bulud oğlu haqqındadır. Sonra sənədli film nümayiş olundu.
Yasamal rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi. Şəhid ailələrinə göstərilən dövlət qayğısından danışdı və belə filmlərin, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rolundan bəhs etdi.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova bu gün azadlığımız, zəfərimiz üçün canından keçən şəhidlərimizin qarşısında baş əydiyini, onların ailələrinə səbr dilədiyini söylədi. Tədbirdə həmçinin Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin və Yasamal rayon Qadınlar İctimai şurasının sədri Mehriban Abdullayeva çıxış edərək şəhid ailələrinə baş sağlığı verdi.
Tədbirin bədii hissəsində Telman Abbasov adına 225 saylı tam orta məktəbin nəzdində kiçik Akademiyanın üzvləri Zəfərlə bağlı şeirlər səsləndirdilər. Kiçik Akademiyanın üzvü Anar Əlimərdanov Xocalı haqqında rep ifa etdi. Pianinoda Esmira Hüseynovanın müşaiyəti ilə şagirdlər “Yaşa mənim Xalqım” mahnısını ifa etdilər. Daha sonra, 225 saylı tam orta məktəbin direktor müavini Zemfira Musalova çıxış edərək şeirlər söylədi.
Sonda şəhid Ramiz Qəmbərovun qardaşı Hafiz Qəmbərov çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.