“Şuşa İli” çərçivəsində “Vikipediya”da məqalələr yaradılır

Tokio, 12 yanvar, /AJMEDIA/

“Vikipediya”nın xarici dil bölmələrində ölkəmizlə bağlı məqalələrin yaradılması, həmçinin digər məlumatların yeni faktlarla zənginləşdirilməsi və sayının artırılması prosesi sistemli şəkildə davam etdirilir. Bu istiqamətdə “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və ekspertləri Qülamhüseyn Məmmədov, Ayxan Zayıdzadə və Sübhan Xıdırzadə uğurla fəaliyyət göstərirlər. “Şuşa İli” çərçivəsində Şuşada yerləşən Mərdinli məscidi, Mehmandarovların evi, Quyuluq məscidi, Hacı Quluların mülkü, Əsəd bəyin evi və Azərbaycan heykəltaraşı Cəlal Qaryağdı haqqında serb, portuqal, rus, xorvat, fransız, katalan dillərində məqalələr yaradılıb.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Şuşa İli” çərçivəsində “Vikipediya”da xeyli məlumatlar zənginləşdiriləcək, eyni zamanda, Qarabağın tarixinə dair məqalələr diqqətdə saxlanılacaq. Bundan əlavə, onlayn ensiklopediyada Hüseyn Cavidin “Uçurum” faciəsi, xalq mahnısı “Qalanın dibində”, 1904-cü ildən ömrünün sonuna qədər Bakıda fəaliyyət göstərmiş memar Aleksandr Dubov, Cəfər Cabbarlının “Od gəlini” əsəri, “Dəmirçilər” xalçaları, Mirzə Fətəli Axundzadənin “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” komediyası, Zal xan məscidi, “Şah İsmayıl” dastanı, Hüseyn Cavidin “Xəyyam” pyesi, Birinci Türkoloji Qurultay, “Bismillah” filmi (1925), Nizami parkı, Qaraheybət aviasiya poliqonunda helikopter qəzası haqqında ingilis dilində məqalələr yaradılıb. Həmçinin “Nemezis əməliyyatında qətlə yetirilənlər” kateqoriyası, İrəvanda yerləşən Novruzəli bəy məscidi, Zal xan məscidi, Qaraheybət aviasiya poliqonunda helikopter qəzası haqqında türk, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri Məhəmməd Həsən Hacınski barədə isə portuqal dillərində məqalələr yaradılıb.

Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu fəaliyyətə başladığı gündən ölkə daxilində və xaricində bir çox təlimlər keçirib. Bunun nəticəsində isə təlim keçmiş gənclər tərəfindən Azərbaycan və xarici dillərdə olan “Vikipediya”da əsaslı redaktələr aparılıb, çoxsaylı məqalələr yaradılıb. “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts