Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasına mühüm təsir göstərəcək

Tokio, 26 iyul , /AJMEDIA/

Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa milli-mədəni dəyərlərimizi yaşatmaqla yanaşı, mühüm iqtisadi, siyasi və humanitar əhəmiyyətə malik tədbirlərin mərkəzinə çevrilməkdədir.
AJMEDIA xəbər verir ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir.
Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ötən həftənin sonunda isə bütün türk dünyasının mədəniyyət rəmzi olan bu şəhərdə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib.
Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin bu beynalxalq tədbirdə 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində beynəlxalq əhəmiyyətə malik məsələlər müzakirə olunub. Dünya miqyaslı media rəhbərləri və mütəxəssislər rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni vasitələr, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və peşəkarlıq, dezinformasiya və feyk xəbərlərlə mübarizə və digər məsələlər müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikirlərini ifadə edib. Bildirib ki, hazırda sülh danışıqlarında müəyyən irəliləyişlər mövcuddur.
Eyni zamanda, dövlətimizin başçısı müdafiə və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirildiyini vurğulayıb. Bunun nəticəsidir ki, bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür. Silahlı Qüvvələrimizin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür”.
Beləliklə, dövlətimizin başçısının Forumun açılış mərasimində iştirak etməsi, yerli və xarici jurnalistlərin suallarını cavablandırması bir daha göstərdi ki, o, hər zaman mətbuata açıqdır, bu sahənin inkişafına hərtərəfli dəstək olur. Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı bildirib ki, işğal dövründə biz hamımız, hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Ölkə Prezidenti bütün 30 ilə yaxın bir müddət ərzində üzləşdiyimiz işğal faktının mətbuatımız tərəfindən daim diqqət mərkəzində saxlanmasını yüksək qiymətləndirərək bildirib ki, mediamız gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında böyük rol oynayıb.
Azərbaycan Prezidentinin də qeyd etdiyi kmii, Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts