Tokio, 14 fevral, /AJMEDIA/
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqut Əmirovanın “Sovet dövründə Azərbaycan-Türkiyə münasibətləri” kitabı çap edilib.
Tarix İnstitutundan AJMEDIA-ya bildirilib ki, monoqrafiyada 1920-ci il aprel işğalından sonra yaranan Sovet Azərbaycanı və Türkiyə Böyük Millət Məclisi arasında əlaqələrin təşəkkül tapması, Sovet Rusiyası-Türkiyə diplomatik əlaqələri kontekstində Azərbaycan SSR-in ərazi bütövlüyü problemindən bəhs olunur. Sovet dövlətinin Türkiyə Cümhuriyyəti ilə qarşılıqlı əlaqələrində Sovet Azərbaycanının iştirakı, ikitərəfli münasibətlərdə Türkiyədəki Azərbaycan siyasi mühacirəti amili, Türkiyənin istiqlal mübarizəsində Sovet Azərbaycanının maddi və mənəvi yardımı, SSRİ-Türkiyə iqtisadi əlaqələrində Azərbaycan SSR-in yeri, onun Türkiyə ilə mədəni, elm və təhsil sahələrində əlaqələri nəzərdən keçirilir.